^

Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqların tənzimlənməsi

 

(Naxçıvan MR Ali Məhkəməsinin hakimi Bəylərli Səxavət Şahhüseyn oğluna məxsus məqalə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Bülleteninin 2022-ci il üzrə çap edilmiş 2-ci sayında dərc olunmuşdur.)

 

 

Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etməklə ölkədə bütün sahələrin təkmilləşdirilməsinə və inkişafına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsinə hüquqi əsaslar yaratmışdır. “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlanan II bölmə 2 fəsildən - 41 maddədən ibarət olmaqla, həcminə görə Əsas Qanunun ən böyük bölməsi olub bu sahədə bundan sonra və hazırda qəbul edilən hüquqi aktların bazasını təşkil edir. 

İnsan hüquqları sahəsində siyasətin davamı olaraq gender probleminin həll edilməsi, cəmiyyətdə qadınların rolunun artırılması, ayrı-seçkiliyin aradan qaldırılması, uşaq hüquqlarının müdafiəsi üzrə mühüm qərarlar, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsini nəzərdə tutan İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı qəbul və təsdiq edilmiş, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun 22 iyun 2010-cu il tarixdə qəbul olunmuş və 01 oktyabr 2010-cu il tarixdə həmin Qanunun tətbiqi ilə bağlı Fərman imzalanaraq mətbu orqanlarda dərc edilmişdir.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul edilməsinin zəruriliyini şərtləndirən amillərdən birincisi məişət zorakılığı zəminində cəmiyyətdə baş vermiş hadisələr - cinayətlər, intihar halları və s. üzrə statistik rəqəmlər olmuşdur.

Belə ki, Azərbaycan Respublikasında məişət zorakılığı zəminində 2010-cu ildə 109 qadın, 41 kişi qətlə yetirilmiş, həm də bu rəqəm ötən illərdə bu zəmində baş verən cinayətlərlə müqayisədə artmışdır. Bu qətllərin əksəriyyəti qısqanclıq zəminində baş vermiş və 52 qadın məhz bu zəmində öldürülmüşdür. İkinci yerdə mülkiyyət məsələlərinin ailə daxilində doğurduğu cinayətlər, daha sonra isə borc üstündə yaranan cinayətlər gəlir. Bu qadınların əksəriyyəti ya ərləri, ya keçmiş ərləri, ya da yaxın münasibətdə olduqları şəxslər tərəfindən qətlə yetirilmişlər. Qadınların qayınları, qardaşları, digər qohumları tərəfindən qətlə yetirilməsi kimi hallar da qeydə alınmışdır.

Həmin ildə 41 kişidən yalnız 4-ü qısqanclıq zəminində qətlə yetirilmiş, qalanları isə ailədaxili borc, mülkiyyət məsələlərinin “qurban”ı olmuşlar. 

Eyni zamanda, qeyd olunan ildə 263 intihar faktı qeydə alınmışdır ki, bu intiharların müəyyən hissəsi də ailədaxili münaqişələrlə bağlı olmuşdur. Qadınlar arasında 110 intihar və intihara cəhd faktı olmuş və 37 intihar ölümlə nəticələnmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə 2021-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkənlərin 1536-sı və ya 6,4 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 18,2 faiz artmışdır. Onların da 78,5 faizini qadınlar (22,1 faiz artım), 0,7 faizini (1,5 dəfə azalma) isə yetkinlik yaşına çatmayanlar təşkil etmiş, əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,5 faiz artaraq 64 nəfər (onlardan 46-sı qadınlar) olmuşdur.

Adıçəkilən qanunun qəbul olunmasını şərtləndirən başqa bir amil məişət zorakılığının, xüsusilə də cəmiyyətin zərif cinsi olan qadınlara qarşı yönələn bu aktın yalnız Azərbaycanda deyil, geniş miqyası əhatə edən qlobal problem olmasıdır. Bu problemlə bağlı, cəmiyyətin inkişafının təmin edilməsi məqsədilə Beynəlxalq Millətlər Təşkilatının 18 dekabr 1979-cu ildə qəbul etdiyi “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyası indiyədək qadın hüquqları ilə bağlı qəbul edilmiş ən mükəmməl toplu hesab edilir. Azərbaycan Respublikası sözügedən Konvensiyanı 1995-ci ildə ratifikasiya etmiş, 2001-ci ildə isə qeyd olunan Konvensiyanın 1 saylı Protokolunu imzaladıqdan sonra məişət zorakılığının qarşısının alınması barədə qanunvericilik bazasını yaratmağı öhdəsinə götürmüşdür.

