Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 07 noyabr 2010-cu il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALI MƏHKƏMƏSİNİN
RƏYASƏT HEYƏTİNİN
Q Ə R A R I
19 noyabr 2010-cu il Naxçıvan şəhəri
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ramiz Rəhim oğlu Süleymanovun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Əli Kərim oğlu Allahverdiyev və Yusifəli Süleyman oğlu Qurbanovdan ibarət tərkibdə, Azər Yusif oğlu Nuriyevin katibliyi,
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun, sədr müavini Qədimov Əli Tofiq oğlunun, katibi Eyvazov Elnur Həsənəli oğlunun, üzvlər Kazımov Anar Altay oğlunun, Hüseynov Tural Cəmaləddin oğlunun, Həsənov Tural Dünyanur oğlu və Bayramova Vahidə Vahid qızının,
Mütəxəssislər, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Məmmədov Telman Vəli oğlunun, Qurbanov Cavanşir Məmməd oğlunun və Əsgərov Rəhim Əsgər oğlunun iştirakı ilə
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Rəyasət Heyətinin iclasında konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 7 noyabr 2010-cu il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında işə baxaraq hakim Əli Kərim oğlu Allahverdiyevin məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun çıxışını və mütəxəssislərin arayışını dinləyib müzakirə edərək
M Ü Ə Y Y Ə N E T D İ :
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 8.1-ci maddəsinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin « 04 » sentyabr 2010-cu il tarixli Fərmanına əsasən 07 noyabr 2010-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında Ali Məclisə seçkilər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 15 noyabr 2010-cu il tarixdə 45 seçki dairəsinin və 316 məntəqə seçki komissiyasının 7 noyabr 2010-cu ildə tərtib edilmiş seçkilərin nəticələri haqqında protokolları, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 15 noyabr 2010-cu il tarixli SQ-7/2010 nömrəli qərarı və protokolu təqdim edilmişdir.
Təqdim edilmiş seçkilərin ümumi yekunları haqqında sənədlərdə 7 noyabr 2010-cu il tarixdə 45 seçki dairəsi üzrə 316 seçki məntəqəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş seçkilərin nəticələri öz əksini tapmışdır.
Seçkilərin ümumi yekunları haqqında təqdim edilmiş sənədlərdən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər üzrə 45 seçki dairəsi üzrə passiv seçki hüququ olan 140 nəfər Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alınmışdır.
Səsvermə günü Naxçıvan Muxtar Respublikası üzrə 45 seçki dairəsinin 316 seçki məntəqəsində səsvermə keçirilmişdir.
Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respublikası üzrə Ali Məclisə seçkilərin keçirilməsi üçün yaradılmış 45 seçki dairəsini əhatə edən 316 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 256317 seçici ümumi seçici siyahılarına daxil edilmiş, onlardan 174780 nəfəri, yəni 68.2 faizi səsvermədə iştirak etmişdir. Səsvermədə iştirak etmiş seçicilərin 174579 nəfəri bilavasitə seçki məntəqələrində, 201 nəfəri isə qanunun tələbinə uyğun olaraq səsvermə otağından kənarda səs vermişlər. Seçki qutularında aşkar edilən bülletenlərdən 171633 seçki bülleteni, yəni 98.2 faizi etibarlı hesab edilmiş, 3147 bülleten, yəni 1.8 faizi isə etibarsız hesab edilmişdir.
Məntəqələr üzrə seçki günü 21 ədəd korlanmış, 81503 ədəd isə istifadə edilməmiş seçki bülletenləri məntəqə seçki komissiyaları tərəfindən ləğv edilmişdir. Göstərilənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 88-89-cu maddələrinin tələblərinə uyğundur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin yekunlarına dair təqdim olunmuş sənədlərin təhlilindən görünür ki, Muxtar Respublikanın ərazisində yaradılmış 316 seski məntəqəsində 7 noyabr 2010-cu il tarixdə seçkilərin keçirilməsi zamanı aşkarlığı təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanununun 37-41-ci maddələrinin tələblərinə uyğun olaraq namizədlərin vəkil etdiyi 127 nəfər şəxs, 273 nəfər yerli müşahidəçi, həmçinin 33 nəfər beynəlxalq və 32 nəfər müxtəlif siyasi partiyaların müşahidəçiləri seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Ali Məhkəmə tərəfindən tələb edilmiş sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə keçirilmiş seçkilərin nəticələri barədə protokolları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 15 noyabr 2010-cu il tarixli protokolu və onlara əlavə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikasının Qanununa uyğundur.
Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin yekunları təsdiq edilməlidir.
Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti göstərilənlərə əsaslanıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L I R :
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 07 noyabr 2010-cu ildə keçirilmiş 45 seçki dairəsi üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.
2. Qərar elan olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Şərq qapısı» qəzetində dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.
S Ə D R :- RAMİZ SÜLEYMANOV