Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.
İyulun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivi Cəmşid Naxçıvanski Muzeyində olublar.
Muzeydə kollektivə məlumat verilib ki, Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları olmaqla, ümumən 5400-ə yaxın eksponat nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.
Sonra kollektivin üzvləri Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlarla tanış olublar.