Aydın olduğu kimi məişət zorakılığı heç bir coğrafi sərhəd, irq, din, yaş və s. həddi tanımır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır və heç bir sivil ölkənin qanununa sığmır. Bu baxımdan məişət zorakılığı insan haqlarının tapdanması və iki bərabər hüquqlu şəxsdən birinin digəri üzərində haqsız dominantlıq əldə etmək istəyi kimi qiymətləndirilir.

Məlumdur ki, gender bərabərliyi dünyanın xüsusi əhəmiyyət kəsb edən məsələlərindəndir və ailədə məişət zorakılığı insan hüquqlarının pozuntusu olaraq, uzun müddət ərzində qapalı, qadağan olunmuş məsələ kimi qalmışdır, halbuki BMT-nin hesablamaları göstərir ki, ümumiyyətlə, dünyada hər 3-4 qadından biri fiziki zorakılığa məruz qalır. Aparılan bir çox araşdırmalar nəticəsində aşkar olmuşdur ki, hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalmışdır, demək olar ki, dünyada 3 dəqiqədən bir ən azı bir qadın öldürülür. Təsadüfi deyil ki, BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il tarixli qərarı ilə hər il 25 noyabr qadınlara qarşı zorakılığın ləğv edilməsi üzrə beynəlxalq gün kimi qeyd olunur.

Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mental dəyərlərinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da ən çox müdafiəsiz insanlar - qadınlar, o cümlədən uşaqlar, ahıllar və əlilliyi olan şəxslər məişət zorakılığının qurbanlarına çevrilirlər.

Məişət zorakılığını yaradan səbəb və bəzi məqamlarda “bəhanələrin” dairəsi müxtəlifdir. Ancaq şübhəsiz ki, bu cür zorakılığın yaranma mənbəyi cəmiyyətdə kök salmış və ailədə daha qabarıq şəkildə təzahür edən sosial hökmranlıq strukturlarının üzərində dayanır. İnsanları təcavüzkar üsullara əl atmağa hazır vəziyyətə gətirən sosial və psixoloji amilləri nəzərə almadan zorakılığın formalaşma zəminini və mexanizmini müfəssəl başa düşmək isə qeyri-mümkündür. Məişət zorakılığını doğuran səbəb və şəraiti mövcud misallarla təhlil etmək olar. 

Məlumdur ki, dünya yaranandan kişi və qadın ailədə hakimiyyət uğrunda mübarizə aparır və Azərbaycanda da məişət zorakılığının səbəblərindən biri və bəlkə də, birincisi budur.

Qayınana-gəlin, baldız-gəlin münasibətləri, iki qadının bir-birini bağışlamaq istəməməsi məişət zorakılığının əsas səbəbləri sırasındadır. Ailənin içərisində bu münasibətlər tənzimlənməlidir. Çünki münaqişələrin böyük əksəriyyətinin əsasında bu durur və vurğulamaq istəyirəm ki, qadın qadına qarşı daha qəddar və aqressiv olur ki, bu da münaqişənin daha uzun müddət davam etməsinə səbəb olur.  

Ailə-məişət zorakılığının digər səbəbi istehlak mədəniyyətinin aşağı olmasından qaynaqlanır.

