^

Ədalətli məhkəmə araşdırması hüququ çərçivəsində mülki işlər üzrə məhkəmə qərarlarının icrası: milli qanunvericilik və beynəlxalq təcrübə

 

(Şərur Rayon Məhkəməsinin sədri Əliyev Mehdi Ədalət oğluna məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin 2021-ci il üzrə çap edilmiş 1-ci sayında dərc olunmuşdur.)

  

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə görə ədalətli məhkəmə araşdırması hüququ həm məhkəmədə işə baxılması, həm də məhkəmə qərarlarının ağlabatan müddətlərdə icra olunmasını təmin etməyə yönəlmişdir.

Qanunvericiliyimizdə məhkəmələr tərəfindən mülki işlərə 3 ay müddətində baxılması və məhkəmə qərarlarının icrası üçün 10 günlük könüllü icra müddətinin müəyyən olunması, icra məmuru tərəfindən isə 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirilməsinin nəzərdə tutulması ilk növbədə ədalət mühakiməsinin maraqlarının təmin olunmasına yönəlmişdir. Əks təqdirdə icrası təmin edilməyən və ya vaxtında icra edilməyən məhkəmə qərarları xəyali sənədə çevrilməklə ədalət mühakiməsinin həyata keçirilməsini əhəmiyyətsiz edərək hüququ pozulan şəxslərin ədalət mühakiməsinə olan inamının sarsılmasına səbəb olardı.

Məqaləmizdə ədalətli məhkəmə araşdırması hüququ çərçivəsində mülki işlər üzrə məhkəmə qərarlarının icrasının milli qanunvericilikdə hüquqi tənzimlənməsi ilə xarici ölkələrin qanunvericiliyinin müqayisəli təhlilini aparacaq, öz fikir və mülahizələrimizi bölüşməyə çalışacağıq.

İlk növbədə bu sahədə Azərbaycan Respublikası qanunvericiliyini nəzərdən keçirək.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların (bundan sonra - məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Göründüyü kimi hazırda mövcud olan icra haqqında qanunun əhatə dairəsi daha geniş olmaqla, təkcə məhkəmə qərarlarının icrasını deyil, digər orqanların da qərarlarının icrasını nəzərdə tutmuşdur. Biz hazırkı yazımızda məhkəmə qərarlarının icrasına münasibətdə qanunvericiliyin normalarını təhlil etməyə çalışacağıq.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə həmin qanunla nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının pul vəsaitlərinin tutulmasına dair tələbləri vergi orqanları, bank və digər kredit təşkilatları tərəfindən icra olunur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Lakin göstərilən həmin orqanlar, təşkilatlar, habelə şəxslər məcburi icra orqanları sayılmır.

Göründüyü kimi qanunvericilikdə məhkəmə qərarlarının icrasının iki üsulu müəyyən olunub:

Məhkəmə qərarlarının məcburi icrası – icra məmurları tərəfindən

Məhkəmə qərarlarının digər orqanlar tərəfindən icrası.

Qanunvericilikdə həmçinin məhkəmə qərarlarının icrası müddətləri də “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmişdir. Həmin qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 

Məqaləmizdə qeyd olunanlarla bağlı aşağıdakı suallara aydınlıq gətirməyə, öz fikir və mülahizələrimizi oxucularla bölüşməyə  çalışacağıq:

Qanunvericilikdə göstərilən iki ay müddətində bütün zəruri icra hərəkətlərinin həyata keçirməli olması məhkəmə qərarlarının maksimum iki ay müddətində icra olunmalı olmasını nəzərdə tuturmu? İcranın səmərəliliyi və ədalət mühakiməsinin maraqları baxımından məhkəmə qərarlarının icrası üçün “ağlabatan müddət”  yoxsa “konkret müddət” daha məqsədəuyğundur?

Hansı hallarda mülki işlər üzrə məhkəmə qərarları icraya yönəldilməlidir və ya bütün hallarda məhkəmə qərarları icraya yönəldilməlidirmi?

Məhkəmə qərarları hansı hallarda icrası üçün yalnız məcburi icra orqanına, hansı hallarda digər orqan və ya vəzifəli şəxslərə göndərilməlidir və ya bütün hallarda məhkəmə qərarları məcburi icrası üçün icra məmuru tərəfindən icra edilməlidirmi?

Məhkəmə qərarlarının icrasına məhkəmə nəzarətinin həyata keçirilməsi zərurəti varmı və bu nəzarət qanunvericilikdə necə tənzimlənir?

Birinci sualla bağlı ədalətli məhkəmə araşdırması hüququ çərçivəsində məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına nəzər salmaq maraqlı olardı.

Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair  2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

Həmin qərarın 6-cı maddəsinə görə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. 

