11 iyul 2011-ci il tarixdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Bakı Ofisi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının hakimləri üçün Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqinin aktual məsələləri mövzusunda seminar-müşavirə keçirilmişdir. Təbriz mehmanxanasında keçirilən seminar-müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açaraq dövlətin ali məqsədi hesab edilən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ölkəmizdə həyata keçirilən hüquq islahatlarından söhbət açmışdır. Qeyd etmişdir ki, Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildə Avropa Şurasına daxil olmaqla milli qanunvericilik və onun tətbiqi təcrübəsi Avropa standartlarına uyğunlaşdırılmışdır. Təqdirəlayiq haldır ki, dövlətimiz bu nüfuzlu beynəlxalq təşkilata üzv olduqdan sonra 25 dekabr 2001-ci il tarixli qanunla insan hüquq və azadlıqları ilə bağlı ən əhəmiyyətli beynəlxalq aktlardan sayılan İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında 1950-cı il 4 noyabr tarixli Konvensiyanı təsdiq etmişdir. Ölkəmizə münasibətdə həmin beynəlxalq akt 15 aprel 2002-ci ildən etibarən hüquqi qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli fərmanında Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və tədbiqi ilə bağlı tövsiyələr verilmişdir. Bu tövsiyələrin reallaşdırılması məqsədilə Ali Məhkəmə və muxtar respublikada fəaliyyət göstrən bütün birinci instansiya məhkəmələri üçün hər cür şərait yaradılmışdır. Muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi həm hakimlərin ölkə miqyaslı tədbirlərə cəlb edilməsi, həm də muxtar respublikanın daxilində təşkil olunan tədbirlər vasitəsilə həyata keçirilir. Bir neçə ildir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təcrübəsinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində hər ay muxtar respublika məhkəmələrinin sədr və hakimlərinin iştirakı ilə seminarlar keçirilir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında Hüquq İnstitutlarının inkişafı haqqında Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının müstəsna rolu olmuşdur. Fərmanın qəbul edilməsindən sonra ötən 5 ilə yaxın müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqları sayəsində muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz edilməsi, habelə məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra işlər görülmüşdür.
ATƏT-in Bakı Ofisinin Qanununun Aliliyi və İnsan Hüquqları Proqramının rəhbəri Monika Martinez çıxış edərək Avropa İnsan Hüquqları Kanvensiyasının tətbiqinin aktual məsələləri mövzusunda seminar-müşavirəni son dərəcə aktual və əlmətdar bir mövzuya həsr olunduğunu qeyd etmişdir.
Azərbaycan Respubliksının Avropa İnsan Hüquqları Məhkəməsində hakimi Xanlar Hacıyev Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla münasibətdə: AİHM-in qərarları və onların milli qanunvericilik və məhkəmə təcrübəsi baxımından əhəmiyyəti mövzusunda çıxış edərək seminar-müşavirədə iştirak edən Naxçıvan Muxtar Respublikasının hakimləri üçün qəbul olunan qərarlar və onların milli qanunvericilik əsasları haqqında məlumat vermişdir.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev Hakimlərin gündəlik praktikada rastlaşdıqları aktual məsələlər mövzusunda çıxış edərək Avropa Məhkəməsinin presedentlərinin milli məhkəmələrin təcrübəsində tətbiq olunmasının dövlət tərəfindən məhkəmə hakimiyyəti qarşısında qoyulmuş mühüm vəzifə olduğunu vurğulamışdır.
Qeyd edək ki, seminar-müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq - mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iştirak etmişlər.
Sonda məruzələr ətrafında müzakirələr olmuşdur.