^

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Qərar

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin

 

Q Ə R A R I

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1  sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair

 

 

20 sentyabr 2024-cü il                                                                                                                                                                Naxçıvan şəhəri

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi – Səadət Bəktaşi (sədr), Əsgər Novruzov, Əli Allahverdiyev (məruzəçi-hakim), Yusifəli Qurbanov, İlqar Mirzəyev, Müşfiq Həsənov, Fərman Abbasov, Vera Kuimova, Vüqar Quliyev, Sənan Qarayev və Səxavət Novruzovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Vüsal Muradovun, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə, sədr müavini Xatirə İbrahimli, üzvləri Şamxal Məmmədov və Şəhla Şirəliyevanın, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssisləri Həbib Rzayev, Rəhim Əsgərov, Nuraləm Qasımov, İsmayıl İsmayılovun iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə baxaraq hakim Əli Allahverdiyevin məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadənin çıxışını və Naxçıvan Muxtar Respublikası Statistika Komitəsinin mütəxəssisləri tərəfindən təqdim olunan rəyi dinləyib müzakirə edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

 

 

M Ü Ə Y Y Ə N  E T D İ:

 

“Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamına, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə əsasən “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə 1 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər təyin edilmiş və həmin gün seçkilər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə görə, seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 10 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Qanuna uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayıb, seçkilərin yekunlarının müəyyənləşdirilməsinə dair öz qərarını və Mərkəzi Seçki Komissiyasının protokolunu Ali Məhkəməyə təqdim edir.

Həmin Qanununun 93.3-cü maddəsinə əsasən Ali Məhkəmə göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Qanuna uyğunluğunu yoxlayır.

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-də keçirilmiş Ali Məclisə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında 10 sentyabr 2024-cü il tarixli qərarı və protokolu, dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilmiş sənədlərlə birlikdə 11 sentyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə təqdim etmişdir.

2024-cü il sentyabrın 1-də keçirilmiş Ali Məclisə seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokoluna əsasən:

1. Seçki siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı – 288358 (iki yüz səksən səkkiz min üç yüz əlli səkkiz) ;

2. Səsvermədə iştirak edən seçicilərin sayı – 111834 (bir yüz on bir min səkkiz yüz otuz dörd) ;

3. Dairə seçki komissiyalarının sayı – 45 (qırx beş);

4. Dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı – 45 (qırx beş);

5. Mərkəzi Seçki Komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş dairə seçki komissiyaları protokollarının sayı – 45 (qırx beş);

6. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki dairələrinin sayı – 0 (sıfır);

7. Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı – 0 (sıfır);

8. Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı – 0 (sıfır) olmuşdur.

Mərkəzi Seçki Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2024-cü il 10 sentyabr tarixli protokoluna əsasən 45 seçki dairəsi üzrə səsvermənin nəticələri etibarlı hesab edilmiş və həmin seçki dairələri üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşdur.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.11-ci maddəsinə əsasən protokollar seçki komissiyasının üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır.

Həmin Qanunun 23.3-cü maddəsinə görə Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə təqdim edilmiş səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli protokolundan göründüyü kimi, bu sənədi Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən 5-i  imzalamışdır.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.3-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin həmin Qanuna uyğunluğunun yoxlanılması üçün mütəxəssislər cəlb edilmiş, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən və Naxçıvan Muxtar Respublikası Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatlar tələb edilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssisləri Həbib Rzayev, Rəhim Əsgərov, Nuraləm Qasımov, İsmayıl İsmayılovun rəyinə əsasən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əlavə edilmiş 45 dairə seçki komissiyasının protokolları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2-ci və 90.3-cü maddələrinin tələblərinə tam cavab verir. Həmin protokollar Qanunun 90.2-ci maddəsinə müvafiq olaraq məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilmişdir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yekun protokolu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 91.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilmişdir.

