Oktyabr ayının 25-də “Avropa Ədalət Mühakiməsi Günü” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında “açıq qapı” günü təşkil ediləcək. Vətəndaşlar onları narahat edən hüquqi məsələlərlə bağlı gün ərzində hüquqi məsləhət almaq imkanı əldə edə biləcəklər.
Həmçinin, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün Ali Məhkəmənin inzibati binası, iş fəaliyyəti, eləcə də Məhkəmənin kitabxana və digər struktur bölmələri ilə tanışlıq nəzərdə tutulub. Gün ərzində onlara ədalət mühakiməsinin həyata keçirilməsi sistemi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə izahlar veriləcəkdir.
“Açıq qapı” günlərində iştirak etmək istəyən şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri xahiş olunur.