Hörmətli cənab Sədr!
Hörmətli tədbir iştirakçıları!
Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yеni inzibаti binаsının аçılışı münаsibətilə təşkil оlunаn tədbirdə Sizi səmimi qəlbdən sаlаmlаyırаm.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir.
Xüsusilə Naxçıvan Muxtar Respublikasında cənab Sədr, sizin rəhbərliyiniz altında bu sahədə geniş hüquq islahatları aparılmış, ən əsası isə vətəndaşların məhkəmə hakimiyyətinə olan etimadının yüksəldilməsi üçün zəruri olan bütün tədbirlər görülmüşdür. Muxtar respublikada hüquq institutlarının təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqi sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, məhkəmələrdə “Elektron məhkəmə-informasiya sistemi”nin tətbiq edilməsi vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin daha asan və rahat şəkildə məhkəmələrə müraciət etmələrinə şərait yaradaraq ədalət mühakiməsinə ictimai etimadı artırmış, aşkarlığın tam təmin edilməsinə, süründürməçiliyin qarşısının alınmasına böyük töhfə vermişdir.
Sizin tərəfinizdən imzalanan 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərman dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında tətbiqi, müasir standartlara cavab verən normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərinin yaradılması sahəsində müstəsna əhəmiyyətə malikdir. Həmin fərmanın və digər hüquqi aktların qəbulu və icrası, habelə göstərilən dövlət qayğısı nəticəsində məhkəmə orqanları da müasir texnoloji vasitələrlə və iş şəraiti ilə təmin olunmuşlar.
Məhkəmə-hüquq islahatlarında “Yol xəritəsi” hesab edilən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulmuş, nəticədə “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamına əsasən, 2020-ci il yanvarın 1-dən Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, ayrı-ayrılıqda müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi yaradılmışdır. Kommersiya məhkəmələrinin yaradılması aparılan islahatların yeni mərhələsidir, çünki hüquqi və iqtisadi islahatların paralel aparılması iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdəndir.
Bu gün açılışına şahid olduğumuz Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin inzibati binası muxtar respublikada fəaliyyət göstərən məhkəmə orqanlarının daha da inkişaf etdirilməsi üzrə vahid hüquqi konsepsiyanın uğurlu davamıdır. Kommersiya Məhkəməsinin yeni inzibati binası məhkəmə orqanlarının özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla inşa edilmiş, burada həm hakimlərin, məhkəmə işçilərinin, eləcə də vəkillərin fəaliyyət göstərməsi, həm də vətəndaşların müraciət etməsi və məhkəmə xidmətlərindən faydalanması üçün lazımi şərait yaradılmışdır. Binanın ümumi sahəsi 730 kvadrat metrdir və bina 2 mərtəbədən ibarətdir. Kommersiya Məhkəməsi inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. İctimai zonada vətəndaşlar, vəkillər, icra məmurları, şahidlər üçün otaqlar vardır. Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir.
Binada 1 məhkəmə iclas zalı mövcuddur. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncama əsasən burada da bütün zəruri tədbirlər görülüb. Məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan “AzFemida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb.
Bununla yanaşı, binada anbar, bufet, arxiv, maddi sübutların saxlanılması, vətəndaşların qəbulu üçün otaqlar, 1 akt zalı və digər yardımçı otaqlar mövcuddur. Buradakı kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatlarla, Azərbaycan həqiqətlərini əks etdirən kitablarla zəngindir.
Bina müasir tipli qazanxana və istilik sistemi ilə təchiz edilmiş, otaqlarda və iclas zalında kondisionerlər qoyulmuşdur.
Əminəm ki, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binasının istifadəyə verilməsi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, işlərə daha keyfiyyətlə baxılmasına, vətəndaşlara yüksək səviyyədə hüquqi xidmət göstərilməsinə geniş imkanlar verəcək.
Müasir məhkəmə binalarının tikilməsi və onların hər cür şəraitlə təmin edilməsi bu binaların daxilində çıxarılan qərarların ədalətliliyinə təsir edir. Ədalət eyni zamanda cəmiyyətin hüzur və barışının, xoşbəxtliyin və rifahın təminatıdır. Sizin məhkəmə orqanları sisteminə, bu orqanlarda çalışan hakimlərin və işçilərin iş şəraitinin yaxşılaşdırılmasına göstərdiyiniz xüsusi diqqət və qayğı göz önündədir. Məhkəmə hakimiyyətinə verdiyiniz böyük önəmin təzahürüdür ki, Kommersiya Məhkəməsinin yeni inzibati binasının açılışını şəxsən həyata keçirirsiniz.
Muxtar Respublikada məhkəmə-hüquq islahatlarının növbəti mərhələsi olan bu layihəyə görə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün hakimlər və məhkəmə işçiləri adından Cənab Sədr, Sizə dərin minnətdarlığımızı bildirir, Sizi əmin etmək istəyirik ki, yaradılan şəraitdən biz maksimum səviyyədə faydalanacaq, yaradılanı qoruyacaq, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələr vasitəsilə insan hüquq və azadlıqlarının daha etibarlı qorunması, hüquqi mааrifləndirmə işinin genişləndirilməsi və əhаlinin hüquq xidmətlərinə оlаn təlаbаtının ödənilməsi üçün səylərimizi əsirgəməyəcəyik.