^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda keçirilmiş konfransda iştirak edib

 

 

Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Konfrans Ulu Öndər Heydər Əliyevin 101 illiyi və Naxçıvan MR-in 100 illiyinə həsr olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, onun başçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər və digər dövlət rəsmilərinin iştirakı ilə keçirilmiş konfransda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iştirak edib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Liderin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezidentin səlahiyyətli nümayəndəsi F.Nəcəfli çıxış edərək bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövrlərində qanunun aliliyinə strateji məsələ kimi yanaşıb, hüquq sistemində işlək və çevik mexanizmlər tətbiq olunub, ədalət mühakiməsinin səmərəliliyinə və insan hüquqlarının etibarlı təminatına nail olunub. O, müstəqillik dövründə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda Konstitusiyamıza əsaslanan təkmil qanunvericilik bazasının formalaşdırıldığını, hüquq təsisatlarının səmərəli fəaliyyətinə nail olunduğunu deyib.

F.Nəcəfli qeyd edib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyev 100 illiyini qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasında da hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi işini diqqət mərkəzində saxlayır, ardıcıl islahatlar həyata keçirilir. Ölkə Prezidentinin qayğısı ilə 2006-cı ildə müvəkkil təsisatı formalaşdırılıb, həmçinin 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası təsis edilib. Muxtar respublikada hüquq institutlarının elektron xidmətlər göstərməsi təmin olunub və hazırda muxtar respublikada “Elektron məhkəmə”, “Elektron notariat” və digər xidmətlər uğurla tətbiq edilir.

F.Nəcəfli nəzərə çatdırıb ki, ötən 30 ilə yaxın bir dövrdə Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən əlverişli şərait yaradılmasına və maddi-texniki təminatın yaxşılaşdırılmasına baxmayaraq, ədalət mühakiməsinin və insan haqlarının qorunması sahəsində nöqsanlara da yol verilib. Vətəndaşların mülkiyyət hüquqlarının pozulması və bu kimi hallara hüquq-mühafizə orqanlarında və məhkəmələrdə laqeyd yanaşılması, cinayət qanununun normalarının düzgün tətbiq edilməməsi, sübutların tam və hərtərəfli qiymətləndirilməməsi kimi ciddi hüquq pozuntuları qeydə alınıb. Hazırda dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə sistemli tədbirlər görülür. Xüsusilə aparılan kadr islahatları muxtar respublikada hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi işində yeni mərhələnin əsasını qoyub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov qonaqları salamlayaraq konfransın işinə uğurlar arzulayıb, Naxçıvan Muxtar Respublikasının tarixindən danışıb. Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu bildirən sədr ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atıldığını dilə gətirib.

A.Bağırov bu addımların başında məhkəmə-hüquq sahəsində aparılan mütərəqqi islahatların yer aldığını, 1995-ci ildə ümumxalq səsverməsi ilə Konstitusiyamızın qəbul olunduğunu və Konstitusiyada blokada şəraitində olan Naxçıvanın muxtariyyət statusu bir daha öz əksini tapdığını nəzərə çatdırıb.

Kollegiya sədri vurğulayıb ki, bütün bu fəaliyyətin məntiqi davamı olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanıb, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunan prosessual qanunvericiliyə əsasən vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabər hüquqlu peşə birliyinə çevrilib.

Sədr nəzərə çatdırıb ki, Heydər Əliyevin əsas olaraq müəyyən etdiyi fəaliyyət istiqamətləri Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən daha da sürətləndirilib, beynəlxalq münasibətlərin inkişafı tam təmin edilib. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 2020-ci ilin sentyabrından başlayaraq 44 günlük Vətən müharibəsində, habelə 2022-ci ilin sentyabr ayında antiterror əməliyyatları nəticəsində Azərbaycan hakimiyyətinin dövlətimizin bütün ərazisində bərpa edilməsi təmin olunub. Eyni zamanda Qazaxın 4 qeyri-anklav kəndi qan tökülmədən işğaldan azad edilib. Hazırda Azərbaycan müzəffər xalq kimi beynəlxalq müstəvidə yeni uğurlu əməkdaşlıqlar qurur, COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi edir.

Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, habelə muxtar respublikanın blokada şəraitində yaşamasına baxmayaraq, burada da insan hüquq və azadlıqlarının hər zaman yüksək səviyyədə təmin edildiyini söyləyən A.Bağırov son illər muxtar respublikada vəkilliyin tarixindən, inkişafından və getdikcə artan nüfuzundan, o cümlədən digər bir sıra önəmli məsələlər barədə konfrans iştirakçılarına məlumat verib.

Eyni zamanda sədr şəxslərin yüksək keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək, habelə müasir İKT-dən istifadəni daha da artırmaq məqsədilə Naxçıvanda fəaliyyət göstərən vəkillər üçün "Elektron vəkil kabineti"nin imkanları və elektron məhkəmədən istifadə, elektron müraciət qaydaları mövzularında təlimlərin təşkil olunduğunu bildirib.

Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film, o cümlədən son illər Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Eyni zamanda tədbirdə III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə “Naxçıvanın inkişaf potensialı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Naxçıvan MR-in rəsmi sosial-iqtisadi göstəriciləri digər regionlarla müqayisəli şəkildə diqqətə çatdırılıb.

O həmçinin Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində GZİT təhlili və əsas istiqamətlər üzrə maraqlı məqamları vurğulayıb, xüsusilə turizm göstəricilərini təhlil edib. Son olaraq bənzər strateji mövqeyə sahib bəzi qlobal regionlardan müqayisəli göstəricilər təqdim olunaraq potensial inkişaf yolları qeyd edilib.

