^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində birinci yarımilin yekunları müzakirə olunub.

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.

İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimlərinin iştirakı ilə cari ilin ilk yarımilinin yekunları müzakirə olunub.

İclası giriş sözü ilə Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi açaraq bildirib ki, ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bütün bu islahatlar ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sədr bildirib ki, muxtar respublikada ötən il müşahidə olunduğu kimi cari ilin ilk yarısında da məhkəmələrə müraciətlərin sayında diqqətəlayiq artım müşahidə olunur ki, bu da vətəndaşların məhkəmələrə inamının və mübahisələri hüquq müstəvisində həll etmək istəklərinin göstəricisidir. Fərqli predmetlərə dair daxil olan mübahisələrin bir qismini muxtar respublikada keçmiş təcrübədə rast gəlinməmiş iddialar təşkil edir.

Sonra Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılıb, muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinin nəticələri ətraflı təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.

Daha sonra cari ilin ilk yarısında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aparatı tərəfindən keçirilmiş tədbirlər barədə iştirakçılara məlumatlar verilərək bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir. İlk altı ay ərzində ölkəmizin üçün əlamətdar günlər qeyd olunub, Məhkəmə tərəfindən xeyriyyə tədbirləri həyata keçirilib, Ali Məhkəmə tərəfindən muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə keçirilmiş müxtəlif səpkili seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd edib ki, məhkəmələrin qarşısındakı əsas vəzifələr məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, məhkəmələrin fəaliyyətinin şəffaflığına  yönəlmiş fəaliyyətin  davamlılığını təmin etməkdir. Naxçıvan Muxtar Respublikası  Ali Məhkəməsi də bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.