Dairə seçki komissiyaları protokolların, Mərkəzi Seçki Komissiyası isə yekun protokolun hesablanmasını düzgün aparmışlar. Həmin sənədlərdə nöqsanlar, səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar edilməmişdir.

Mütəxəssislərin rəyinə əsasən 2024-cü il sentyabrın 1-də keçirilmiş Ali Məclisə seçkilərə dair Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş 45 dairə seçki komissiyasının protokolları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2, 87.11, 90.2, 90.3 və 91.2-ci maddələrinin tələblərinə tam uyğun tərtib edilmişdir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun 12 sentyabr 2024-cü il tarixli 3-4-090/2-007402/2024 saylı və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 12 sentyabr 2024-cü il tarixli 3-13-43/2-13702/2024 saylı məktublarından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 2024-cü il sentyabrın 1-də keçirilmiş Ali Məclisə seçkilərlə bağlı seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar hər hansı müraciət daxil olmamışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin icraatına seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin pozulması ilə əlaqədar hər hansı müraciət və ya şikayət daxil olmamışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi belə nəticəyə gəlir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Ali Məclisə seçkilərin ümumi yekunlarına dair  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2, 87.11, 90.2, 90.3 və 91.2-ci maddələrinin tələblərinə uyğun hesab edilməli və seçkilərin nəticələri təsdiq edilməlidir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsini və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

 

Q Ə R A R A  A L D I:

 

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 87.2, 87.11, 90.2, 90.3 və 91.2-ci maddələrinin tələblərinə uyğun hesab edilsin.

    2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş

    1 saylı Sədərək,

    2 saylı Dəmirçi,

    3 saylı Maxta,

    4 saylı Yengicə,

    5 saylı Çomaxtur,

    6 saylı Çərçiboğan,

    7 saylı Xanlıqlar,

    8 saylı Düdəngə,

    9 saylı Mahmudkənd,

    10 saylı Şərur şəhər,

    11 saylı Aşağı Yaycı,

    12 saylı İbadulla,

    13 saylı Püsyan,

    14 saylı Qarabağlar,

    15 saylı Qıvraq,

    16 saylı Xok,

    17 saylı Nehrəm,

    18 saylı Nehrəm,

    19 saylı Babək şəhər,

    20 saylı Zeynəddin,

    21 saylı Sirab,

    22 saylı Şıxmahmud,

    23 saylı Cəhri,

    24 saylı Naxçıvan şəhər,

    25 saylı Naxçıvan şəhər,

    26 saylı Naxçıvan şəhər,

    27 saylı Naxçıvan şəhər,

    28 saylı Naxçıvan şəhər,

    29 saylı Naxçıvan şəhər,

    30 saylı Naxçıvan şəhər,

    31 saylı Naxçıvan şəhər,

    32 saylı Naxçıvan şəhər,

    33 saylı Naxçıvan şəhər,

    34 saylı Şahbuz şəhər,

    35 saylı Kolanı,

    36 saylı Badamlı qəsəbə,

    37 saylı Culfa şəhər,

    38 saylı Yaycı,

    39 saylı Bənəniyar,

    40 saylı Saltaq,

    41 saylı Ordubad şəhər,

    42 saylı Aşağı Əndəmic,

    43 saylı Vənənd,

    44 saylı Dəstə,

    45 saylı Sabirkənd – seçki dairələri üzrə seçkilərin nəticələri bütövlükdə təsdiq edilsin.

    3. Qərar elan olunduğu andan qüvvəyə minir.

    4. Qərar “Şərq qapısı” qəzetində dərc edilsin.

    5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Sədr            Səadət Bəktaşi

 

Hakimlər     Əsgər Novruzov

                    Əli Allahverdiyev

                     Yusifəli Qurbanov

                     İlqar Mirzəyev

                     Müşfiq Həsənov

                     Fərman Abbasov

                     Vera Kuimova

 

                     Vüqar Quliyev

                     Sənan Qarayev

 

                     Səxavət Novruzov