^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müvafiq əmri ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi” medalı ilə təltif olunmuşdur. 6 fevral 2023-cü il tarixində medalın təqdim etmə mərasimi keçirilmişdir.  

Tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir  ki, bu il Ali Məhkəmənin fəaliyyətinin 100 ili tamam olur. Ali Məhkəmənin 100 illik yubileyi çox əlamətdar bir ilə təsadüf edir. Bu il xalqımız müasir Azərbaycanın qurucusu, Ulu  öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşır. Müstəqil Azərbaycan dövlətinin, eyni zamanda Azərbaycanda məhkəmə sisteminin inkişafı Ulu öndərin fəaliyyəti ilə sıx bağlı olduğunu bildirən Ali Məhkəmənin sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin tarixi, Ulu öndərin və onun davamçısı Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində apardıqları islahatlar barədə danışmışdır.

Sədr qeyd etmişdir ki, müstəqilliyin bərpasından sonrakı dövrdə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi statusu, məhkəmə sistemində yeri və rolu ölkənin Əsas Qanunu olan 1995-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən olunmuşdur.

Ulu öndərin davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermiş, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə məhkəmələrin səlahiyyətləri genişləndirilmiş, maddi təminatları yaxşılaşdırılmış, hakimlərin şəffaf prosedurlar əsasında seçilməklə tərkibinin əsaslı şəkildə yenilənməsinə nail olunmuşdur.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının davamlılığının real göstəricisidir. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsi olduğunu qeyd edən Ali Məhkəmənin sədri bildirib ki, bu Fərman ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsinə müsbət təsirini göstərib.

Ali Məhkəmənin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli 762-VIQD nömrəli Qanunu ilə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmiş və Əsasnaməsi təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 14 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə həvalə edilmişdir.

Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən təltif olunmuş şəxslərə  medalları təqdim edilmişdir.