^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tələbələr üçün bir həftəlik “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsinə start verilib

Naxçıvan Dövlət Univerisitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə nəzərdə tutulmuş layihənin ilk günü tələbələr öz seçimlərinə müvafiq olaraq Ali Məhkəmənin struktur bölmələri ilə tanış olmuş, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında məlumatlandırılmışlar.

Layihənin ikinci günü Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Polad Həsənov tərəfindən “Məhkəmə etikası, məhkəmədə davranış qaydaları” mövzusunda təlim keçilmiş, mövzu ətrafında tələbələrin ünvanladıqları suallar cavablandırılmış, onları maraqlandıran məsələlərə dair geniş izahlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq noyabrın 14-dən 18-dək davam edəcək layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə hüquqşünas tələbələri maarifləndirməkdir.

leftHəftə ərzində davam edəcək layihədə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Fərman Abbasov tərəfindən “Məhkəmə-hüquq sistemində islahatlar” mövzusunda təlim keçilməsi,  tələbələri maraqlandıran sualların hakim tərəfindən cavablandırılması, eyni zamanda, Ali Məhkəmənin əməkdaşı tərəfindən “Elektron məhkəmə sistemi, ondan istifadə qaydaları, məhkəmələrə ərizə və şikayətlərin elektron məhkəmə sistemi ilə verilməsi” mövzusunda slaydlar vasitəsilə əyani təqdimat, həmçinin tələbələrin həftə ərzində məhkəmə iclaslarında iştirakları nəzərdə tutulub.

Qeyd edək ki, layihənin məqsədi hüquq ixtisası üzrə təhsil alan tələbələrin həftə ərzində biliklərinin təkmilləşdirilməsi, onlarda nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri yaratmaqla yanaşı gələcəyin hüquqşünaslarına peşə vərdişlərini aşılamaq və peşəkar kadrlar kimi yetişmələrinə töhvə verməkdir.