^

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində tələbələr üçün “Ailə qanunvericiliyinin aktual məsələləri”nə həsr olunmuş beş günlük təlim keçilib

Tələbələrin hüquqa dair biliklərini daha da təkmilləşdirmək, eləcə də bu sahəyə olan marağını artırmaq məqsədilə keçirilən təlimdə Naxçıvan Dövlət Univerisitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib. Əvvəlcə tələbələr məhkəmənin müxtəlif strukturlarında iş şəraiti ilə tanış olub onları maraqlandıran suallar cavablandırılıb. Tələbələr Ali Məhkəmədəki kitabxana ilə tanış olub, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında onlara ətraflı məlumat verilib.

Növbəti gün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşları tərəfindən tələbələrin ailə qanunvericiliyi barədə nəzəri biliklərinin təkmilləşdirilməsi istiqamətində çıxışlar edilib.

Keçirilən təlimin növbəti günündə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, kommersiya kollegiyasının sədri Əhliman Xıdırov Ailə qanunvericiliyinin aktual məsələləri barədə tələbələrə təlim keçib, təlimdə tələbələr ailə qanunvericiliyinin ümumi xarakteristikası, ailə mübahisələri üzrə işlərə tətbiq olunmalı olan qanunvericilik aktlarının dairəsi, həmin qəbildən işlərə baxılması zamanı formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumatlandırılıb, tələbələri maraqlandıran suallar hakim tərəfindən cavablandırılıb, mövzu ətrafında tələbələrin iştirakı ilə qarşılıqlı müzakirə aparılıb.

Sonrakı gün tələbələrin ailə qanunvericiliyinin tətbiq dairəsinə daxil olan işlər üzrə məhkəmə iclaslarında iştirakları təmin olunub.

Layihənin sonuncu günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüşüb. O, ölkədə aparılan hüquqi islahatların tərkib hissəsi kimiright məhkəmə orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli və humanist kadrların formalaşdırılmasının vacibliyini vurğulayıb. Qasım Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının gələcəyin fəal, təşəbbüskar, vətənpərvər ruhlu kadrlarının yetişdirilməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biri olduğunu bildirib, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən kommersiya kollegiyasının sədri Əhliman Xıdırov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarının icrası çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Ali Məhkəmə arasında qarşılıqlı əməkdaşlıq qurulub və bu istiqamətdə həyata keçirilən belə tədbirlərin təşkili gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsinə, ixtisaslarına dərindən yiyələnmələrinə yeni imkanlar yaradır.

Universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına uyğun olaraq Ali Məhkəmə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilməsi ənənəvi hal almış bu cür tədbirlərin tələbələrin peşəkar kadrlar kimi yetişdirilməsində mühüm əhəmiyyətini vurğulayaraq yaradılmış şəraitə görə minnətdarlığını bildirib.