^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşinin “Azərbaycanda gender bərabərliyinin təminatçısı Ulu Öndər Heydər Əliyev” mövzusunda keçirilmiş konfransda çıxışı

Hörmətli tədbir iştirakçıları, dəyərli həmkarlar, xanımlar və cənablar,

Öncəliklə hər birinizi salamlayır, cəmiyyətin hər bir fərdinin bərabərliyinin təmini istiqamətində vacib missiyanı üzərinə götürmüş bu tədbirin öz məqsədinə nail olmasını arzu edirəm. İlkin olaraq diqqət çəkmək istədiyim məqam məhz “gender bərbərliyi” məfhumunun mövcudiyyəti ilə bağlıdır. Hüquqi mənada bərabərsizlik mövcud real imkanlar nəzərə alındıqda, qarşısının alına bilməsi imkanlarını özündə ehtiva etməsilə adil olmayan bir fərqlilikdir. Bu səbəblə də qadın və kişi arasında genetik, fizioloji və bioloji xüsusiyyətlərdən qaynaqlanan fərqliliklər gender bərabərsizliyi çərçivəsində dəyərləndirilməlidir. Lakin, bununla bərabər mütləq qeyd etməliyik ki, məhz qadın və kişinin sosial mənada müəyyən edilmiş rol və məsuliyyətləri, onların cəmiyyətdə ümumqəbulolunmuş mövqeləri gender bərabərsizliyinin əsas səbəbi hesab olunmalıdır. Və cəmiyyətin hər iki cinsə qarşı bəzi hallarda amansız gözləntiləri kişiləri də qeyri-real yüklərlə yükləsə də qadınlar bu bərabərsizlikdən tarix boyu daha çox əziyyət çəkən tərəf olmuşdur.

Təəssüf ki, bu tarixi reallıqlar bəşəriyyət üçün utanc mənbəyi hesab olunmalı məqamlardır. 16-cı əsrdə qadının insan hesab olunub-olunmaması ilə bağlı müzakirələrin aparılması faktı belə 21-ci əsrdə hələ də insanlığın gender bərabərliyinin təmin olunması istiqamətində çalışmaq ehtiyacı hiss edəcəyi qədər dərin olan bu problemin tarixi köklərini gün üzünə çıxarır.

Təəssüf hissi ilə qeyd edirəm ki, qadınlar, çox uzun müddət, insan hüquqlarından bərabər istifadə edə bilmədilər. Çünki bizə məlum olan insanlıq tarixinin bir çox mərhələsində dünyanı kişilərlə bərabər miqyasda bölüşmədilər. Onların bir çox hüquqları kimi, peşəkar sahədə bərabər təmsil imkanları da geniş mənada məhdudiyyətə məruz qaldı. Zehni işlə yalnız kişilərin məşğul ola biləcəyi, qadınların elmi fəaliyyət göstərmək üçün kifayət qədər əqli potensiala sahib olmadığı kimi çox yanlış, alçaldıcı və doğurduğu nəticələr etibarilə olduqca zərərli baxış tərzi əsrlər boyu hakim oldu. Bu bərabərsizlik, kəmiyyət və keyfiyyət baxımından cəmiyyətdən cəmiyyətə, dövrdən dövrə fərqlənsə də, mahiyyət etibarilə keçmişdən bu günə qədər tam mənası ilə dəyişə bilməmişdir. Qadınlar, onların statusunun “təbii” deyil, “sosial” qaydalara uyğun olaraq  müəyyən edildiyi gender ayrı-seçkiliyini zamanla dərk etdilər və buna qarşı uzun müddət apardıqları mübarizə öz növbəsində  ümumi insan hüquqlarına dair normativ aktların qadın hüquqlarına dair tənzimləmələrlə tamamlanmasını zəruri etdi.

