^

Muzey günləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olublar.

Oktyabrın 30-da Naxçıvan Dövlət Xalça Muzeyində olan kollektivə bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Xalça Muzeyinin xalçaçılıq sənətinin təbliği, yaşadılması sahəsində özünəməxsus yeri var.

Vurğulanıb ki, hazırda  Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 320-ni keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid  120 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub.

Naxçıvan Dövlət Xalça Muzeyinin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, bu gün Naxçıvan Dövlət Xalça Muzeyi mədəni mərkəzə çevrilib. Burada xalçaçılıqla bağlı mütəmadi sərgilər düzənlənir, kitab təqdimatları, elmi konfranslar gerçəkləşir.

Qeyd olunub ki, Azərbaycan xalçaları 2010-cu ildə UNESCO-nun “Qeyri madii mədəni irs” siyahısına da daxil edilib.

Muzeyin bələdçisi bildirib ki, muzeyin 2013-cü ildə üç dildə internet saytı istifadəyə verilib. Bu da muzeyi virtual səyahət etməyə, ziyarətçilərə ekspozisiyadakı eksponatlarla bağlı məlumatlar verməyə, tarixi keçmişimizi öyrənməyə imkan yaradıb.