Erkən yaşda nikaha daxil olan ailədə ər arvadının təhsilini davam etdirməsinə icazə vermirsə, tədricən arvadını öz valideynləri, qohumları, dostları ilə ünsiyyət saxlamağa qoymursa, evdə yemək vaxtında hazır olmayanda qadına səsini qaldırırsa, onu təhqir edirsə, ən pis halda onu döyürsə, onu ətrafdakı cəmiyyətdən tam təcrid edirsə və yaxud onu özündən maddi cəhətdən asılı hala salırsa, qadına ailəiçi xərclər üçün pul vermirsə və ya işə gedəndə qapını kilidləyir, axşam işdəki problemləri, gərginliyi evə gətirib heç nədən olmazın mübahisələr yaradırsa, artıq belə ailələrdə məişət zorakılığını yaradan səbəb, şərait və zəmin mövcuddur. Aydındır ki, bu cür ailələrdə ailə mübahisələri zəminində böyüyən azyaşlı uşaqları sabah sağlam cəmiyyətin nümayəndələri kimi görmək çox çətindir. Çünki daim dava-dalaş mühitində, qorxu-təhdid şəraitində böyüyən uşaqlar gələcəkdə insanlara inamsız olur, cəmiyyətdən təcrid olur, ya da potensial cinayətkarlara çevrilirlər. Çox zaman da özləri öz ailələrində bu cür zorakılığı tətbiq edirlər. Necə deyərlər, arvadını döyən ata, qızının əri tərəfindən döyülməsini normal qarşılayır. Beləcə, cəmiyyət bir zəncirin halqası kimi bağlanan “məişət zorakılığı” adlı cinayətin əsiri olur.

Məişət zorakılığı müasir dövrdə ən geniş yayılmış cinayət xarakterli zorakılıq formalarından biridir. Məişət zorakılığı dedikdə, beynəlxalq termin kimi, ümumi anlamda, ailədaxili zorakılıq başa düşülür. Yəni, bir ailə üzvü digər ailə üzvünü öz nəzarəti altında saxlayır və ya saxlamaq istəyir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən isə məişət zorakılığı dedikdə “yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması” başa düşülür. Burada bu cür fiziki və mənəvi zərərlə nəticələnən zorakılığı törədən şəxs təqsirləndirilən, bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi məişət zəminində fiziki, psixi və cinsi zorakılıq hərəkətləri, eləcə də iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs isə məişət zorakılığının “qurban”ı - zərərçəkmiş şəxs adlanır. Bu zorakılıq forması həm fiziki, həm də mənəvi zərərlərlə nəticələnir. Yəni ailədə ər öz arvadını, uşağını qəsdən döyürsə, sağlamlığına zərər vurursa, işgəncə verirsə, bu, fiziki zərər kimi; hədələrlə təhdid edirsə, qorxudursa, başqaları ilə ünsiyyət saxlamağa qoymursa, cəmiyyətdən təcrid edirsə, maddi cəhətdən məhrumiyyətlər yaradırsa və qeyd olunan hallar zərərçəkəndə müəyyən sarsıntılar yaradırsa, bu, mənəvi zərər kimi qiymətləndirilir.

Ancaq məişət zorakılığının təqsirkarları hər zaman kişilər, “qurban”ları isə qadın və uşaqlardır demək olmaz. Ümumiyyətlə, məişət zorakılığının törədilməsini təkcə kişilərə aid etmək qəbuledilməzdir. Ailə münasibətlərinin hər bir fərdi və ya əvvəllər ailə münasibətlərində olmuş hər bir şəxs, yaxın qohum olan ailə üzvləri - ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürənlər və övladlığa götürülmüş şəxslər, habelə birgə yaşadığı hallarda digər qohumlar; nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvad; qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslər, habelə üzərində qəyyumluq və himayəçilik təyin edilmiş şəxslər; qanuni nikahda olmadan birgə yaşayan kişi və qadın, həmçinin onlarla birgə yaşayan yaxın qohumlar məişət zorakılığının subyektləridir. Deməli, məişət zorakılığı yalnız ərin arvadına və uşaqlarına qarşı zorakılığı kimi qiymətləndirilmir. Övladın valideynə və ya ananın uşaqlarına, habelə ərinə qarşı zorakılığı və s. də məişət zorakılığı hesab edilir.

Demokratik prinsiplərlə inkişaf edən respublikamız üçün bu Qanunun qəbul edilməsi olduca təqdirəlayiqdir. Qanunda deyilir: “Bu Qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.” Qeyd olunan Qanunda yalnız məişət zəminində törədilən fiziki zorakılıq deyil, həmçinin məişət zəminində törədilən psixi, iqtisadi və cinsi zorakılıq da təhlil edilmişdir.

Qanuna əsasən fiziki zorakılıq dedikdə - bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması başa düşülür.

