^

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA HƏYATA KEÇİRİLƏN MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARINA HƏSR OLUNMUŞ İKİ GÜNLÜK BEYNƏLXALQ SEMİANAR KEÇİRİLMİŞDİR

28-29 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları. Hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyası” mövzusunda Beynəlxalq seminar keçirilmişdir.

 Beynəlxalq seminar başlanmazdan öncə qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Əcəmi seyrəngahındakı büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov ölkəmizdə və muxtar respublikada həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verərək bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl olaraq aparılan islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin məhkəmə orqanları sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə olunur.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının böyük rolu olmuşdur. Fərmanın qəbul edilməsindən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqları sayəsində muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi ilə bağlı bir sıra işlər həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Hüquqi cəhətdən maariflənmiş cəmiyyətdə yaşamaq da, işləmək də asan olar” fikrini xatırladaraq muxtar respublikada insan hüquqları sahəsində görülən işlər və əldə olunan nailiyyətlər, yaradılmış yeni hüquq institutları və onların fəaliyyəti barədə məlumat vermiş, seminarın işinə uğurlar arzulamışdır.

 Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin sədri Əli Hüseynli  muxtar respublikada aparılan işlərə və eyni zamanda qeyd olunan tədbirin yüksək səviyyədə təşkil olunmasında verdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova bütün təşkilatçılar adından minnətdarlığını bildirmişdir.

 Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin sədri Əli Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məhkəmə-hüquq islahatlarına görə Azərbaycan Hüquqşünasları Konfederasiyasının diplomu ilə təltif etmişdir.

Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer çıxış edərək belə bir mötəbər beynəlxalq tədbirin Naxçıvanda keçilməsindən və özünün ilk dəfə Naxçıvanda olmasından məmnun qaldığını qeyd etmiş, göstərilən qonaqpərvərliyə və seminarın yüksək səviyyədə təşkilinə görə minnətdarlıq etmişdir.

Sonra “Konvensiyanın yaranma tarixi, məzmunu və beynəlxalq-hüquqi əhəmiyyəti”, “Fərdi şikayətlər və bu şikayətlər üzrə icraat”, “Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş konkret təminatlar”, “Konvensiya pozuntusunun yoxlanılması qaydası”, “Konvensiyanın dövlətdaxili hüquq sistemi üçün əhəmiyyəti və qanunvericilik sistemində iyerarxiya baxımından tutduğu yer”, “Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının məcburiliyi və təsiri”, “Konvensiyanın qoruma sferası, oradakı normaların tətbiqindən istisna hallar”, “Konvensiyanın praktiki əhəmiyyəti”, “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi: Azadlıq və təhlükəsizlik hüququ” mövzuları ətrafında məruzələr dinlənilmişdir. Mövzu üzrə məruzələrlə Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin sədri, Milli Məclisin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, AHK İdarə Heyətinin üzvü hüquq elmləri doktoru, professor Lətif Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, Federal Publik İdarəçilik İnstitutunun publik hüquq üzrə prof. Dr. Mixaela Vittinqer, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri Dr. Otto Mallmann, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Qüdrət Həsənquliyev və Fazil Mustafa çıxış etmişlər.

 Seminarın oktyabrın 29-da davam edən ikinci günündə “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi: İşgəncənin qadağan edilməsi”, “Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi: Ədalətli məhkəmə araşdırılması hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi: şəxsi və ailə həyatının qorunması hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsi: Vicdan və din azadlığı”, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi: Fikir ifadə etmək azadlığı” “Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi: Birləşmək və toplaşmaq azadlığı” mövzularında məruzəçi qismində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, prof. Dr. Mixaela Vittinqer və Dr. Otto Mallmann çıxış etmişlər.

Seminara Ali Məhkəmənin sədri Ramiz Süleymanov yekun vurmuşdur.

Qeyd edək ki, seminarda Naxçvan Muxtar Respublikası Ali Məhkəməsinin, birinci insatansiya məhkəmələrinin sədr və hakimləri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının  əməkdaşları iştirak etmişlər.