Mart ayının 15-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi ölkədə aparılan köklü məhkəmə-hüquq islahatları barədə söhbət açmış, ulu öndər Heydər Əliyevin müasir hüquq sisteminin formalaşmasında xidmətlərini xüsusi vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar barədə geniş məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin gündəliyinə salınmış məsələlərə baxılmışdır.
İclasda Rəyasət Heyətinin 2023-cü il üzrə 2 saylı qərarı qəbul olunmuş, həmin qərarla “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Nахçıvаn Muxtar Respublikası Аli Məhkəməsi tərəfindən 2023-cü ildə görüləcək işlərə dair tədbirlər planı təsdiq edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkibi müəyyən edilmiş, Məhkəməsinin nəşri olan “Bülleten”in Redaksiya Heyətinin tərkibində müvafiq dəyişikliklər edilmişdir. Qərarın mətni ilə buradan tanış olmaq olar.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi iclasa yekun vuraraq qeyd etmişdir ki, Nахçıvаn Muхtаr Rеspublikаsının Аli Məhkəməsi öz fəaliyyətini qаnunvеriciliyin tələblərinə uyğun həyata keçirməklə ölkədə aparılan mütərəqqi hüquq islahatlarının uğurla davam etdirilməsinə və keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.