^

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı-mediasiya” mövzusunda konfrans keçirilib

 

 

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev: Mütərəqqi hüquq islahatlarının uğurlu davamı-mediasiya” mövzusunda konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi konfransda iştirak edib.

Konfransda əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, hüquq islahtlarının keçirilməsi ulu öndərin əsas prioritetlərindən biri olub. Belə ki, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə onun apardığı ilk dörd islahatdan biri ölkədə hüquqi dövlətin qurulması, məhkəmə sisteminin yenidən formalaşdırılması, o cümlədən hüququ-mühafizə orqanları ilə bağlı olub. Sonradan prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü fəaliyyət nəticəsində mediasiya sahəsində də kifayət qədər uğurlar qazanılıb.

Samir Seyidəhmədli qeyd edib ki, bu bizə əsas verir ki, mübahisələrin alternativ həll yolu istiqamətində öz bilik və bacarıqlarımızı daha da artıraq. Xüsusilə xarici investorlarla bağlı daha peşəkar və keyfiyyətli alternativ həll yolları təqdim etməliyik. Buna görə biz mediasiya sahəsində əldə etdiymiz uğurlu nəticəni beynəlxalq müstəviyə daşımalıyıq. Samir Seyidəhmədli bildirib ki, bununla bağlı səlahiyyətli nümayəndəlik tərəfindən hazırlanan konsepsiyanın ana xəttini də mübahisələrin alternativ həll yolları təşkil edir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bektaşi və  Ədliyyə nazirinin müavini Hüseyn Səfərov qeyd ediblər ki, 3 aprel 2019-cu il fərmanı ilə ölkə prezidenti məhkəmələrin yol xəritəsini müəyyənləşdirib və müasir formada inkişafına istiqamət verilib. Bu gün mediasiya haqqında qanunun qəbul olunması və işləməsi  problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında böyük rol oynayır.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, hazırda Mediasiya Şurasına üzv olan mediatorların ümumi sayı ölkə üzrə 320 nəfərdir. Onlardan 80-i qadın, 260-ı isə kişidir. Bakıda 200 nəfər, Naxçıvanda 5 nəfər, regionlarda isə 115 nəfər mediator fəaliyyət göstərir. Eyni zamanda dövlət qeydiyyatına alınmış mediasiya təşkilatlarından 34-ü reyestrə daxil edilib. 2023-cü il ərzində Mediasiya Şurası və mediasiya təşkilatlarına ümumilikdə 40.826 müraciət daxil olub və hazırda 32.103-u tamamlanıb.Onlardan 35.865-i  ailə, 3.975-i kommersiya, 988-i əmək mübahisələridir. Xitam verilən müraciətlərin sayı isə 6.821 təşkil edir.

Sonda məruzə ətrafında çıxışlar dinlənilib, müzakirələr aparılıb.