^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşinin “Müasir dövrdə ədalət mühakiməsi: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda keçirilmiş konfransda çıxışı

Hörmətli Fuad müəllim!

Hörmətli İnam müəllim!

Hörmətli konfrans iştirakcları!

Dəyərli həmkarlar!

Xanımlar və cənablar!

 

 

İlk öncə sizin hər birinizi salamlayaraq, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir dövrdə ədalət mühakiməsi – yeni çağırışlar, yeni imkanlar” mövzusunda kecirilən elmi-praktik konfransın işində iştirakınıza görə təşəkkür edirəm və konfransın işində müvəffəqiyyət arzulayıram.

 

HÖRMƏTLİ TƏDBİR İŞTİRAKÇILARI!

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərlə ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, bununla da cənab Prezidentin dediyi kimi ata vəsiyyəti yerinə yetirilmişdir. Bu da ona göstərilən etimadın bariz nümunəsidir.

Nəhayət bu ilin sentyabrın 19-da silahlı qüvvələrimiz tərəfindən keçirilən antiterror tədbirləri nəticəsində ərazimizdə qanunsuz fəaliyyət göstərən separatçı rejm təslim oldu, qondarma qrumları ləğv olundu. Hazırda ölkəmizə qarşı hərbi cinayətlər törətmiş şəxslər kimliyindən asılı olmayaraq məhkəmə məsuliyyətinə cəlb olunur.

Silahlı qüvvələrimizin keçirdiyi antiterror əməliyyatı nəticəsində ərazimizdə dövlətin tam suverenliyi bərpa olundu, Xankəndi şəhəri başda olmaqla terrorçulardan azad olunan ərazilərdə konstitusiyon təsisatlar formalaşmaqdadır. Bayrağımız bütün ərazimizdə qürurla dalğalanmaqdadır.

Bizlərə yaşatdıqları qürur və fəxarət hissləri üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, qazilərimizə şəfa diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Hər bir xalqı dünya miqyasında tanıdan, milli inkişaf yolunu müəyyən edən vacib meyarlar sırasında şəxsiyyət amili xüsusi yer tutur. Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verərək bu meyarları demokratik inkişafın başlıca amili saymışdır.  Əminliklə söyləmək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin hər iki mərhələsi xalqımızın tarixən can atdığı milli müstəqilliyə qovuşmasında mühüm rol oynamışdır.

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən respublikada dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının məhkəmələrdə maksimum dərəcədə qorunması, liberal dəyərlərin möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı islahatların reallaşdırılmasını təmin etmişdir. Bu mərhələdən ictimai həyatın digər sahələrində olduğu kimi, hüquq sistemində aparılan köklü islahatlar istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatı nəticəsində 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Qeyd etmək lazımdır ki, məhkəmələr hər bir ölkədə qanunların təzahür etdiyi məkandır. Ən primitiv sivilizasiyalardan bu günə qədər, zaman və məkandan, din və mədəniyyətdən asılı olmayaraq, təməl dəyərlər olan yaxşılıq və pislik arasında mübarizə aparan və bu mübarizədə qərarverici mövqedə dayanan  məhkəmə daim cəmiyyətin nəzər nöqtəsində olmuşdur. Müasir dövrdə də məhkəmələrin fəaliyyətinin ədalətliliyi və etibarlılığı cəmiyyətin və dövlətin demokratikliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi və təmininin qiymətləndirilməsinin meyarlarından biri kimi qəbul edilir. Müstəqil və ədalətli məhkəmə hakimiyyəti dövlətin, cəmiyyətin və ayrılıqda hər bir fərdin rifahı üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın hüquq sistemi, onun taleyi ölkəmizin taleyi ilə sıx bağlı olmuş, tarix boyu yaşanmış keşməkeşlər hüquq sistemimizin bir çox dəyişikliklərə məruz qalmasına zəmin hazırlamışdır. Azərbaycanda məhkəmə fəaliyyəti də bu dəyişikliklərdən kənarda qalmamış, müxtəlif tarixi mərhələlərdən keçmişdir. Lakin Azərbaycan hüquq tarixi üçün vacib hesab olunan hadisələrin heç biri ölkəmizdə müstəqilliyin bərpasından sonrakı dövrlə xarakterizə olunan hüquq islahatlarının miqyası ilə eynilik təşkil etmir. Belə ki, həmin dövrə qədərki tarixi reallıqlar müstəqil hüquq islahatlarının aparılmasını istisna etmiş, yaxud dövrün siyasi hadisələri bu qəbildən islahatların başa çatdırılması imkanından məhrum etmişdir. Müstəqilliyin əldə olunmasından sonra insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunmuş, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlanmışdır.  

