İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və təşkilat komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxmışlar.
Sərgiyə baxışdan sonra Təşkilat Komitəsinin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də ilk iclası keçirilmiş, ötən dövrdə isə işçi qrupu səviyyəsində yığıncaqlar olmuşdur. Bu gün isə Təşkilat Komitəsinin ikinci iclası keçirilir. İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir. Bununla bağlı Tədbirlər Planına uyğun olaraq müvafiq hazırlıq işləri görülür.
İclasda "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018" açılış tədbirinin proqramı Təşkilat Komitəsinin üzvlərinə təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirinə hazırlıqla bağlı tapşırıqlar verərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvanda "İslam filmləri həftəsi"nin keçirilməsi üçün ölkələri və filmləri müəyyənləşdirməli, cari ilin sentyabr ayında İslam dinini olduğu kimi təqdim edən filmlərdən ibarət “İslam filmləri həftəsi” keçirilməlidir. İqtisadiyyat Nazirliyi “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş suvenirlərin hədiyyələr mağazalarında satışının təşkilini diqqətdə saxlamalıdır. Tədbirlər Planına əsasən 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyun ayının 20-dək “İslam dəyərləri: ramazan və qurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir. Təşkilat Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bu tədbirlərin keçirilməsini təmin etməli, İslam dinində ailə dəyərlərinin, eləcə də Ramazan və Qurban bayramlarının mahiyyəti elmi şəkildə izah olunmalıdır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə açılış tədbirində iştirak edəcək ölkələrin siyahısını müəyyənləşdirməli, açılış tədbiri üçün eyni ölçüdə 2 ədəd Dövlət bayrağı, İSESKO-nun və üzərində “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan -2018” loqotipi əks olunmuş bayraqlar hazırlanmalıdır. Açılış tədbirində nümayiş üçün hazırlanmış “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” filmi ingilis dilinə tərcümə olunmalıdır. Dram Teatrın foyesində “Mənim Naxçıvanım” foto sərgisi təşkil olunmalı, yarım saatlıq konsert proqramı hazırlanmalı, Naxçıvan Biznes Mərkəzində sərgi təşkil olunmalıdır. Rabitə və Yeni Texnologiyalar Nazirliyi açılış tədbirində ərəb və ingilis dillərində sinxron tərcüməni təmin etməlidir. Tədbirin proqramına əsasən iyun ayının 19-20-də qonaqların mədəni-kütləvi tədbirlərdə iştirakı və görməli yerlərlə tanışlığı üçün Nəqliyyat Nazirliyi avtobuslar ayırmalı, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi avtobuslara ingilis dilini bilən bələdçilər və öz nümayəndələrini müəyyənləşdirməlidir.
Ali Məclisin Sədri demişdir ki, Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri İSESKO-nun “Yaşıl şəhər strategiyası” ekspertlərinin görüşünün Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilməsini təmin etməli, Azərbaycan Milli Elmlər Akademiyasının Bioresurslar İnstitutu ilə birlikdə Naxçıvan təbiəti ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi açılmalıdır. Tədbir iştirakçılarının qarşılanması və yolasalınması ilə bağlı məsələlər Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə, Mədəniyyət Nazirliyinə və Naxçıvan Beynəlxalq Hava Limanına tapşırılmışdır.
İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış etmişlər.
Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırmış, açılış tədbirinin ölkə və dünya mətbuatında geniş işıqlandırılmasının vacibliyini qeyd etmişdir.