^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi həssas miqrantların hüquqlarının müdafiəsi sahəsində keçirilən təlimin açılış mərasimində iştirak edib

 

NaxçıvandaHəssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmimövzusunda təlim keçirilib.

 “Naxçıvan Palace”da keçirilən təlimin açılış tədbirində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Naxçıvan regional miqrasiya baş idarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva çıxış ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi  tədbirdə iştirak edib.

Qeyd edilib ki, insan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib. Ulu öndərimizin rəhbərliyi altında ölkəmizdə sabitlik bərqərar olub, ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilib.

Vurğulanıb ki, bu islahatlar çərçivəsində miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi də mühüm istiqamət təşkil edir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları təmin olunur. Ötən illər ərzində miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası beynəlxalq konvensiyalara qoşulub, bir sıra ölkələrlə sazişlər imzalayıb.

Bildirib ki, Naxçıvanın bir sıra ölkələrlə sərhəddə yerləşməsi, muxtar respublikada yaşayış şəraitinin yüksək olması miqrant axınının da artmasına səbəb olub. Bu da miqrasiya sahəsində tədbirlərin diqqətdə saxlanılmasını zəruri edir. Bu gün təlimin Naxçıvanda keçirilməsi də bu baxımdan mühüm önəm kəsb edir.

Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsmanın sektor müdirləri Turan Cahangirova və Aynur Həmidovanın, Yunanıstan ombudsmanın əməkdaşı Yiannis Boutselisin təqdimatında təlimlərə start verilib. Təlim iştirakçıları “Həssas miqrantların hüquqlarının qorunmasında Azərbaycan Ombudsmanının rolu. Müraciətlərin araşdırılması və monitorinqi”, “Miqrantların və sığınacaq axtaran şəxslərin hüquqlarının təşviqi və müdafiəsi. Yunanıstan ombudsmanının rolu və mandatı”, “Azərbaycan ombudsmanı və miqrantların hüquqlarının müdafiəsi sahəsində informasiyaya çıxış. Hüquqi maarifləndirmə və preventiv strategiya”, “İnsan hüquqlarının monitorinqi: Ombudsman məcburi qayıdış əməliyyatının xarici nəzarət mexanizmi kimi”, “Azərbaycan Ombudsman Milli Preventiv Mexanizm qismində fəaliyyəti” və digər mövzularda təqdimatlar dinləyiblər.

Muxtar respublikada fəaliyyət göstərən hüquq-məhkəmə sistemi əməkdaşlarının iştirak etdiyi təlimlərdə fikir və təcrübə mübadiləsi aparılıb, suallar cavablandırılıb.