Məişət zəminində psixi zorakılıq isə qeyd olunan şəxslərdən birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləridir. Psixoloji zorakılıqda qurban özünə qəsd həddinə qədər çatdırıla bilər.

İqtisadi zorakılıq - subyektlərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləridir.

Məişət zəminində cinsi zorakılıq dedikdə isə Qanunun şamil edildiyi şəxslərdən birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi başa düşülür.

Məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrinə dair qərar Qanunda mühafizə orderi adlandırılmış və qısamüddətli və ya uzunmüddətli olmaqla fərqləndirilmişdir.

Mühafizə orderi - məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Qısamüddətli mühafizə orderində məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması və zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi məişət zorakılığını törətmiş şəxsə qadağan edilir. Uzunmüddətli mühafizə orderində isə qeyd olunanlarla yanaşı, məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi, zərərçəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri və mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat nəzərdə tutula bilər.

Məişət zorakılığı barədə şikayətlərə məhkəmədən kənar (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarında və s.) və məhkəmələrdə müxtəlif icraatlarda baxılır.

 Məhkəmədən kənar(icra hakimiyyətində) icraat

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”na əsasən həmin şikayətə məişət zorakılığından zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır və yalnız zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.

Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və tibb müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri zərərçəkmiş şəxsin  yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına təqdim edirlər.

Məişət zorakılığı üzrə araşdırmanın aparılmasına aşağıdakılar səbəb ola bilər:

- zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti;

- fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən daxil olmuş müraciətlər.

Şikayətə icra hakimiyyəti orqanında 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir.

Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə xüsusatları öyrənmək lazım gəldiyi hallarda, müddət 5 (beş) gündən çox olmayaraq uzadıla bilər.

Məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatda göstərilən halların müəyyən edilməsi məqsədi ilə tərəflər ayrılıqda dinlənilir və müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparılır.

Zərərçəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Dinlənilən şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçidən istifadə olunur.

Məişət zorakılığından zərərçəkmiş şəxslərdən biri 16 yaşınadək və ya sağlamlıq imkanları məhdud şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin edilməlidir.

Araşdırma zamanı müraciət etmiş şəxsə onun hüquqları, zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi, habelə bu məsələ ilə bağlı məhkəməyə müraciət qaydası izah edilir, zərərçəkmiş şəxsə hüquqi yardım göstərilir, yardım mərkəzində müvəqqəti sığınacaqla, mövsümi geyim və qida məhsulları ilə, tibbi və psixoloji yardımla təmin edilir.

Araşdırmanı aparan orqan tərəfindən tərəflərin münasibətlərinin normallaşmasına və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərilməli, habelə məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər həyata keçirilməlidir.

Şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri qəbul olunur:

- məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

- məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

- əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərərçəkmiş şəxsin yardım mərkəzində sığınacaqla təmin edilməsi.

Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.

Müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərərçəkmiş şəxsə 30 (otuz) gün müddətinədək qısamüddətli mühafizə orderi verilir.

Məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən nəzarət edilir. Xəbərdarlığın icrasına nəzarət məişət zorakılığı törətmiş şəxsin hərəkətlərinin diqqət mərkəzində saxlanılması, habelə onunla və zərərçəkmiş şəxslə söhbətlərin aparılması formasında həyata keçirilir. 

Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.

Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması, zərərçəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.

Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız Azərbaycan Respublikasının "İnformasiya əldə etmək haqqında" və "Fərdi məlumatlar haqqında" qanunları ilə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adsızlaşdırılmış şəkildə açıqlanmalıdır.

Qısamüddətli mühafizə orderinin tələblərinə əməl edilməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

Mülki icraat

24 iyun 2011-ci il tarixdə qəbul olunaraq 02 avqust 2011-ci il tarixdə dərc edilmiş “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Məcəlləyə “Məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işlər üzrə icraat” başlıqlı 40-1-ci fəsil (355-1 - 355-4 mad.) əlavə olunmuş və həmin işlərə xüsusi icraat qaydasında baxılması müəyyən edilmişdir.

Azərbaycan Respublikasının mülki prosesi üçün kifayət qədər yeni olan bu institut konkret mülki işlərin qısa müddətdə həll edilməsinə imkan verdiyindən mühüm təcrübi əhəmiyyətə malikdir.

Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətində baxılmalıdır.

Ərizəyə MPM-in 185-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, məişət zorakılığından zərər çəkmiş şəxsin və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir.

Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır.

İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edildikdən dərhal sonra məhkəmə iclasında elan olunur və qətnamənin surəti tərəflərə verilir.

Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qətnaməsi qanunvericiliyə uyğun olaraq qüvvəyə minir, müddəti hesablanır və icraya yönəldilir.

Həmin qətnamədən şikayət verilə bilər, lakin yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.2-ci maddəsinin tələbinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunur.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.5-ci maddəsinə əsasən qısamüddətli mühafizə orderi və məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunur.

İnzibati xəta icraatı

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (İXM) məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə 157-158-ci maddələrdə məhdud şəkildə məsuliyyət müəyyən edilmişdir. Belə ki, burada döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimə və ya inzibati həbs, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə; məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə; məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə cərimələr müəyyən olunmuşdur. 

Cinayət icraatı

Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır. Həmin cinayətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133-cü (əzab vermə), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 149.1-ci (zorlama), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və s. maddələrində nəzərdə tutulmuş ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlərdir. Azərbaycan Respublikası CPM-in 207.2-ci maddəsinə görə isə ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərərçəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama aparıla bilər. 

Cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra aşağıdakı tədbirlər görülməlidir:

- zərurət olduqda zərər çəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya və psixoloji korreksiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək;

- məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görmək;    

- məişət zorakılığının qarşısının alınmasını, onun təkrarlanmamasını, araşdırmanın aparıldığı müddətdə zərər çəkmiş şəxsin təhlükəsizliyini təmin etmək;   

- araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək;  

- məişət zorakılığını törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və onlarla tərbiyəvi-qabaqlayıcı işin aparılması üçün tədbirlər görmək;  

- məişət zorakılığından əziyyət çəkən ailə üzvlərinə onların hüquqlarını, dövlət tərəfindən yaradılan və qanunla müəyyən edilən vasitələrdən istifadə qaydalarını izah etmək;

- zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;

- məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanması üçün əsaslar müəyyən olunmadığı halda həmin şikayəti aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmək;

- zəruri hallarda məişət zorakılığı barədə şikayətlər üzrə araşdırmanı aparan digər dövlət orqanına kömək göstərmək.   

Avropa Məhkəməsində icraat

Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddəsində “ailə” anlayışı Avropa Məhkəməsi tərəfindən avtonom (dövlətlərin milli hüquq sistemlərində istifadə edilən kateqoriyalardan asılı olmayan) şəkildə şərh edilir. Məhkəmə qeyd edir ki, ailə həyatının mövcudluğu faktiki məsələdir və yaxın şəxsi əlaqələrin mövcudluğundan asılıdır. Məhkəmənin hüquq tətbiqetmə təcrübəsinə əsasən ailə dedikdə, evliliyə uyğun olan birgə yaşayışdan əlavə, cütlüklərin nikahdan kənar birlikdə yaşadığı de-fakto münasibətlər də nəzərdə tutulur.

Avropa İnsan Hüquqları Məhkəməsi məişət zorakılığı ilə bağlı işlərə baxarkən Avropa Konvensiyasının müddəalarını şərh etmək üçün həm də qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd olan “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”  Konvensiyanı və Avropa Şurası tərəfindən 11 may 2011-ci ildə qəbul edilmiş “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyanı (İstanbul Konvensiyası) tətbiq edir.

“Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiya müəyyən edir ki, “cinsi ayrı-seçkiliyə söykənən zorakılıq, qadının öz hüquq və azadlıqlarını kişilərlə bərabər şəkildə istifadə etmək qabiliyyətini ciddi şəkildə əngəlləyən bir ayrı-seçkilik formasıdır”.

