^

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmiş, iclasda 2015-ci ildə muxtar respublika məhkəmələrinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan söhbət açmış, 2015-ci ildə muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əhalinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Bildirilmişdir ki, əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də оnların maddi-tехniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi ilə bağlı bir sıra işlər görülmüşdür.

Ali Məhkəmənin sədri qeyd etmişdir ki, 2015-ci il ərzində Ali Məhkəməyə dахil оlаn ərizə və şikayətlərin vaxtında öyrənilərək nəticələri barədə vətəndaşlara qanunla müəyyən olunmuş qaydada cavablar verilməsinə, mürаciət еtmiş vətəndaşların şikayətlərinin аrаşdırılıb həll edilməsinə xüsusi diqqət yetirilmişdir.

Ramiz Süleymanov çıxışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində görülən işlərlə bağlı məlumat vermiş, məhkəmənin Azərbaycan və ingilis dillərində yayımlanan rəsmi internet saytının mütəmadi olaraq məhkəmə fəaliyyətinə dair xəbər materialları, məhkəmə qərarları, baxılmaq üçün təyin edilmiş və baxılıb nəticə verilmiş işlər barədə məlumatlarla, habelə Ali Məhkəmənin nəşri olan bülletenin növbəti sayları ilə yeniləndiyini, məhkəmənin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatı ilə zənginləşdirildiyini qeyd etmiş, həyata keçirilən tədbirlərin insan hüquq və azadlıqlarının təmin olunmasına, hüquqi maarifləndirmə işinin daha da gücləndirilməsinə yönəldiyini bildirmişdir.

Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2015-ci ildə gördükləri işlərə dair məlumatları dinlənilmişdir.