Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tədbir təşkil olunub. Məhkəmənin sədri Səadət Bəktaşi çıxış edərək bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günü olmasını bildirib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsinin Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatdığını vurğulayan məhkəmənin sədri uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasından bəhs edib.
Sonda məhkəmənin sədri Səadət Bəktaşinin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətənimizə Şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən bütün şəhidlərimizə allah rəhmət eləsin!