İstanbul Konvensiyasında təkcə zərərçəkənlərin pozulmuş hüquqlarının müdafiəsi deyil, eyni zamanda, qadınların zərərçəkmiş şəxsə çevrilməməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bu Konvensiyanın 3-cü maddəsinin “b” bəndinə əsasən “ailədaxili zorakılıq” ailə və ya məişət daxilində, cinayətkarın və zərərçəkənin bir evdə birgə olub-olmamasından asılı olmayaraq keçmiş və ya indiki həyat yoldaşı və ya partnyoru arasında baş verən bütün fiziki, cinsi, psixoloji və ya iqtisadi zorakılıq aktlarını əhatə edir.

Məişət zorakılığının Konvensiyada nəzərdə tutulan hüquqların pozulmasına səbəb olduğu hallar

Avropa Məhkəməsi məişət zorakılığını Konvensiyanın müxtəlif maddələri ilə əhatə oluna bilən pozuntu kimi müəyyən edir. Presedent hüququnu təhlil etdikdə, Konvensiyanın fərdin yaşamaq hüququnu tənzimləyən 2-ci, işgəncəni qadağan edən 3-cü, şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı 13-cü, ayrı-seçkiliyi qadağan edən 14-cü, ər və arvadın bərabər hüquqlarını tənzimləyən 7 saylı protokolun 5-ci, ayrı-seçkiliyə ümumi qadağanı nəzərdə tutan 12 saylı protokolun 1-ci maddələrinin məişət zorakılığı halları nəticəsində daha çox pozulduğu ortaya çıxır.

Ayrı-seçkiliyin qadağası

“Opuz Türkiyəyə qarşı” iş üzrə 9 iyun 2009-cu il tarixli qərarında Avropa Məhkəməsi ilk dəfə olaraq ayrı-seçkiliyin qadağan olunmasını tənzimləyən 14-cü maddənin 2 və 3-cü maddələri ilə birlikdə pozulduğuna qərar vermişdir. Məhkəmə bu işdə qeyd edib ki, ərizəçinin təqdim etdiyi və cavabdeh dövlətin də etiraz etmədiyi statistik məlumatlar Türkiyədə məişət zorakılığının birbaşa olaraq qadınlara istiqamətləndiyini və yerli məhkəmə sisteminin ümumi və ayrı-seçkilik xarakterli passivliyi məişət zorakılığının davam etməsinə səbəb olan mühit yaratmışdır. Məhz buna görə də ərizəçinin və anasının məruz qaldığı zorakılıq gender əsaslı və qadınlara qarşı ayrı-seçkiliyə səbəb olan hüquq pozuntusu hesab edilib.

Gender bərabərliyi

Məhkəmə qərarlarında qeyd olunur ki, gender bərabərliyinin pozulması Konvensiyanın tələblərinə ziddir və cinsə görə fərqli rəftar yalnız əsaslı səbəblər göstərilərsə, insan haqları pozuntusu kimi nəzərə alınmaya bilər. Məsələn, “Konstantin Markinin Rusiyaya qarşı” işi üzrə 22 mart 2012-ci il tarixli qərarda məhkəmə qeyd etmişdir ki, “…hazırda gender bərabərliyinin təşviqi Avropa Şurasına üzv olan dövlətlərdə əsas məqsədlərdən birini təşkil edir və cinsə görə fərqli rəftarın Konvensiyaya uyğun hesab edilə bilməsi üçün olduqca əsaslı səbəblər göstərilməlidir. Konkret olaraq, ölkədəki ənənələrə, ümumi baxışlara və ya üstünlük təşkil edən sosial yanaşmalara istinadlar bu baxımdan kifayət etmir.”

Məhkəmə bu iş üzrə qərarında belə bir nəticəyə gəlmişdir ki, “… cinsiyyətə əsaslanan stereotiplər, patriarxal ənənələr, tarixi və coğrafi qəliblər sözügedən fərqli rəftarın əsaslandırılması üçün yetərli və ağlabatan yanaşma deyildir.” 

Məişət zorakılığının səbəb olduğu 8-ci maddə (şəxsi və ailə həyatı hüququ) üzrə pozuntu halları

8-ci maddənin tələblərinə əsasən fərdin şəxsi həyat və ailə həyatının müdafiəsi ilə bağlı tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi və fərdin fiziki və psixoloji toxunulmazlığının qorunması dövlətin pozitiv öhdəliyini təşkil edir. Buraya eyni zamanda, şəxsi yazışmalar və ailə sirrinin üçüncü şəxslərdən qorunması və kiberhücumların (məsələn: kiberbulinq) bütün formalarından müdafiə də daxildir.

