^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüşdə iştirak edib

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən həyata keçirilən “Femida Dialoq Platforması” çərçivəsində növbəti görüş sahibkarlarla keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi və Məhkəmənin kommersiya kollegiyasının sədri vəzifəsini icra edən Səxavət Bəylərli görüşdə iştirak ediblər.

Görüşdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov layihənin məqsədi barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, “Femida Dialoq Platfporması”nda hüquqşünaslar, vətəndaş cəmiyyəti institutları, sahibkarlar, eləcə də digər sahələrdə fəaliyyət göstərən təşkilatlarla məhkəmə-hüquq sistemində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli istiqamətində müzakirələr təşkil edilir. Üçüncü görüşün sahibkarlarla keçirilməsinin təsadüfi olmadığını vurğulayan sədr qeyd edib ki, sahibkarlığın inkişafı dövlətimizin iqtisadi inkişaf siyasətinin əsasını təşkil edir.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə yaradılan dinamik iqtisadi inkişaf mühiti sonrakı illərdə ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanda yeni kommersiya məhkəmələrinin fəaliyyətə başlamasının sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həllində hüquqi müəyyənliyin təmin edilməsi, sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi və  biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılmış mühüm addım olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, dövlət və məhkəmə hakimiyyəti vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə orqanlarının səmərəliliyin  gücləndirilməsi, mübahisələrin alternativ həlli institutlarının yaradılması və digər fundamental əhəmiyyət daşıyan məsələlərdə öz üzərinə düşəni həyata keçirir. Lakin sürətlə inkişaf edən dünyada yeni hüquq münasibətləri meydana çıxır, biznes mühitində rəqabətə davamlılıq getdikcə çətinləşir. Mövcud problemlərin əvvəlkindən daha çevik həlli tələb olunur, həm dövlətlər, həm də sahibkarlar yeni çağırışlarla üzləşirlər. Bu çağırışlara cavab vermək üçün ən uğurlu yol isə birgə əməkdaşlıq və birgə dialoqdur. Ali Məhkəmənin də hər zaman dialoqa və sahibkarların məhkəmə sahəsində üzləşdiyi problemlərin həlli istiqamətində səy göstərməyə hazır olduğu xüsusi qeyd edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında Ali Məhkəmə tərəfindən sahibkarlarla görüşün keçirilməsini yüksək qiymətləndirib və aparılan müzakirələrin məhkəmə mübahisələrində çevik qərarların qəbul edilməsinə təsir göstərəcəyini bildirib. Diqqətə çatdırılıb ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımların tərkib hissəsi kimi məhkəmə-hüquq sistemində aparılan islahatlar sahibkarlığın inkişafı baxımından kifayət qədər önəmlidir.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər tədbir iştirakçıları çıxışlarında “Femida Dialoq Platforması” çərçivəsində keçirilən görüşün sahibkar-məhkəmə münasibətlərinin inkişaf etdirilməsinə, ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına önəmli töhfə verəcəyini vurğulayıblar. 

Sonra tədbirdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, həmçinin təkliflər səsləndirilib.