^

Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün “Məhkəmə təcrübəsi: mülki və cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda elmi-nəzəri seminar keçirilib

 

 

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyğun olaraq oktyabrın 25-də Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün “Məhkəmə təcrübəsi: mülki və cinayət qanunvericiliyinin aktual problemləri” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov Ali Məhkəmə ilə Universitet arasında imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu qeyd edərək Memoranduma uyğun olaraq keçirilən bu cür tədbirlərin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin ixtisaslı kadrlar kimi yetişdirilməsində əhəmiyyətini vurğulayıb.

Sonra tələbələr üçün Ali Məhkəmənin Mülki Kollegiyasının sədri vəzifəsini icra edən Əli Allahverdiyev tərəfindən “Vərəsəlik hüququna dair problemli məsələlər” mövzusunda  seminar keçirilib. Tələbələrə Azərbaycan Respublikasının mülki qanunvericiliyində vərəsəlik hüququ, mirasın qəbulu, müqavilənin ləğvi və s. mövzularda qarşılaşılan nəzəri və təcrübi problemlər və bu sahədə mövcud olan vahid məhkəmə təcrübəsi barədə ətraflı məlumat verilib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsini icra edən İlqar Mirzəyev “Cinayətlərin çoxluğunun bəzi aspektləri” barədə seminar mövzusu ilə çıxış edərək cinayət işləri üzrə tövsif, sübutetmə və məhkəmə istintaqının aktual problemləri və onların həlli yolları, həmçinin müxtəlif cinayət əməlləri üzrə qarşıya çıxan nəzəri və təcrübi problemlər, onların hüquqi nəticələri, cinayət işləri üzrə icraatın mülki hüquqi xarakterli münasibətlərdən və onun hüquqi nəticələrindən fərqləndirilmə qaydası barədə ətraflı izahlar verib.

Təlimin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular barədə fikir mübadiləsi aparılıb.