^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində tədbir keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” və 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamları ilə dövlət orqanlarının üzərinə gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində fəal iştiraklarına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək vəzifəsi qoyulub.

Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində 12 noyabr -Konstitusiya gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə universitetin “Beynəlxalq əlaqələr və hüquq fakültəsi”nin dekanı, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov bildirib ki, hər il 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur. Möhkəm hüquqi bazaya malik olan Konstitusiya hələ uzun illər Azərbaycan Respublikasının sabitlik şəraitində davamlı inkişafını təmin etməyə, müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirməyə, müstəqilliyimizi yaşatmağa qadir olacaq və Azərbaycan xalqına xidmət edəcəkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Ziya Kərimov “Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli konstitusiyasının banisi kimi” mövzusunda çıxış edərək konstitusiyanın beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəd olduğunu bildirmiş, ulu öndər Heydər Əliyevin ilk milli konstitusiyanın qəbul edilməsində əməyi, onun konstitusiyanın hər bir maddəsinin ərsəyə gəlməsində göstərdiyi misilsiz, tarixi xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra “Azərbaycan Respublikasının ilk milli konstitusiyası demokratik dəyərlərin əsas təminatçısı kimi” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı Yunis Xəlilov əsas Qanunun ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu üçün geniş imkanlar açdığını diqqətə çatdıraraq qeyd edib ki, müəllifi ulu öndər Heydər Əliyev olan Konstitusiyamız sosial yönümlü konstitusiya kimi müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan əsas qanundur. Konstitusiyanın üçdə bir hissəsinin əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilməsinin ölkəmizin demokratiya idealarına sadiqliyinin göstəricisinin bariz nümunəsi olması xüsusi vurğulanıb.

Tədbirin sonunda mövzular ətrafında müzakirələr aparılaraq tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.