^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşinin "Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir" mövzusunda elmi-praktik konfransda çıxışı

 

Hörmətli konfrans iştirakcları!

Dəyərli həmkarlar!

Xanımlar və cənablar!

 

 

İlk öncə sizin hər birinizi salamlayaraq, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda kecirilən elmi-praktik konfransın işində iştirakınıza görə təşəkkür edirəm və konfransın işində müvəffəqiyyət arzulayıram.

 

Hər bir xalqı dünya miqyasında tanıdan, milli inkişaf yolunu müəyyən edən vacib meyarlar sırasında şəxsiyyət amili xüsusi yer tutur. Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman prioritet verərək bu meyarları demokratik inkişafın başlıca leytmotivi saymışdır.  Əminliklə söyləmək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin hər iki mərhələsi xalqımızın tarixən can atdığı milli müstəqilliyə qovuşmasında mühüm rol oynamışdır.

Ümummilli Liderlik zirvəsinə ucalmış böyük strateq Heydər Əliyevin milli müstəqilliyin qazanılması, qanunçuluğun bərpası, demokratik-hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması sahəsindəki misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına əsasən, bu il anadan olmasının 100-cü ildönümü böyük təntənə ilə qeyd edilən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının həm də hüquqi dövlətdə yaşamaq arzusunu reallaşdırmış fenomenal şəxsiyyətdir. Ulu Öndərin xalq qarşısındakı misilsiz xidmətlərinin adekvat qiymətləndirilməsi, ideya və baxışlarının təbliği, gələcək nəsillərə aşılanması və milli ideyanın düzgün istiqamətdə formalaşması baxımından mühüm əhəmiyyətli sənəd olan həmin sərəncamda haqlı olaraq deyilir: “Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir”.

Böyük strateq Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınaraq, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışmışdır. Hələ ötən əsrin 70-ci illərində məhkəmə, prokurorluq, daxili işlər orqanlarında və s. həyata keçirilən köklü kadr dəyişiklikləri, təsərrüfat-iqtisadi xarakterli cinayətkarlığa qarşı mübarizənin sərtləşdirilməsi məqsədilə atılan addımlar, hüquq-mühafizə orqanları əməkdaşlarının mənəvi cəhətdən sağlamlaşırılması, qanun keşikçisi adını daşımağa layiq olmayanların orqanlardan uzaqlaşdırılması Ulu Öndərin cəmiyyətdə qanunçuluğun möhkəmlənməsində, milli ruhlu hüquqşünas kadrların yetişməsində maraqlı olduğunu bir daha təsdiqləyir.

Azərbaycana birinci rəhbərliyi dövründən hüquqşünas kadr hazırlığına böyük əhəmiyyət verən Ulu Öndər bu məqsədlə o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul prosesinin şəffaflaşdırılması istiqamətində prinsipial qərarlar qəbul etmişdir. Həmin dövrdə bəzi neqativ hallar üzündən sıravi vətəndaşların övladlarının hüquq fakültəsinə daxil olması az qala əlçatmaz məsələyə çevrilmişdi. Böyük strateqin qətiyyətli tədbirlərinin nəticəsi olaraq o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsi əvvəlki hörmət və nüfuzunu bərpa etmiş, yüksək səviyyəli hüquqşünas kadrların hazırlığı prosesində aparıcı statusunu qorumuşdur.

Ümumilikdə, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə görülən işlərin – elm, təhsil, səhiyyə, kadr hazırlığı, hüquqi və sosial-iqtisadi sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna zəmin formalaşdırmışdır. Bununla belə, ötən əsrin 80-cı illərinin sonu 90-cı illərinin əvvəlini – Ulu Öndər Heydər Əliyevin rəhbərlik etmədiyi Azərbaycanı göz önünə gətirmək, müəyyən tarixi gerçəkliklərə nəzər salmaq olduqca ağır və üzücüdür. Xüsusən də 1991-1993-cü illlərin gerçəklikləri göstərmişdir ki, müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməyi bacarmalıdır.

Ulu Öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə qətiyyən biganə qalmamış, hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə milli müstəqilliyin qazanılmasında yaxından iştirak etmişdir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar məhz Ulu Öndər Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, Ulu Öndər bu istiqamətdəki vətənpərvər səylərini israrla, əzmlə davam etdirmişdir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından “sovet” və “sosialist” sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada, həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir.

Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Heydər Əliyev fenomeninin siyasi iradəsi, düşüncəsinin dinamizmi, dünyada gedən prosesləri anlamaq, siyasi davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabiliyyəti 1993-cü ilin iyunundan etibarən Azərbaycanı xaos və anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas edib, sabit inkişaf yoluna çıxarmışdır. Böyük strateq iqtisadi hüquqi islahatların paralelliyini təmin etməklə, məhz bu prinsipə əsaslanmışdır ki, hüquqi dövlət insanların birgə fəaliyyətinin təşkili tənzimlənməsinin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın sabitliyin təmini vasitəsidir.

