2024-cü ilin aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri, həmçinin Məhkəməyə yeni təyin olunmuş Müşfiq Həsənov və Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin olunmuş Gülnar Səfərəliyeva kollektivə təqdim olunub.
Təqdimetmə mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra öz fəaliyyətində qanunun aliliyinə, insan hüquqları və demokratiyanın müdafiəsinə xüsusi önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə–hüquq islahatlarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər həyata keçirilir, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə məhkəmə hüquq sisteminin inkişafı daim diqqət mərkəzində saxlanılır. Ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə hakim korpusu yenilənir və gənc hakimlərin hesabına genişləndirilir. Səadət Bəktaşi yeni vəzifələrə təyin olunan hakimləri məhkəmənin kollektivi və öz adından təbrik edib və onların öz fəaliyyətlərində qazandıqları təcrübənin məhkəmə hakimiyyətinin nüfuzunun möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət mühakiməsinə olan etimadın daha da artırılmasına töhfə verəcəyinə şübhə etmədiyini bildirib.
Sonra yeni vəzifələrə təyinat alan hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını bildiriblər.