Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz dövlətimiz və xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Kollektivin üzvləri Vətən müharibəsinin şəhidləri İbrahim İbrahimovun, Sahil Məmmədovun və Fərmin Əliyevin ailələri ilə görüşüb, şəhidlərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Görüşlər zamanı bildirilib ki, Müzəffər Azərbaycan ordusunun 44 gün davam edən zəfər yürüşü şanlı qələbə ilə başa çatdı. Ali Baş komandan İlham Əliyevin başçılığı ilə ordumuz əsgər və zabitlərin canı-qanı bahasına Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu. Vətən yolunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əydiklərini bildirən kollektiv üzvləri onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
Şəhidlərimizin ailələri dövlətimizin qayğısını daim öz üzərlərində hiss etdiklərini, qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Qeyd edək ki, şəhid İbrahim İbrahimov Cəbrayıl, Zəngilan, Füzuli və Xocavənd uğrunda, şəhid Sahil Məmmədov Murov dağ, şəhid Fərmin Əliyev isə Tərtər rayonunun Talış kəndi uğrunda döyüşlərdə şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuşlar.