Mülki və kommersiya işlərində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi hüququndan istifadə edilməsi qaydası haqqında
MƏLUMAT
I. KASSASİYA ŞİKAYƏTİ VERMƏK HÜQUQUNA MALİK OLAN ŞƏXSLƏR
1. Tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda kassasiya şikayəti verə bilər.
2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.
II. “TƏLƏBLƏRİN TƏMİN OLUNMADIĞI HALLAR” NƏ DEMƏKDİR ?
1. Şikayət vermək hüququnun yaranması üçün işdə iştirak edən şəxslərin məhkəmə aktından məzmunca və mahiyyət etibarı ilə “ziyan çəkdiyi” hallar mövcud olmalıdır.
2. İddia (ərizə) tam təmin edildikdə iddiaçı (ərizəçi), tam rədd edildikdə isə cavabdeh kassasiya şikayəti vermək hüququna malik deyildir.
3. İddiaçı (ərizəçi) iddianın (ərizənin) təmin edilməmiş hissəsindən, cavabdeh isə iddianın (ərizənin) təmin edilmiş hissəsindən kassasiya şikayəti verə bilər.
III. KASSASİYA ŞİKAYƏTİ VERİLƏ BİLƏN MƏHKƏMƏ AKTLARI
Qətnamələr üzrə:
1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manat, kommersiya mübahisələri üzrə isə 10,000 manat və ondan çox olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən;
Qərardadlar üzrə:
1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi və MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmiş apellyasiya şikayətinin baxışdan çıxarılması haqqında;
2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;
3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə;
4. İş üzrə icraata xitam verilməsi barədə;
5. İşin məhkəmə və/və ya ərazi aidiyyəti üzrə göndərilməsinə dair qərardadlardan;
6. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan.
IV. KASSASİYA ŞİKAYƏTİNİN VERİLDİYİ MƏHKƏMƏ
1. Kassasiya şikayəti müvafiq apellyasiya instansiyası məhkəməsinə verilməlidir;
2. Kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir;
3. Kassasiya şikayətinin elektron kabinet vasitəsi ilə verilməməsi şikayətin qaytarılması üçün əsasdır.
V. KASSASİYA ŞİKAYƏTİNİN TƏRTİBATI VƏ ƏLAVƏ EDİLMƏLİ SƏNƏDLƏR
1. Şikayət yalnız vəkil tərəfindən tərtib edilməli və şikayətə vəkil orderinin əsli əlavə edilməlidir.
2. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı az təminatlı olduğunu təsdiq edən müvafiq sübutlar təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi üçün məhkəmə aktını aldığı vaxtdan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətlər daxilində ağlabatan müddət ərzində yazılı müraciət edə bilər.
3. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməlidir.
4. Kassasiya şikayəti həm onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi), həm də onu tərtib etmiş vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və ya sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilməklə imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə olunmalıdır.
VI. KASSASİYA ŞİKAYƏTİNİN FORMA VƏ MƏZMUNUNA DAİR TƏLƏBLƏR
1. Kassasiya şikayəti MPM-ə Əlavə 3-də göstərilən formada tərtib edilməlidir;
2. Qətnamə və ya qərardad çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
NÜMUNƏ
№ |
Maddi hüquq norması |
Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) |
1 |
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsi
|
Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməməklə, mirasın qəbulu müddətini ötürmüşdür. Hesab edirik ki, məhkəmənin bu yanaşması Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, istinad edilən maddədə mirasın qəbulu üçün əsaslardan biri kimi faktiki qəbul da nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə Mülki Məcəllənin 1243.2-ci maddəsini düzgün tətbiq etməmiş, həmin maddənin mirasın faktiki qəbul edilməsi ilə bağlı normalarını nəzərə almamışdır. Nəticədə iddiaçı vərəsəlik hüququndan qanunsuz olaraq məhrum olmuşdur. |
3. Kassasiya şikayəti verən şəxs məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, o cümlədən tələblərini aydın göstərməli, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
4. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (MPM 407.2).
VII. KASSASİYA ŞİKAYƏTİ PROSESSUAL MÜDDƏTLƏRƏ RİAYƏT EDİLMƏKLƏ VERİLMƏLİDİR
1. Kassasiya şikayəti məhkəmə aktı işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən hesablanmaqla, qətnamələrdən 2 (iki) ay müddətində, qərardadlardan isə 10 (on) gün müddətində verilməlidir. Müddətlərin hesablanması qaydası MPM-in 128 və 129-cu maddələri ilə nizamlanır.
2. İşdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildyi vaxtdan təqdim edilmiş sayılır. Rəsmi qaydada təqdim edilmənin digər üsulları MPM-in 135-ci maddəsində göstərilmişdir.
3. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə mülki prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Müddətin ötürülmədiyini güman edən şəxslər bu halı təsdiq edən sübutları təqdim etməlidirlər.
4. Kassasiya şikayətlərinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət edilməməsi, vəkil orderlərinin əlavə edilməməsi, dövlət rüsumunun ödənilməməsi və yaxud az ödənilməsi, şikayətin imzalanmaması, şikayətlərin elektron qaydada verilməməsi kimi pozuntulara yol vermələri təkrar kassasiya şikayətinin verilməsi zamanı müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməyə bilər.
İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından
kassasiya şikayəti verilməsi ilə bağlı hüquqi yardım haqqında
MƏLUMAT
Bu məlumat kassasiya şikayətinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual və Mülki Prosessual Məcəllələrinin müvafiq müddəalarından irəli gələn və şikayət tərtib edilərkən riayət edilməli olan əsas tələbləri əks etdirir. Məlumat, inzibati mübahisələrə dair işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından (qərar və ya qərardadlarından) kassasiya şikayəti vermək istəyən şəxsə yardım məqsədilə hazırlanmışdır. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Kassasiya şikayəti verən şəxs şikayətin mümkünsüzlüyünə səbəb olan nöqsanların aradan qaldırılmasına dair sənədləri, məlumatları və ya mülahizəsini kassasiya şikayəti ilə birgə məhkəmə aktını çıxarmış apellyasiya instansiyası məhkəməsinə təqdim etməlidir.
