^

Muzey günləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində olublar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin öyrənilməsinə və təbliğinə hərtərəfli şərait yaradır.

Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyində olub.

Muzeydə kollektivə məlumat verilib ki, Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 50 minə yaxın eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır. Bildirilib ki, burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir. Muzeyin ekspozisiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən xüsusi sərgilər, tamaşaçılara ulu öndərin şərəfli həyat yolunu izləməyə imkan verən tarixi sənədlər, foto şəkillər, rəsm əsərləri, kitab və dövrü mətbuat nümunələri ilə zəngindir.

Qeyd olunub ki, muzeyin ekspozisiyasında təqdim olunan rəsm əsərləri Naxçıvan tarixinin müxtəlif dövrlərini yaxından izləməyə imkan verir. Muzeyin ekspozisiyasında milli musiqi alətlərinin müxtəlif növləri- nəfəsli, simli və zərb musiqi alətləri nümayiş etdirilir. Muzeyin ikinci mərtəbəsindəki ekspozisiya XIX-XX əsrləri əhatə edir. XIX əsrdən indiyədək Azərbaycanda dövriyyədə olan kağız pulların nümunələri və müxtəlif dövrlərə aid sikkələr tamaşaçılara təqdim olunur. Həmçinin XIX əsrdən XX əsrin əvvələrinədək Naxçıvanın kənd təsərrüfatında istifadə olunan alətlər və qurğular nümayiş etdirilir.

Ekspozisiyada  azərbaycanlı ustalar tərəfindən  hazırlanmış məişət əşyaları və dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilir. Milli ornamentlərlə toxunan  xovlu və xovsuz  xalçalar, at və dəvə üzəngiləri, xurcunlar, heybələr, məfrəşlər, bədii tikmələr xalqımızın  zəngin tarixi mədəniyyətə malik olduğundan xəbər verir.

Kollektivə muzeyin ekspozisiyasında Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixindən bəhs edən sərgi və zəfər guşəsi haqqında ətraflı məlumat verilib.