^

“Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə “Heydər Əliyev məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

“Naxçıvan Palace”da davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Konfransı giriş nitqi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi açaraq konfrans iştirakçılarını salamlayıb, konfransda iştirakları münasibətilə minnətdarlığını bildirib, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirin qayəsindən bəhs edib.

Səadət Bəktaşi bildirib ki, hər bir xalqı dünya miqyasında tanıdan, milli inkişaf yolunu müəyyən edən vacib meyarlar sırasında şəxsiyyət amili xüsusi yer tutur. Bəşəriyyətin tarixi təkamül prosesi təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyev də özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman prioritet verərək bu meyarları demokratik inkişafın başlıca leytmotivi saymışdır.  Əminliklə söyləmək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin hər iki mərhələsi xalqımızın tarixən can atdığı milli müstəqilliyə qovuşmasında mühüm rol oynamışdır. Ümummilli liderlik zirvəsinə ucalmış böyük strateq Heydər Əliyevin milli müstəqilliyin qazanılması, qanunçuluğun bərpası, demokratik-hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması sahəsindəki misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim yüksək dəyərləndirilir. Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamına əsasən, bu il anadan olmasının 100-cü ildönümü böyük təntənə ilə qeyd edilən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının həm də hüquqi dövlətdə yaşamaq arzusunu reallaşdırmış fenomenal şəxsiyyətdir. Böyük strateq Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində ədalət, düzgünlük və humanizm prinsiplərinə tapınaraq, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışmışdır. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən respublikada dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının məhkəmələrdə maksimum dərəcədə qorunması, liberal dəyərlərin möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüuarda möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı islahatların reallaşdırılmasını təmin etmişdir. 

Naxçıvan Muxtar Respublikası ədliyyə naziri Daşqın Rəhimov çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi ümumilli lider Heydər Əliyev öz işıqlı əməlləri ilə xalqımızı tarixi müstəqilliyinə qovuşdurmuş, dövlətçiliyimizin qorunub saxlanmasında mühüm xidmətləri olmuş nadir şəxsiyyətlərdən, parlaq zəka sahiblərindəndir. Müstəqilliyin təmin edilməsinin və qorunub saxlanmasının nə qədər çətin olduğunu dəfələrlə bəyan etmiş ümumilli lider ötən yüzilliyin sonunda Azərbaycan xalqının bu haqqını gerçəkliyə çevirdi. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümumilli liderimizin həyata keçirdiyi hüquqi islahatlar çərçivəsində ədliyyə sahəsində köklü dəyişikliklər baş vermiş, onun cəmiyyətdə rolu və əhəmiyyəti artmışdır.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev qeyd edib ki, dahi öndərin 100 illik yubileyi istər ölkə daxilində, istərsə də sərhədlərimizdən kənarda silsilə tədbirlərlə qeyd olunur.  Bu konfransın özünə məxsusluğu isə ondadır ki, məhz ulu öndərin doğulub boya-başa çatdığı məkanda həyata keçirilir. Ulu öndərin Azərbaycana qayğısı, onun dövlətçiliyimizin taleyindəki vacib missiyaları 1940-cı illərdən başlamış, həm Azərbaycana birinci rəhbərliyi dövründə, həm də müstəqilliyimizn bərpasından sonrakı mürəkkəb və ziddiyyətli zamanlarda xalqımızın, dövlətimizin maraqlarının müdafiəsi istiqamətində prinsipial qərarlar qəbul etmişdir. Onun əsasını qoyduğu, Azərbaycan Respublikasnın Przidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi hüquq islahatları prokurorluq orqanlarından da yan keçməmiş, məhz bu istiqamətdə köklü islahatlar həyata keçirilmiş və hazırda da bu islahatlar davam edir. Bu isə öz növbəsində hüquq mühafizə və məhkəmə orqanlarının üzərinə yeni öhdəliklər, vacib vəzifələr qoyur.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva  çıxışında bildirib ki, Azərbaycanın müasir tarixinin 35 ili ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti ilə bilavasitə bağlı olmuş, və həmin illər ərzində ölkəmiz demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük uğurlar qazanmışdır. Məlumdur ki, iqtisadi sosial və siyasi islahatların həyata keçirilməsi qanunvericilik bazası olmadan mümkün deyildir. Buna görə də ulu öndər ölkəmizdə hüquqi dövlət quruculuğuna məhz müasir standartlara cavab verən hüquqi bazanın yaradılmasından başlamışdır. Ümumilli liderin Heydər liyevin hakimiyyətə qayıdışından sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar sırasında yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər, əfvetmə institutunun formalaşması istiqamətində atılan real addımlar, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması dövlət və vətəndaş münasibətlərində yeni başlanğıcın əasını qoymuşdur.

Naxçıvan Muxtar Respublikası daxili işlər naziri Süleyman Neymətov çıxış edərək qeyd edib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümumilli liderimiz Heydər Əliyev şəxsiyyəti onun siyasi və idarəçilik fəaliyyəti əvəzolunmaz yer tutur. Tarix boyu arzuladığımız milli dövlətçilik amallarını məhz ulu öndər Heydər Əliyev gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətini yoxdan qurub yaratmışdır. Ümumilli lider xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara başlanılmış, Azərbaycanın dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin ediməsi məhz ulu öndərin adı ilə bağlı olmuşdur. Azərbaycan polisinin də əsl inkişafı və milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həyata keçirilən davamlı islahatlar, cinayətkarlığa qarşı mübarizə üzrə normativ hüquqi aktların və Qanunların qəbul edilməsi polisin fəaliyətinin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malik olmuşdur.

Çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Ulu öndərin 100 illik yubileyi həm azərbaycanlılar, həm də Azərbaycan sevənlər tərəfindən böyük qürurla qeyd edilir. Zaman bizi ömrünü xalqının qurtuluşuna, onun müstəqilliyinə və inkişafına həsr etmiş ulu öndərdən ayırdıqca onun xalqımızın taleyindəki mühüm rolu, dövlətimizin inkişafına istiqamətlənmiş fəaliyyətinin uğurlu nəticələri daha aydın görünür. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrə nəzər saldıqda onun məhz repressiyalar, müharibələr, siyasi gərginliklər fonunda reallaşdırdığı uğurlu siyasətin Azərbaycan dövlətinin və xalqının gələcəyindəki həyati önəmi daha kəskin nəzərə çarpır. Məhz onun dərin zəkası, savadı, güclü mütaliəsi ilə bir çox mürəkkəb siyasi məqamlar Azərbaycan xalqının xeyrinə öz həllini tapmışdır ki, bu isə yalnız liderin xalqına olan dərin sevgisi, hörməti və öz amalında qətiyyətli addımları sayəsində mümkün olmuşdur.

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri vəzifəsini müvəqqəti icra edən Vüsal Həsənov çıxış edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi və müdafiə edilməsi eləcə də müstəqil vəkillik institutunun formalaşdırılması ümumilli liderin adı ilə bağlıdır.

Sonda çıxış edən Naxçıvan Mediasiya Təşkilatının sədri Yusif Həsənov bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəinin bütün mərhələləriöz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi daha da genişləndirilməsini dövlətin ən ali məqsədi elan etmiş, bu məqsədlə islahatların hüquqi bazasının yaradılması istiqamətində fəaliyyət göstərmişdir.

Çıxışlardan sonra qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.