Danılmaz faktdır ki, Azərbaycanda qadına münasibət tarix boyu hörmətə və diqqətə əsaslanıb. Bununla yanaşı Azərbaycan tarixində qadınların kişilərlə eyni hüquq və azadlıqlara malik olması  dünyada baş verən proseslərə uyğun həyata keçirilib. Azərbaycanda gender bərabərliyinin təmini və təşviqi Ulu Öndər Heydər Əliyev siyasətinin vacib amillərindən biridir. Cinsi ayrı seçkilikdən qaynaqlanan məsələlərin həlli ilə bağlı bir çox qanunların, fərman və sərəncamların qəbulu, beynəlxalq təşkilatların üzvü kimi ölkəmizdə mühüm sənədlərin tətbiqi gender bərabərliyinin həyata keçirilməsi və təminatının inkişafına təkan verib. Ölkəmizdə aparılan gender siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan qadını həm ailədə, həm siyasi həyatda, həm də dövlət quruculuğunda bərabər imkanlardan yararlanır.

Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Gender siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Bu bərabərlik həm qanunlar, həm də bir sıra məcəllələrlə təsbit olunmuşdur.

Ölkəmizdə dövlət gender siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Azərbaycanda insan hüquqlarının qorunması, təbliğ olunması, cəmiyyətdə gender bərabərliyinin təmin olunması üçün belə bir bərabərsizlikdən daha çox əziyyət çəkən tərəf olaraq qadınlara hüquqlarını bərabər şəkildə həyata keçirmələri üçün imkanlar yaradılması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ümummilli lider deyirdi: Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə bizim xalqımıza, millətimizə daim ucalıq gətirir.

Heydər Əliyev ideyalarının  Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ilə Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Ölkəmizdə aparılan uğurlu qadın siyasətinin məntiqi nəticəsidir ki, bu gün qadınlar üçün hər sahədə layiqli şərait yaradılmış, gender bərabərliyinin təminində mühüm nailiyyətlər əldə edilmişdir. Bu gün qadınlarımız cəmiyyətin hər bir sahəsində təmsil olunur.

Lakin, mütləq qeyd etməliyik ki, gender bərabərliyinin təmininin ilk addımı qanunvericiliyin hüquqların bərabərliyinə təminat verəcək şəkildə təkmilləşdirilməsidirsə, digər vacib addım isə bu qanunların heç bir istisnaya yol verilmədən qətiyyətli şəkildə tətbiqidir. Kimliyindən, mövqeyindən və inanclarından asılı olmayaraq cəmiyyətin heç bir fərdi tərəfindən yenə cəmiyyətin heç bir fərdinə qarşı onun qanunla tənzimlənmiş bərabərliyinə təminat verən haqlarının pozulmasına qətiyyətlə yol verilməməli, bu hüquqların pozulması ilə cəmiyyətin nizamına, qanunun aliliyinə qəsd edən hər bir əməl kəskin cəzalandırılmalı, belə hallarda zərərçəkənin bağışlamağa meyilli hərəkətləri diqqətlə öyrənilməli, azad və sağlam  iradənin mövcudluğundan əmin olunmalı, zərərçəkənin  hüquqlarının sonuna qədər müdafiəsinə xüsusilə diqqət yetirilməlidir. Belə ki, təəssüflə qeyd etməliyik ki, ölkəmizdə gender bərabərsizliyinin əksərən və bəzi hallarda zorakılıqla müşahidə olunduğu mühit ailədaxili münasibətlərdir. Bu isə öz növbəsində ailənin məhrəm xüsusiyyəti nəzərə alındıqda kənar müdaxiləni məhdudlaşdırmaqla yanaşı, zərərçəkənin hüquqlarının müdafiəsini də yarımçıq qoya bilir.  Burada vəkillərin öhdəsinə xüsusilə böyük iş düşür.

Sonda qeyd etmək istərdim ki, yaşamaq fəaliyyətdə olmaq deməkdir. Cəmiyyətin bir hissəsi fəaliyyətdə ikən digər hissənin ətaləti həmin cəmiyyəti iflic edər. Cəmiyyətimizin inkişafı üçün onun hər bir fərdinin inkişaf edən sosial həyatda iştirakı, peşəkar mühitin bir hissəsi olması həyati zərurət daşıyır. Mütləq qeyd olunmalıdır ki, bərabərlik eynilik deyil və həyat öz mövcudiyyətini fərqliliklərin vəhdətinə borcludur. Bərabərlik isə fərqliliklərə görə qeyri-bərabər imkan, fürsət və münasibətə məruz qalmağa qarşı daxili bir etirazın məntiqi nəticəsidir.

Diqqətinizə görə təşəkkür edirəm.