Həmçinin mərasimdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.

Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 9 namizəd vəkil andı içərək NMRVK-ya qəbul olunublar. Beləliklə, Azərbaycanda vəkillərin sayı 2463 nəfərə, Naxçıvanda isə 29 nəfərə çatıb.

Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 8 nəfəri kişi, 1 nəfəri isə qadındır. Bununla da Azərbaycanda qadın vəkillərin sayı 473 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.

Tədbirdə ARVK Rəyasət Heyətinin qərarına əsasən, Naxçıvan MR-də vəkilliyin inkişafına verdiyi töhfələrə görə F.Nəcəflinin ARVK-nın "Fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyası Prezidentin səlahiyyətli nümayəndəsinə təntənəli surətdə təqdim olunub. Həmçinin F.Nəcəfli “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Sonra Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət Bəktaşi çıxış edərək 1993-cü ildə Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və islahatların aparılması, müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə vurğulayıb. O, Ulu Öndərin 17 iyun 1999-cu il tarixli Fərmanına əsasən, Naxçıvan MR Ali Məhkəməsinin hakimlərinin sayının 14 nəfər müəyyən olunduğunu və 2000-ci ilin sentyabrından 2003-cü ilin yanvarınadək məhkəmə hakim heyəti ilə tam komplektləşdirildiyini xatırladıb.

Sədr bildirib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında muxtar respublikada hüquq institutlarının inkişafı haqqında Azərbaycan Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının böyük rolu olub, muxtar respublikada hakimlərin, məhkəmə aparatı işçilərinin keyfiyyətli və səmərəli fəaliyyət göstərməsi üçün zəruri şərait yüksək səviyyədə təmin edilir.

Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev çıxışında 2022-ci ilin sonları 2023-cü ilin əvvəlindən başlayaraq muxtar respublikada digər təsisatlarla yanaşı, hüquq təsisatlarında da əhəmiyyətli struktur və kadr islahatlarının həyata keçirildiyini, bu islahatların əsas məqsədi şəffaflığın artırılması, insan hüquq və azadlıqlarının daha operativ və səmərəli şəkildə qorunması, daha çevik idarəçilik mexanizminin formalaşdırılmasına yönəldiyini vurğulayıb. O, bu istiqamətdə artıq müsbət nəticələr əldə edilməkdə olduğunu və artıq muxtar respublikada sabit istintaq təcrübəsi, məhkəmə təcrübəsi formalaşdığını bildirib. Təxminən bir il əvvəl məhz Vəkillər Kollegiyasının təşkil etdiyi tədbirdə müzakirə olunan məsələlərlə bağlı müsbət addımlar atıldığını təqdirəlayiq hal hesab edən S.Paşayev muxtar respublikada vəkillərin sayının artırılmasının, yeni vəkil bürolarının yaradılmasının təmin edildiyini nəzərə çatdırıb. Bu da digər sahələrlə yanaşı, cinayət mühakimə icraatında şəxslərin operativ şəkildə vaxtında və daha etibarlı hüquqi yardımla əhatə olunmasına imkan yaradıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini və nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov çıxışında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Naxçıvanın inkişafı ilə sıx vəhdət təşkil etdiyini, Ümummili Liderin fəaliyyətinin bütün dövrlərində doğma diyara xüsusi diqqətlə yanaşdığını, onun hərtərəfli inkişafı naminə əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb.

Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni müasir inkişaf dövrünü yaşadığını bildirən nazir müavini bütün sahələrdə mütərəqqi islahatların həyata keçirildiyini dilə gətirib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tarixinə, fəaliyyətinə, son illər görülən işlərinə, o cümlədən vəkillik institutunun bugünkü inkişaf dövrünə toxunan H.Səfərov Ədliyyə Nazirliyi ilə Kollegiya arasında qarşılıqlı fəaliyyətin uğurla həyata keçirildiyini qeyd edib. O, Ədliyyə Akademiyasında vəkillərin və vəkilliyə namizədlərin hazırlanması, ixtisasının artırılması, paytaxtda və bölgələrdə vətəndaşlar, eləcə də penitensiar müəssisələrdə saxlanılan şəxslər üçün Qadın Vəkillər Alyansı və digər vəkil bürolarının vəkillərinin iştirakı ilə ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsinin səmərəli əməkdaşlığın əyani göstəricisi olduğunu nəzərə çatdırıb.

Eyni zamanda mərasimdə “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil orderi” və elektron müqavilələrin izahlı təqdimatını edib. Komitənin üzvü İlham Hüseynov isə elektron vəkil sorğusuna digər qurumların inteqrasiyası və qanunvericilikdəki dəyişikliklə bağlı məlumat verib. Həmçinin “Pro Bono ChatBot” süni intellektin təqdimatı olub.

Qeyd edək ki, ARVK-nın sədri A.Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində sədr müavinləri - Pərviz Ələkbərov, Şahmar Məmmədov, Rəyasət Heyətinin üzvləri - Dilarə Əfrasiyabova, Lalə Nağıyeva, İlhamə Həsənova, Elçin Usub, Azər Quliyev, Baş katib Bayram Orucov, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev, həmin Komitənin üzvü İlham Hüseynov, o cümlədən III "Yüksəliş" müsabiqəsinin qalibi İ.Məmmədzadə təmsil olunub.