I. KASSASİYA ŞİKAYƏTİ VERMƏK HÜQUQUNA MALİK OLAN ŞƏXSLƏR
1. Yalnız inzibati məhkəmə icraatının iştirakçıları kassasiya şikayəti vermək hüququna malikdirlər.
2. İddiaçı (ərizəçi), cavabdeh və ya məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarıdır.
3. Məhkəmə icraatının iştirakçısı olmayan şəxslər apellyasiya instansiya məhkəməsinin aktından kassasiya şikayəti verə bilməzlər.
4. Məhkəmə icraatının iştirakçısı olmayan şəxslər apellyasiya instansiya məhkəməsinin aktının onların hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdikləri halda, hüquqlarının müdafiəsi üçün İPM-in 28-ci maddəsində təsbit edilmiş hüquqi müdafiə imkanlarından istifadə etməlidirlər. Bunun üçün onlar məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilmə ilə bağlı vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidirlər.
II. KASSASİYA ŞİKAYƏTİNİ TƏLƏBLƏRİ TƏMİN OLUNMAMIŞ ŞƏXSLƏR VERƏ BİLƏR
1. Şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi tətbiq edilir.
2. İddia (ərizə) tam təmin edildikdə iddiaçı (ərizəçi), tam rədd edildikdə isə cavabdeh kassasiya şikayəti vermək hüququna malik deyil.
3. İddiaçı (ərizəçi) iddianın (ərizənin) təmin edilməmiş hissəsindən, o cümlədən iddianın (ərizənin) mümkün sayılmamasından, cavabdeh isə iddianın (ərizənin) təmin edilmiş hissəsindən kassasiya şikayəti verə bilər.
4. Üçüncü şəxslərin hüquqlarına dair məsələ məhkəmə aktı ilə onların ziyanına həll olunduqda, həmin şəxslər kassasiya şikayəti verə bilərlər.
5. Məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran qanunvericilikdə birbaşa təsbit olunmuş prosessual pozuntularla qəbul edildiyi hallarda da kassasiya şikayəti verilə bilər.
6. İcraat iştirakçıları yalnız müstəqil qaydada mübahisələndirilməsinə yol verilən məhkəmə aktlarından şikayət verə bilərlər.
7. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
III. KASSASİYA ŞİKAYƏTİNİN VERİLDİYİ MƏHKƏMƏ
1. Kassasiya şikayəti mübahisələndirilən aktı qəbul etmiş müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilməlidir.
2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə kassasiya şikayətinin təqdim edilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
IV. KASSASİYA ŞİKAYƏTİNİN FORMA VƏ MƏZMUNUNA DAİR TƏLƏBLƏR
1. Şikayət vəkil tərəfindən tərtib edilməli, həmçinin vəkil tərəfindən imzalanmalı və vəkilin orderinin əsli şikayətə əlavə edilməlidir.
2. Kassasiya şikayəti vermək istəyən şəxs vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, bununla bağlı aztəminatlılığı təsdiq edən müvafiq sübutları təqdim etməklə, məhkəmə aktını qəbul etmiş məhkəməyə dövlət hesabına vəkillə təmin edilməsi üçün yazılı müraciət edə bilər.
3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə olunmalıdır.
4. Şikayət hüquqi şəxs tərəfindən verildikdə, onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır.
Qeyd: Müvafiq etibarnaməsi olan vəkil tərəfindən bir elektron imza ilə imzalandığı hallar istisna olmaqla və kassatorun elektron kabineti varsa, kassasiya şikayətini onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə imzalamalıdır.
5. Şikayət verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
6. Şikayət MPM-ə Əlavə 3-də göstərilən kassasiya şikayətinin formasına dair tələblərə uyğun tərtib edilməlidir.
V. KASSASİYA ŞİKAYƏTİ PROSESSUAL MÜDDƏTLƏRƏ RİAYƏT EDİLMƏKLƏ VERİLMƏLİDİR
1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində, məhkəmə qərardadının təqdim olunduğu gündən isə 10 (on) gün müddətində verilməlidir.
2. Müddətinin başlanğıcı məhkəmə aktının şəxsə rəsmi qaydada təqdim olunduğu gündən başlayır. Müddətlərin hesablanmasına və qurtarmasına dair müddəalar MPM-in 128 və 129-cu maddələrində təsbit olunmuşdur. İşdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirildyi vaxtdan təqdim edilmiş sayılır. Rəsmi qaydada təqdim edilmənin digər üsulları MPM-in 135-ci maddəsində göstərilmişdir.
3. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə də verilməlidir. Həmin ərizəyə müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır. Müddətin ötürülmədiyini güman edən şəxslər bu halı təsdiq edən sübutları təqdim etməlidir.
VI. KASSASİYA ŞİKAYƏTİ ƏSASLANDIRILMALIDIR
Kassasiya şikayətində normaların yalnız sadalanması ilə kifayətlənilməməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə aydın təsvir edilməli, apellyasiya instansiya məhkəməsinin məhkəmə aktını çıxararkən gəldiyi nəticənin konkret hansı qanunvericilik normasına və nəyə görə zidd olması, o cümlədən məhkəmə təcrübəsinin vahidliyinin pozulması barədə əsaslandırılmış mövqe ifadə olunmalıdır.