Ölkəmizdə məhkəmələrin fəaliyyətinin hüquqi əsasları yaradılmış, vətəndaşların ədalət mühakiməsinə çatımlılığının təmini məqsədilə mühüm addımlar atılmışdır. Qeyd etməliyik ki, ölkəmizdə bu istiqamətdə aparılan islahatları bir hüquqşünas və bir vətəndaş kimi hər birimiz diqqətlə izləyir, məhkəmə sisteminin bir mənsubu kimi üzərimizə düşən öhdəliyi yerinə yetirmək üçün ölkəmizdə hüquq təfəkkürünün  inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində fasiləsiz səylərimizi davam etdiririk.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ildən inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Son 20 ildə yeni dövrün tələblərini adekvat şəkildə reallaşdırılan bu islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olmuşdur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli fərmanı isə ölkəmizdə məhkəmə islahatlarının keyfiyyətcə yeni, genişmiqyaslı mərhələsini təşkil etdi.

Həyata keçirilən islahatların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsi də xüsusi vurğulanmalıdır. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) öz hesabatlarında Azərbaycanda hakimlərin seçki və təyinatı sahəsində islahatları bir çox Avropa dövlətlərinə nümunə göstərmişdir. Bundan əlavə, ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin də mükafatçısı olmuşdur.

Bütün bunlar, şübhəsiz, bir başlıca məqsədə - cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmət edir.

Bu gün əminliklə demək olar ki, ölkəmizdə insan amili əsas götürülməklə sistemli şəkildə gerçəkləşdirilən məhkəmə-hüquq islahatları cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının, vətəndaşların qanuni mənafelərinin daha etibarlı qorunmasına xidmət edir. Zamanın aktual çağırışlarına əsaslanan,  ölkəmizin modernləşmə strategiyasının tələblərindən irəli gələn bu islahatlar, eyni zamanda, cəmiyyətdə məhkəmələrin fəaliyyətinə və ədalət mühakiməsinin obyektivliyinə etimadı daha da möhkəmləndirir.

Sonda böyük qürur hissi ilə qeyd etmək istərdik ki, şərəfli inkişaf yolu keçmiş məhkəmə orqanları respublikamızın dinamik müasirləşmə tempinə adekvat olaraq daha da təkmilləşir, yeni-yeni nailiyyətlərə imza atır. Aparılan islahatlar göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, o cümlədən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli dövlətimizin başçısının xüsusi diqqət mərkəzindədir. Ürəkdən inanırıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın məhkəmə sistemi daha da müasirləşəcək, insan hüquq və azadlıqlarının müdafəsi sahəsində bundan sonra da öz sözünü deyəcəkdir.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bu gün məhkəmə orqanlarının əməkdaşları tərəfindən böyük ehtiramla anılır. Parlaq şəxsiyyəti, yüksək mənəvi idealları ilə tanınan Heydər Əliyevin həyat amalı, ilk növbədə, onun cəmiyyətə fayda verməyə, haqq-ədaləti, qanunçuluğu təmin etməyə hesablanmış fəaliyyətində təcəssümünü tapmışdır. Ümummilli Liderin müstəqillik dövründə banisi olduğu mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsi isə keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə etibarlı təminatdır.

 

Diqqətinizə görə təşəkkür edirəm.