2023-ci il mayın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə etmiş, iki qardaş ölkə arasında əlaqələrin daim uğurla inkişaf etdiyini vurğulamışdır.
Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə məlumat verən Səadət Bəktaşi bildirib ki, məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması və məhkəmələrin əlçatanlığının təmin olunması sahəsində görülən işlər ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Məhkəmələrdə istifadə olunan ən yeni informasiya texnologiyalarından söz açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri vətəndaş müraciətlərinə xüsusi diqqətin verildiyini bildirərək bu sahədə təcrübəni qonaqlarla bölüşüb.
Görüşdə qonaqlara Azərbaycanın məhkəmə sistemi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin fəaliyyət dairəsi barədə məlumat verilmişdir.
Ali Məhkəmənin sədri son illər respublikamızda məhkəmə hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə qarşıda duran vəzifələrdən danışmışdır. Ali Məhkəmənin sədri bildirmişdir ki, məhkəmə sistemində ən yeni informasiya texnologiyaları, “Elektron məhkəmə” informasiya sistemi tətbiq edilir. Hakim vəzifəsinə seçim prosedurları yeni, müasir standartlara uyğun aparılır.
Səmimi qəbula görə təşəkkür edən baş konsul Asip Kaya Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəm əsaslara malik olduğunu vurğulayaraq, ölkəmizdə görülən işlərin, aparılan məhkəmə-hüquq islahatlarının təqdirəlayiq olduğunu bildirib. Səfir iki ölkə arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.