Məsələn, “Hajduova Slovakiyaya qarşı” işdə ərizəçi əri tərəfindən psixoloji və fiziki hücumlara məruz qalmış qadın idi və iddia edirdi ki, hakimiyyət onu ərinin zorakılığından qoruya bilməyib. Ərizəçi bildirmişdir ki, ərinin psixiatrik xəstəliyinə görə müalicə alması üçün ekspert rəyi ilə yerli məhkəməyə müraciətinə  baxmayaraq, ərinin psixiatriya müəssisəsinə yerləşdirilməsinə qərar verilmədiyi üçün əri tərəfindən zorakılığa məruz qalmaqda davam edib. Avropa Məhkəməsi bu iş üzrə 30 noyabr 2010-cu il tarixli qərarında qeyd etdi ki, ərinin psixiatriya müəssisəsinə yerləşdirilməsindən imtinaya dair daxili məhkəmənin qərarı dövlətin Konvensiyanın 8-ci maddəsi üzrə pozitiv öhdəliklərinə ziddir.

Məişət zorakılığı ilə bağlı digər - “Bevacqua və S. Bolqarıstana qarşı” işdə ərizəçi qadın tərəfindən ərinin ona qarşı təhqiramiz ifadələr işlətməsi, döyməsi, psixoloji, fiziki və iqtisadi zorakılığa məruz qoyması ilə bağlı iddialar olmuşdur. Məhkəmə bu iş üzrə 12 iyun 2008-ci il tarixli qərarında qərara almışdır ki, ərizəçinin əri ilə bağlı şikayətlərinə lazımi qaydada baxılmadığından, Bolqarıstan hakimiyyəti Konvensiyanın 8-ci maddəsi ilə müəyyən edilən pozitiv öhdəliklərini pozmuşdur. Bolqarıstan hökümətinin bu işdə ərizəçinin əri tərəfindən zorakılığa məruz qalmasını şəxsi məsələ hesab etməsi Avropa Məhkəməsi tərəfindən qəbul edilməmiş, belə bir arqumentin iştirakçı dövlətlərin 8-ci maddə üzrə öhdəlikləri ilə bir araya sığmadığı vurğulanmışdır. 

Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı insanların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi son dərəcə zəruridir.

Bu problemin hazırkı vəziyyəti onu göstərir ki, problem yalnız inzibati və hüquqi yolla aradan qaldırıla bilməz. Burada təbliğat, maarifləndirmə işləri genişləndirilməli, məhkəmə və hüquq-mühafizə orqanları bu sahədə həm qanunların icrası prosesinə nəzarət etməli, həm də qanunun nəzərdə tutduğu tədbirlər daha çevik həyata keçirilməli, ailədə olan hər iki tərəfin təfəkkürünün dəyişməsi, ailə münasibətlərinə yönəlik tədbirlər olmalıdır ki, burada da bütün cəmiyyət dövlətlə birlikdə iştirak etməlidir. Məhz bu baxımdan məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün preventiv (qabaqlayıcı) tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması, həmin şəxslərin aşkarlanması və erkən identifikasiyası, onlara təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bunun üçün beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının (qurumlarının) potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşmanın təmin edilməsi məqsədi ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir və hazırda müvafiq tədbirlər həyata keçirilir.

 

 

 

İstifadə olunmuş normativ-hüquqi aktların, hüquqi ədəbiyyat və internet resurslarının siyahısı:

 

1. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

3. “İcra haqqında” 27 dekabr 2001-ci il tarixli AR Qanunu

4. “Məişət zorakılığının qarşısının alınması haqqında” 22 iyun 2010-cu il tarixli AR Qanunu

5. AR Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli 46 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”

6.AR Nazirlər Kabinetinin 25 aprel 2012-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Məişət zorakılığından zərərçəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyəti Qaydası”

7. Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı

8. http://www.who.int/news-room/fact-sheets/detail/violence-against-women WHO 2013

9.https://echr.coe.int/Documents/FS_Dom