^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət sərgini ziyarət etmişdir.

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin və qadınların məşğulluğunun təmin olunması, onların ictimai-sosial həyatda iştirakı, istedadlarının üzə çıxarılması və  onların rifah halının yüksəldilməsi daim diqqətdə saxlanılır. Bu məqsədlə qəbul edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunub.

Oktyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi sərgini ziyarət etmişdir. Məlumat verilmişdir ki, sərgi-satışa 442 şəxsin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Sərgidə sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri nümayiş olunur.