2023-cü ildə ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində qəbul olunmuş tədbirlər planına uyun olaraq silsilə tədbirlərin keçirilməsi davam edir.
Növbəti belə tədbir Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə baş tutmuşdur. Tələbələr aprelin 10-dan 14-dək davam edən layihə çərçivəsində təlimə cəlb olunublar. Həyata keçirilən layihənin məqsədi tələbələrə peşə vərdişlərini aşılamaq, onların təcrübi biliklərini artırmaq, nəzəri biliklərin təcrübədə istifadəsi vərdişlərini formalaşdırmaqdır.
Layihənin ilk günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov tərəfindən “Heydər Əliyev və Məhkəmə Hüquq islahatları” mövzusunda təlim keçilmiş, mövzu ətrafında tələbələrin ünvanladıqları suallar cavablandırılmış, onları maraqlandıran məsələlərə dair geniş izahlar verilmişdir.
Növbəti gün tələbələr Ali Məhkəmənin müvafiq şöbələri ilə tanış olmuş, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında məlumatlandırılmışlar.
Layihə çərçivəsində tələbələr elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumatlandırılmış, onların məhkəmə iclaslarında iştirakları təmin olunmuşdur.
Tələbələrdə hüquqi mühakimə və müzakirə qabiliyyətlərinin inkişaf etdirilməsi, onların malik olduqları hüquqi biliklərin daha da dərinləşdirilməsi, fikirlərini ifadə etmək bacaraqlarının təkmilləşdirilməsi məqsədilə tələbələr arasında hüququn nəzəri problemləri üzrə debat təşkil olunub, debatın nəticələri qiymətləndirilərək qalib komanda müəyyən olunub.
Layihənin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi tələbələrlə görüşüb. Görüş zamanı bildirilib ki, tədbirin keçirildiyi zaman xüsusilə əlamətdardır, belə ki, bu il xalqımız ümumilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Prezident cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən hüquq islahatlarının ən vacib məqsədlərindən biri düzgün, bilikli və peşəkar hüquqşünasların yetişdirilməsi, onların hüquq sistemində öz layiqli yerlərini almasıdır. Qeyd olunub ki, gələcəkdə Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulub ki, bu da öz növbəsində tələbələrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində geniş miqyaslı layihələrə, təlimlərə və təcrübə proqramlarına qoşulmaq üçün geniş imkanlar yaradacaqdır.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri tələbələrə gələcək peşə həyatlarında müvəffəqiyyət arzu etmiş, layihədə iştirakları ilə bağlı sertifikatlar təqdim etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.