Naxçıvan Dövlət Univerisitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə nəzərdə tutulmuş təlimin ilk günü tələbələr Ali Məhkəmənin struktur bölmələri ilə tanış olmuş, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında məlumatlandırılmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq aprelin 25-dən 29-dək davam edəcək təlimin prioritet məqsədi kimi tələbələrin ailə qanunvericiliyinə dair biliklərini daha da təkmilləşdirmək, eləcə də bu sahədə məhkəmə praktikasında qarşılaşılan problemlər və sahənin aktual məsələləri barədə onları məlumatlandırmaq müəyyən olunub.
Həftə ərzində davam edəcək təlimdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, Kommersiya kollegiyasının sədri Əhliman Xıdırovun mövzu barədə məruzəsi, tələbələri maraqlandıran sualların hakim tərəfindən cavablandırılması, eyni zamanda, ailə qanunvericiliyi barədə tələbələrin iştirakı ilə qarşılıqlı müzakirə, həmçinin təlimdə iştirak edəcək tələbələrin ailə qanunvericiliyinin tətbiq dairəsinə daxil olan işlər üzrə məhkəmə iclaslarında iştirakları nəzərdə tututulub.
Qeyd edək ki, təlim həftəsinin məqsədi hüquq ixtisası üzrə təhsil alan tələbələrin həftə ərzində konkret hüquq sahəsi üzrə biliklərinin təkmilləşdirilməsi, onlarda nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri yaratmaqla yanaşı gələcəyin hüquqşünaslarına peşə vərdişlərini aşılamaq və peşəkar kadrlar kimi yetişmələrinə töhvə verməkdir.