Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda tədbirdə iştirak edən Mediasiya Şurasının nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib və bildirib ki, ədalət mühakiməsinin tez, əhatəli və səmərəli şəkildə təmin olunması üçün məhkəmə yükünün azaldılmasında mediator institunun inkişafı və mübahisələrin alternativ həllinin təşviq olunması xüsusilə vacibdir.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov xoş və səmimi qəbula görə Səadət Bəktaşi və Ali Məhkəmənin əməkdaşlarına öz təşəkkürlərini bildirib.
Türk Dünyası Arabulucular Birliği İdarə Heyətinin sədri Yakup Erikel türkdilli dövlətlərin mediasiya sahəsində birgə gördüyü işlər və yaxın tarixdə keçiriləcək 1-ci Beynəlxalq Mediatorlar Qurultayı barədə məlumat verib.
Sonda xatirə hədiyyəsi təqdim olunub.
Görüşdə həmçinin Türk Dünyası Mediatorlar Birliyinin baş katibi Yusuf Gözel, Türk Dünyası Mediatorlar Birliyi Təlim və Tədris Komissiyasının üzvü Mehmet Ali Baranlı, Türk Dünyası Mediatorlar Birliyi İcra Komissiyasının üzvü İrfan Medet Akpınar, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak ediblər.