Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Prokurorluğun sorğusu əsasında Cinayət Məcəlləsinin 234.4.4-cü və 236-cı maddələrinin İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Baş Prokurorluq və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Gəncə Apellyasiya Məhkəməsinin, Şirvan Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Daxili İşlər Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2-ci, 234.3-cü, 234.3-1-ci, 234.4.1-ci, 234.4.2-ci və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır.
Azərbaycan Respublikası Konstitusiyasının norma və prinsiplərini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyasının (3-cü maddəsinin 1-ci bəndinin (c) yarımbəndinin (iii) abzasının) tələblərinə riayət edilməklə, narkotik vasitələrin və ya psixotrop maddələrin təşviqinə görə cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Qərarın məzmunu ilə buradan tanış ola bilərsiniz.