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən respublikada dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının məhkəmələrdə maksimum dərəcədə qorunması, liberal dəyərlərin möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüuarda möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı islahatların reallaşdırılmasını təmin etmişdir.  

Bu mərhələdən ictimai həyatın digər sahələrində olduğu kimi, hüquq sistemində aparılan köklü islahatlar istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyası demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən Ulu Öndər Hüquqi İslahatlar Komissiyasına rəhbərliyi bilavasitə üzərinə götürərək bu islahatların mütəşəkkil və sürətli aparılmasını təmin etmişdir. Qısa müddət ərzində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib, əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən yeni qanun və məcəllələr qəbul edilmişdir. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirilmişdir.

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilmiş, respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş və 1993-cü ildən ölüm hökmü cəzasının icrasına moratorium qoyulmuşdur. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edilmiş, əfv və amnistiya aktlarının geniş tətbiqinə başlanılmışdır. Ölkədə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunmuş, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməsinə başlanılmış, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradılmışdır.

Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmışdır. 1 dekabr 1998-ci il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” fərman əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlərin həlli olmuşdur.

Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin, məhkəmələr üzərində prokurorduq və ədliyyə orqanlarının nəzarəti ləğv olunmuş, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusunun 60 faizi təzələnmişdir. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün, ilk növbədə, milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmişdir.

Tarixi təcrübə göstərir ki, siyasi liderin məharəti ictimai inkişafın mövcud mərhələlərinə uyğun olaraq insanların idarəçilikdə iştirakı formalarını müəyyənləşdirmək bacarığı ilə müəyyən olunur. Ulu öndər Heydər Əliyevin ən layiqli siyasi varisi kimi cəmiyyətə təqdim etdiyi cənab İlham Əliyev dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən iqtisadi, siyasi və hüquqi islahatlar kursunu inamla davam etdirir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi məhkəmə-hüquq islahatlarını 2003-cü ildən inamla davam etdirən və yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin yeniləşdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Son 20 ildə yeni dövrün tələblərinə adekvat şəkildə reallaşdırılan bu islahatların əsas hədəfi məhkəmə-hüquq sistemini müasirləşdirmək, məhkəmə orqanlarının özünüidarə imkanlarını genişləndirmək və ədalət mühakiməsinin səmərəliliyini artırmaq olmuşdur. Bu istiqamətdə mühüm addımlardan biri də “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbulu və həmin qanun əsasında Məhkəmə-Hüquq Şurasının yaradılması olmuşdur. Şuranın 2005-ci ildə fəaliyyətə başlaması ilə məhkəmə sistemində köklü dəyişikliklərə səbəb olan islahatlar geniş vüsət almışdır. Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və digər məsələlərin həlli ötən 18 ildə Şuranın xüsusi diqqət mərkəzində olmuşdur.

Dövlətimizin başçısının müvafiq fərmanları ilə son 15 ildə hakim ştatlarının sayı 3 dəfədən çox artırılaraq 800-ə çatdırılmışdır. Hakimlərin işinin asanlaşdırılması, habelə vətəndaşlara göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədilə məhkəmə aparatı işçilərinin sayının 75 faizdən çox artırılması, hər bir hakimə ayrıca köməkçi ştatının ayrılması islahatlar prosesində mütərəqqi addımlar kimi qeyd edilməlidir. Eyni zamanda, aparılan məhkəmə islahatları nəticəsində artıq hakimlərin ən yüksək həddədək – müddətsiz təyinatı müəyyən olunmuş, bu da onların müstəqilliyini daha da möhkəmləndirmişdir.

Ötən illərdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması tədbirləri çərçivəsində hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə onların əmək haqqı dəfələrlə artmış, o cümlədən yeni təyin olunmuş hakimlər üçün əlavə təminatlar nəzərdə tutulmuşdur. Bu tədbirlərin davamı olaraq 2019-cu il 23 iyul tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda hakimlərin sosial-maddi təminatının gücləndirilməsinə xidmət edən bir sıra mütərəqqi müddəalar əksini tapmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli fərmanı isə ölkəmizdə məhkəmə islahatlarının keyfiyyətcə yeni, genişmiqyaslı mərhələsini təşkil edir. Kompleks tədbirlər sistemini özündə ehtiva edən Fərman əsasında yeni regional kommersiya və inzibati məhkəmələr yaradılaraq 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlamışdır. Bundan əlavə, Ali Məhkəmənin, habelə apellyasiya instansiyası məhkəmələrinin yeni məhkəmə kollegiyalarının yaradılması ədalət mühakiməsinin səmərəliliyini xeyli dərəcədə artırmışdır.

