^

Naxçıvanda Türkiyə Cümhuriyətinin 100 illiyi münasibətilə keçirilmiş tədbirdə Səadət Bəktaşi iştirak edib

 

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən tədbir təşkil edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, digər rəsmi şəxslər, mədəniyyət və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi tədbirdə iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, qardaş respublikaların dövlət himnləri səsləndirilib.

Baş konsul Asip Kaya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə xalqına ünvanladığı təbrik məktubunu oxuyub. Asip Kaya həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz 2023-cü ili qardaş ölkələrimiz üçün uğurlu il kimi qiymətləndirib, bu il dövlət başçılarımızın Naxçıvandakı görüşünün ikitərəfli münasibətlərin inkişafında daha bir mühüm mərhələ olduğunu diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubundan sitatlar gətirərək qeyd edib ki, 100 il öncə çox çətin şəraitdə tarixi zəfər çalaraq istiqlaliyyətini əldə edən Türkiyə bu gün müasir dünya nizamında öz sözünü deyə bilən, qabaqcıl ölkələr sırasında yer alan güclü bir dövlətdir. Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin böyük uzaqgörənliklə başlatdığı və dövlət başçılarımız tərəfindən daha da inkişaf etdirilən birlik, dostluq və qardaşlıq əlaqələri bu gün ölkələrimizi qlobal müstəvidə qüdrətli edən mühüm amildir. Türkün qapısı Naxçıvan isə bu münasibətlərin inkişafında müstəsna rol oynayır. Ölkə başçılarımızın Naxçıvan görüşündə verdiyi mesajlar da bu mənada qətidir.

Naxçıvan qısa zamanda iki ölkə arasında önəmli nəqliyyat, logistika və enerji mərkəzinə çevriləcək.

Fuad Nəcəfli Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqına rifah və firavan həyat arzulayıb, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kayaya Şuşa Bəyənnaməsinin imzalanması zamanı çəkilən portreti təqdim edib.

Tədbirdə Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş marş səsləndirilib və videoçarxlar nümayiş etdirilib.

Həmçinin baş konsulluğun təşkil etdiyi fotosərgiyə də baxış olub.