^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilib

 

 

Fevral ayının 1-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin videokonfrans formatında geniş tərkibdə iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasının hakimi Zakir Quliyev və Mülki Kollegiyanın hakimi Vüqar Həsənovla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və muxtar respublikada fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi bildirib ki, ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin demokratik təsisatların bərqərar edilməsini və məhkəmə sisteminin müasirləşdirilməsini şərtləndirən hüquq islahatları hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün bu islahatlar ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Səadət Bəktaşi qeyd edib ki, hazırda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində geniş miqyaslı işlər görülməkdədir. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ədalət mühakiməsinin obyektiv şəkildə həyata keçirilməsi, hüquqi-maarifləndirmə işinin daha da gücləndirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

2023-cü il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq keçirilmiş silsilə tədbirlər barədə məlumat verən Ali Məhkəmənin sədri bildirib ki, il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi maarifləndirmə sahəsində diqqətəlayiq işlər həyata keçirilib və keçirilməkdədir.  İl ərzində Ali Məhkəmə tərəfindən müxtəlif səpkili elmi-parktik konfranslar, muхtаr rеspublikа məhkəmələrinin sədr və hаkimlərinin iştirakı ilə seminarlar keçirilmiş, seminarlarda təcrübədə hakimlərin qarşılaşdığı problemlər, onların həlli üsulları müzakirə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi tərəfindən geridə qoyduğumuz 2023-cü il ərzində ölkəmizin üçün əlamətdar günlər xüsusi qeyd olunmuş, Məhkəmə tərəfindən xeyriyyə və idman tədbirləri həyata keçirilmişdir. 

 Sonra Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılmış, muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinin nəticələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti verilmiş qərarlarının sabitlik göstəriciləri ətraflı təhlil edilmişdir.

İclasda çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlara uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermiş, vahid təcrübənin tətbiqi ilə bağlı qarşıda duran məsələlər barədə iclas iştirakçılarını məlumatlandırmışdır.  

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva, Məhkəmənin İnzibati Kollegiyasınn hakimi Zakir Quliyev və Mülki Kollegiyanın hakimi Vüqar Həsənov öz çıxışlarında Naxçıvan Muxtar Respubliası Ali Məhkəməsi tərəfindən baxılmış işlər üzrə verilmiş kassasiya şikayətlərinin say və həmin qərarların sabitlik göstəricilərini, qanunun tələblərinə və vahid təcrübənin tətbiqi qaydalarına uyğun təhlil etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd etmişdir ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə ölkədə aparılan mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsinə, məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə, vətəndaş məmnuniyyətinin təmini və onların hüquqlarının bərpasına, eyni zamanda ədalət mühakiməsinə əlçatanlığın təmini və məhkəmələrin fəaliyyətinin şəffaflığına  yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.