^

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri başlayıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ulu öndərin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən məhkəmələr arasında mini futbol turnirinə start verilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlamış, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirin rəsmi açılışında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini Əsgər Novruzov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirin məqsədləri barədə məlumat vermiş, komandalara uğurlar arzulamışdır.

Qeyd edək ki, ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqətlə yanaşmış Ulu Öndər Heydər Əliyevin xatirəsinin anılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil edilən turnirdə 8 komanda dörd qrupda mübarizə aparır. Qaliblər 09.05.2023-cü il tarixdə keçiriləcək final mərhələsinin yekununda müəyyənləşəcək.