^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İlqar Mirzəyevin Kriminalistika kitabının təqdimatı keçirilib

 

Tədbiri açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi kitabın işıq üzü görməsi münasibətilə müəllifi təbrik edərək, kriminalistika üzrə vacib bilikləri özündə ehtiva edən metodik vəsaitin bu sahədə Azərbaycan dilində çap olunmuş dəyərli nəşr olduğunu diqqətə çatdırıb.  İlqar Mirzəyevin pedaqoji fəaliyyətini yüksək qiymətləndirən Ali Məhkəmənin sədri ərsəyə gəlmiş vəsaitin hüquq sahəsinə vacib töhfə olduğunu bildirib.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən müəllif İlqar Mirzəyev  çıxışında qeyd edib ki, hüquq-mühafizə praktikasının təkmilləşdirilməsi və kriminalistika elminin inkişafı kriminalistika üzrə tədris kurslarının  nəşrini qabaqlayır. Bununla əlaqədar olaraq yenicə işıq üzü görən bu vəsaitin nəşri kriminalistika elminin yeni müddəalarının öyrənilməsinə kömək etmək, cinayətlərin açılması və təhqiqatın kriminalistik məsələlərinin həlli vasitələrinin mənimsənilməsinə töhfə vermək məqsədi daşıyır.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları kitabın nəşri münasibətilə müəllifi təbrik edərək uğurlar arzulamışlar.

Sonda müəllifə xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, oxuyucuya bu sahədəki biliklərini sistemləşdirməyə imkan verən vəsait özündə kriminalistikanın elmi nəzəri əsasları, kriminalistik taktika və texnika, ayrı-ayrı cinayət növlərinin araşdırılmasının kriminalistik metodikası barədə dəyərli elmi məlumatları əks etdirir.