^

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri başa çatıb

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ulu öndərin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələr arasında mini futbol turniri təşkil olunub.

Turnirdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 12 məhkəməni təmsil edən 8 komanda iştirak edib. Final oyunu Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin komandası və Kəngərli və Sədərək Rayon Məhkəmələrinin birgə komandası arasında baş tutub. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin komandası ilə Naxçıvan Şəhər və Babək Rayon Məhkəmələrinin birgə komandası üçüncü yer uğrunda mübarizə aparıb. Oyunların nəticələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin komandası birinci, Kəngərli və Sədərək Rayon Məhkəmələrinin birgə komandası ikinci, Naxçıvan Şəhər və Babək Rayon Məhkəmələrinin birgə komandası üçüncü yerin qalibi olub.

Turnirin bağlanış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev çıxış edərək ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb, turnirdə iştirak edən komandaları təbrik edib. Sonda qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Birinci yerin sahibinə kubok, medal və diplom,  ikinci və üçüncü yerlərə yiyələnmiş komandalara medallar və diplomlar təqdim edilib.