2024-cü ilin sentyabrın 10-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Səadət Bəktaşi iclasda iştirak edib.
İclasda çıxış edən Şuranın sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.
İclasda məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.
Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.
İclasda həmçinin intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.