Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi “Femida Könüllüləri” Təşkilatının “Legal Meet up” platforması çərçivəsində Naxçıvanda fəaliyyət göstərən könüllülərlə görüşüb. Görüşdə sədr təcrübələrini bölüşüb, Femida könüllülərini maraqlandıran sualları cavablandırıb.
Sədr bildirib ki, gənc hüquqşünasların gələcək fəaliyyətlərinə töhfələri baxımından Femida könüllülərinin fəaliyyəti təqdirəlayiqdir. Tələbələrin və gənclər təşkilatlarının təşəbbüslərini yüksək qiymətləndirən sədr könüllülərin məhkəmələrdə təcrübə keçmələri üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Təşkilatın Naxçıvan Nümayəndəliyinin səlahiyyətli rəhbəri Yusif Mirzəzadə təşkilatın cari fəaliyyəti barədə məlumat verərək görüş üçün könüllülər adından Səadət Bəktaşiyə minnətdarlığını bildirib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ilə yanaşı, Məhkəmənin kollegiya sədrləri, əməkdaşlar da iştirak ediblər.
Qeyd edək ki, gənc peşəkar hüquqşünasların yetişdirilməsinə dəstək, məhkəmələrdə ictimai nəzarətin gücləndirilməsi, məhkəmə xidmətlərində vətəndaş məmnuniyyətinin təmin edilməsi, habelə ölkədə aparılan təhsil və gənclər siyasətinə töhfə vermək məqsədilə həyata keçirilən “Femida Könüllüləri” layihəsinin Naxçıvanda tətbiqinə cari ilin aprel ayında başlanıb, gənclər hazırda mərhələli şəkildə Naxçıvan Muxtar Respublikasında yerləşən məhkəmələrdə könüllülük fəaliyyətinə cəlb olunurlar.