Ali Məhkəmənin hüquqi müvqeyinə görə ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında qeyd edir ki, ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən  Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.

Göründüyü kimi, iki ay müddətində bütün zəruri icra hərəkətlərinin həyata keçirməli olması məhkəmə qərarlarının maksimum iki ay müddətində icra olunmalı olmasını nəzərdə tutmur. Çünki, hər bir işin xüsusiyyətləri baxımından “konkret müddət” əvəzinə “ağlabatan müddət” yanaşmasının tətbiqi daha məqsədəuyğun görünür. Düzdür, bu hallarda da qərarların icrası zamanı subyektiv amillərin mövcud olması riski artırmaqla həmin qərarların vaxtında icrasına nəzarəti çətinləşdirir. Lakin bununla bağlı müxtəlif ölkələrin qanunvericiliyində müxtəlif həll yolları tətbiq olunmaqdadır. Bu həll yollarının ən uğurlu modellərindən biri “rəqabətə əsaslanan” icra modelidir ki, həmin model əsasında xüsusi lisenziya əsasında fəaliyyət göstərən özəl icra qurumları (məsələn: Kanada, Fransa, İngiltərə) icra fəaliyyətini həyata keçirir. Tələbkarlara isə icra qurumunu seçmək haqqı verilməklə, rəqabətlilik və rəqabətə əsaslanan operativlik təmin olunur. Həmçinin bir sıra hallarda ixtisaslaşmadan da istifadə olunur ki, hər bir özəl icra qurumu müəyyən kateqoriyadan olan icra sənədlərinin icrası ilə məşğul olsun. Bütün bunlar da “ağlabatan müddət” konsepsiyasının təmin olunmasına gətirib çıxarır. [1]

 İkinci suala, yəni “Hansı hallarda mülki işlər üzrə məhkəmə qərarları icraya yönəldilməlidir və ya bütün hallarda məhkəmə qərarları icraya yönəldilməlidirmi?” sualına gəldikdə isə bununla da bağlı hüquqşünaslar arasında eyni zamanda məhkəmə təcrübəsində fərqli yanaşmalar vardır. Bu fərqli yanaşma ilk növbədə mövcud qanunvericilikdən irəli gəlir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə görə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

Həmçinin Mülki Prosessual Məcəllənin “əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə” adlanan 222-ci və “cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə” adlanan 223-cü maddələrində bu tələblərin icrası ilə bağlı qətnamənin nəticə hissəsində qətnamənin icrası ilə bağlı konkretliyin təmin olunması üçün hansı məlumatların göstərilməli olması qeyd edilmişdir.

Belə ki, Mülki Prosessual Məcəllənin 222-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Mülki Prosessual Məcəllənin 223-cü maddəsinə görə isə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir.

Həmçinin “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 11.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir.

Göründüyü kimi, mülki prosessual qanunvericilik müyyən kateqoriyadan olan işlər üzrə qətnamənin nəticə hissəsində onun icra üsulu, qaydası və müddəti ilə bağlı tənzimləmə həyata keçirmişdir. Həmçinin mülki prosessual qanunvericilikdə bütün məhkəmə qətnamələrinin icra olunmalı olması ilə bağlı konkret norma nəzərdə tutulmamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə də məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Buradan da aydın olur ki, bütün qərarların fiziki və hüquqi şəxslər tərəfindən icra olunmalı olduğu qeyd edilsə də, həmin qərarların bütün hallarda icraya yönəldilməli olması birbaşa göstərilməmişdir. Bu da hüquqşünaslar arasında fikir ayrılığı yaratmış və bir sıra hallarda məhkəmə qərarlarının icraya yönəldilməsində fərqli məhkəmə təcrübəsinin yaranmasına səbəb olmuşdur.

Fikrimizcə, məsələ ilə bağlı qanunvericinin yanaşması məhz “ağlabatanlılıq və mütənasiblik” prinsiplərindən irəli gəlmişdir. Həqiqətən də bir sıra hallarda təmin olunmuş məhkəmə qətnamələrinin icraya yönəldilməsi ağlabatan görünmür. Məsələn, daşınmaz əmlaka ½ payın müəyyən edilməsi, digər valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması, yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması, vətəndaşlıq vəziyyəti aktlarının düzgün olmamasının müəyyən edilməsi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi və s. kimi tələblər üzrə bir sıra hallarda təmin olunmuş qətnamələrin icraya yönəldilməli olması ağlabatan görünmür. Çünki, bu tipli qətnamələrdə müəyyən aktiv hərəkətlərin edilməsi (ərizə verilməsi, rüsum ödənilməsi, sərhəddin keçilməsi) iddia tələbi təmin olunmuş şəxslərin üzərinə düşür. Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd etdiyimiz 5-ci maddəsinin tətbiqi, yəni qərarların qanuni qüvvəyə minməsi kifayət edir ki, həmin qətnamələrin vətəndaş tərəfindən aidiyyəti şəxslərə təqdim edilməsi həmin qətnamələrin icrasını təmin etmiş olsun. Təbii ki, qanuni qüvvəyə minmiş həmin qərarların müvafiq orqan, vəzifəli şəxslər tərəfindən əsassız olaraq icra olunmaması inzibati məhkəmə icraatında iddia qaldırılmasına gətirib çıxara bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

