^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tələbələr üçün “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq noyabrın 14-dən 18-dək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tələbələr üçün “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi həyata keçirilib. Həftə ərzində davam edən layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə hüquqşünas tələbələri maarifləndirmək olmuşdur.right

Naxçıvan Dövlət Univerisitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə həyata keçirilən layihə çərçivəsində tələbələr öz seçimlərinə müvafiq olaraq Ali Məhkəmənin struktur bölmələri ilə tanış olmuş, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında məlumatlandırılmışlar.

Layihənin ikinci günü Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov tərəfindən “Məhkəmə etikası, məhkəmədə davranış qaydaları” mövzusunda təlim keçilmiş, mövzu ətrafında tələbələrin ünvanladıqları suallar cavablandırılmış, onları maraqlandıran məsələlərə dair geniş izahlar verilmişdir.

Növbəti gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov tərəfindən “Məhkəmə-hüquq sistemində islahatlar” mövzusunda təlim keçilmiş, tələbələrə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkədə aparılan məhkəmə-hüquq islahatları barədə geniş məlumatlar verilmiş, onları   maraqlandıran suallar hakim tərəfindən cavablandırılmışdır.

Layihə çərçivəsində Ali Məhkəmənin əməkdaşı tərəfindən “Elektron məhkəmə” informasiya sistemi, ondan istifadə qaydaları, məhkəmələrə ərizə və şikayətlərin elektron məhkəmə informasiya sistemi ilə verilməsi” mövzusunda slaydların müşayiəti ilə əyani təqdimat baş tutmuş, təqdimat vasitəsilə layihə iştirakçıları “Elektron məhkəmə” informasiya sisteminin iş prinsipləri, sistemdən istifadə qaydaları, işlərə kağızsız elektron qaydada baxılmasının hüquqi əsasları barədə məlumatlandırılmışlar.

Layihə çərçivəsində həmçinin tələbələrin məhkəmə iclaslarında iştirakları təmin olunmuşdur.

Qeyd edək ki, layihənin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin həftə ərzində biliklərinin təkmilləşdirilməsi, onlarda nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri yaratmaqla yanaşı gələcəyin hüquqşünaslarına peşə vərdişlərini aşılamaq və peşəkar kadrlar kimi yetişmələrinə töhvə verməkdir.