Fərmanda hakimlərin sayının artırılması məsələsi də yer almış, yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə fasiləsiz seçim prosesi aparılmış, yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə hakimlərin seçilməsi qaydası təkmilləşdirilmişdir. Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında, o cümlədən test, yazılı və şifahi imtahanlar zamanı müvəffəqiyyət qazanan hakimliyə namizədlər bir illik tədris kursunu, məhkəmələrdə stajkeçməni və digər mərhələləri uğurla başa vurmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 12 yanvar tarixli Sərəncamı ilə seçimlərdə uğur qazanan namizədlər bir sıra birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmuşlar.

Dövlət başçısının kadr islahatlarına və gəncləşmə siyasətinə uyğun olaraq yeni nəsil hakimlər bu gün məhkəmə korpusunun 80 fazini təşkil edir. İctimai həyatın müxtəlif sahələrində fəallığı ilə fərqlənən qadınların sayı son dövrlər yeni təyinat alanların 40-dən çoxunu təşkil edir. Mənəvi saflığı, yüksək bilik və bacarığı ilə seçilən gənc hakimlər, o cümlədən qadınlar yuxarı məhkəmə instansiyalarına və rəhbər vəzifələrə irəli çəkilirlər.

Həyata keçirilən islahatların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsi də xüsusi vurğulanmalıdır. Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası (CEPEJ) öz hesabatlarında Azərbaycanda hakimlərin seçki və təyinatı sahəsində islahatları bir çox Avropa dövlətlərinə nümunə göstərmişdir. Bundan əlavə, ölkəmiz məhkəmə sistemindəki nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin də mükafatçısı olmuşdur.

Məhkəmə-hüquq islahatları çərçivəsində son illər məhkəmə infrastrukturu da müasirləşdirilir, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən «Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi çərçivəsində son illər bir sıra rayonlarda və paytaxtda müasir tələblərə cavab verən yeni məhkəmə binaları inşa edilmişdir.

Yeni məhkəmə binalarında müasir texnologiyaların tətbiqi vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısı alır. Hazırda məhkəməyə müraciətlərin  asanlaşdırılması üçün məhkəmə sisteminin vahid internet portalından səmərəli istifadə olunur, habelə "Elektron məhkəmə" İnformasiya Sisteminin bütün məhkəmələrin fəaliyyətində tətbiqi üçün intensiv işlər aparılır.

Bütün bunlar, şübhəsiz, bir başlıca məqsədə - cəmiyyətdə məhkəmə hakimiyyətinə olan inamı artırmağa, ədalət mühakiməsinin səmərəliliyini və keyfiyyətini yüksəltməyə xidmət edir.

Bu gün əminliklə demək olar ki, ölkəmizdə insan amili əsas götürülməklə sistemli şəkildə gerçəkləşdirilən məhkəmə-hüquq islahatları cəmiyyətdə qanunçuluğun, hüquq qaydalarının, vətəndaşların qanuni mənafelərinin daha etibarlı qorunmasına xidmət edir. Zamanın aktual çağırışlarına əsaslanan,  ölkəmizin modernləşmə strategiyasının tələblərindən irəli gələn bu islahatlar, eyni zamanda, cəmiyyətdə məhkəmələrin fəaliyyətinə və ədalət mühakiməsinin obyektivliyinə etimadı daha da möhkəmləndirir.

Sonda böyük qürur hissi ilə qeyd etmək istərdik ki, şərəfli inkişaf yolu keçmiş məhkəmə orqanları respublikamızın dinamik müasirləşmə tempinə adekvat olaraq daha da təkmilləşir, yeni-yeni nailiyyətlərə imza atır. Aparılan islahatlar göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, o cümlədən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli dövlətimizin başçısının xüsusi diqqət mərkəzindədir. Ürəkdən inanırıq ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın məhkəmə sistemi daha da müasirləşəcək, insan hüquq və azadlıqlarının müdafəsi sahəsində bundan sonra da öz sözünü deyəcəkdir.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bu gün məhkəmə orqanlarının əməkdaşları tərəfindən böyük ehtiramla anılır. Parlaq şəxsiyyəti, yüksək mənəvi idealları ilə tanınan Heydər Əliyevin həyat amalı, ilk növbədə, onun cəmiyyətə fayda verməyə, haqq-ədaləti, qanunçuluğu təmin etməyə hesablanmış fəaliyyətində təcəssümünü tapmışdır. Ümummilli Liderin müstəqillik dövründə banisi olduğu mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsi isə keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə etibarlı təminatdır.

 

Diqqətinizə görə təşəkkür edirəm.