Üçüncü suala – “Məhkəmə qərarları hansı hallarda icrası üçün yalnız məcburi icra orqanına, hansı hallarda digər orqan və ya vəzifəli şəxslərə göndərilməlidir və ya bütün hallarda məhkəmə qərarları məcburi icrası üçün icra məmuru tərəfindən icra edilməlidirmi?” sualına gəldikdə isə burada da qanunverciliyin normalarının müqayisəli və sistemli təhlilinə zərurət yaranır.

İcra haqqında qanunvericiliyin təhlilindən belə aydın olur ki, məhkəmə qərarlarının icrası borclunun iradəsinə bağlı olmadığı hallarda, yəni qərarın icrası üçün borcludan hər hansı hərəkətin edilməsinin tələb edilmədiyi hallarda (məsələn borclunun bank hesabında olan pul vəsaitinin tutulması) digər orqanlar tərəfindən də icrasını mümkün etmişdir. İstənilən digər halda məhkəmə qərarlarının icrasının məcburiliyini təmin etmək üçün həmin qərarların icrası icra məmurları tərəfindən həyata keçirilməlidir. Lakin hər bir halda icra sənədi icrası üçün məcburi icra orqanlarına göndərilməli, digər orqanlar tərəfindən icra olunması məsələsi məhz məcburi icra orqanı (icra məmurları) tərəfindən təmin olunmalıdır. Bu nəticəyə gəlmək üçün icra sənədlərinin icraya yönəldilməsi, icraata başlama və yönəltmə ilə bağlı icra haqqında qanunvericilikdə göstərilən prosedurları nəzərdən keçirmək kifayətdir. Buna görə də bir sıra hallarda məhkəmələr tərəfindən məhkəmə qətnamələrinin icrası üçün digər orqanlara göndərilməsini hüquqi müəyyənlik prinsipi baxımından düzgün hesab etmirik.

Dördüncü suala – “məhkəmə qərarlarının icrasına məhkəmə nəzarətinin həyata keçirilməsi zərurəti varmı və bu nəzarət qanunvericilikdə necə tənzimlənir?” sualına aydınlıq gətirək.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununda məhkəmənin çıxarılan qərarlara birbaşa nəzarət etmə imkanı nəzərdə tutulmamışdır. Yalnız borclu və tələbkarların ərizələri, icra məmurunun təqdimatı ilə müəyyən məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur. Burada yeganə istisna həmin Qanunun 20.4-cü maddəsidir. Həmin maddəyə görə icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Digər hallarda məhkəmənin öz təşəbbüsü ilə məhkəmə qərarlarının icrasına birbaşa nəzarət etmə imkanı nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu “10 oktyabr 2017-ci il tarixli Qərarı”nda hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

Həmçinin müvafiq qərarda “tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər” nəticəsinə gəlinməsi də məhz məhkəmə qərarlarının səmərəli şəkildə icra olunmasını təmin etməyə xidmət etmişdir.

Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir.

Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir.

İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini  vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.

Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. 

Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər.

Qeyd olunmalıdır ki, göstərilənlər icra sənədi üzrə icraata xitam verilməsinə münasibətdə məhkəmənin birbaşa nəzarəti hesab edilsə də, ümumiyyətlə məhkəmə qərarlarının ağlabatan müddətdə icra olunması ilə bağlı məhkəmə nəzarətinin olması halı qanunvericilikdə konkret nəzərdə tutulmamışdır.

Hesab edirik ki, qanunvericilikdə məhkəmə qərarlarının ağlabatan müddətdə icra olunmasına məhkəmə nəzarətinin mövcud olması ədalətli məhkəmə araşdırması hüququnun təmin olunması baxımından mühüm əhəmiyyətə malik olardı.

 

 

İstifadə olunmuş normativ-hüquqi aktların və ədəbiyyatın siyahısı:

 

1.      Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsi, Bаkı, Hüquq Yayın Evi, 2021.

2.      İcra haqqında Azərbaycan Respublikasının Qanunu.

3.      “İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair”  Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı.

4.      “İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarı.

5.      Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarı.

6.      Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il 4 nömrəli Qərarı.