^

Azərbaycan Respublikasının qanunvericiliyi və Avropa Məhkəməsinin qərarları müstəvisində hüquqazidd dəlillərdən istifadə olunması qadağası ilə bağlı bəzi düşüncələr

(Naxçıvan MR Ali Məhkəməsinin əməkdaşı Yunis

Xəlilova məxsus məqalə Naxçıvan Muxtar

Respublikası Ali Məhkəməsi Bülleteninin

 2022-ci il üzrə çap edilmiş 1-ci sayında

dərc olunmuşdur.)

 

İlk olaraq Azərbaycan Respublikasının qanunvericiliyi müstəvisində hüquqazidd dəlillərdən istifadə olunması qadağası ilə bağlı bəzi düşüncələrimizi aşağıdakı başlıqlar altında oxucularla bölüşmək istərdik:

1. Dəlillərin əldə edilmə hədləri

Təqsirləndirilən şəxsin təqsirlilik məsələsinin həll olunması cinayət prosesinin “şah damarı” olan sübutların nə dərəcədə qa­nuna uyğun şəkildə toplanılmasından asılıdır. Qanunu pozmaqla sübutların əldə edilməsi səlahiyyətli şəxslərin və orqanların qanunla onların səlahiyyət və hüquqları üçün müəyyən edilmiş qadağa və məhdudlaşdırıcı şərtlərə əməl etməmələri, insan və vətəndaş hüquq və azadlıqlarını kobud şəkildə pozan hərəkət və hərəkətsizliklərə yol vermələri nəticəsində ola bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – AR CPM) 125-ci maddəsinin ikinci hissəsindən aydın olur ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:

- insan və vətəndaşların konstitusion hüquqlarının və azad­lıqlarının, yaxud AR CPM-in digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqla­rından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübut­ların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda. Bu hüquqlara bərabərlik, yaşamaq, azadlıq, mül­kiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxu­nulmazlığı, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi, təqsirsizlik prezumpsiyası, məhkəməyə təkrar müraciət və s. konstitusion hüquqları misal göstərmək olar.

- zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə;

- şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hü­quqlarının pozulması ilə;

- cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələri­nin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticə­sində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə;

- cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərə­findən bu hərəkətlər edildikdə;

- cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə;

- istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda[1];

- sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilmə­yən şəxsdən alındıqda;

- məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəy­yən olunmayan mənbədən alındıqda;

- müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alın­dıqda[2].

Yuxarıda göstərilən hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlardan ittiha­mın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifa­də edilə bilməz. Sadalanan pozuntularla əldə edilmiş materiallar yalnız müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxs­lərin təqsirliliyinin sübut edilməsində istifadə oluna bilər.

Qeyd edək ki, təqsirsizlik prezumpsiyasına görə hüquqa uy­ğun şəkildə günahı sübut olunmadığı müddət ərzində şəxsin təq­sirindən söhbət gedə bilməz. Hüquqazidd dəlillər toplamaq yolu ilə təqsir sübut olunmuşdursa, bu zaman təqsirsizlik prezumpsi­yası pozulmuş olur. Çünki təqsirin sübutu üçün dəlillərin hüquqa uyğun şəkildə əldə edilməsi prezumpsiyanın əsas elementidir.

Şəxsin təməl insan hüquq və azadlıqlarını pozan hüquqazidd­lik istər qəsdən, istərsə ehtiyatsızlıqdan meydana çıxan hal ol­sun, hüquqa uyğun olmayan dəlillər istər səlahiyyətli şəxslər, istərsə də üçüncü şəxslər tərəfindən toplanılsın, hüquqi nəticə dəyişməz olaraq qalır və belə dəlillərdən istifadə oluna bil­məz[3]. Bu isə onunla əlaqədardır ki, cinayət prosessual qa­nunvericiliyin əsas vəzifəsi insani dəyərlərə zərər vurmadan həqiqəti üzə çıxarmaqdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası CPM-də deyilir: “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki”, “heç kəs ... insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın” (1.2.3-cü maddə). Məcəllənin 1.3-cü maddəsinə görə isə “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır”.

Bu baxımdan obyektiv həqiqətin üzə çıxarılmasında insan hüquqları sanki bir sərhəd rolunu oynayır. Başqa sözlə, “hüquq­ları pozmaq da daxil olmaqla nəyin bahasına olursa-olsun həqi­qəti üzə çıxarmaq” yanaşması qəbul edilən sayılmır. Məsələyə bu prizmadan yanaşsaq, təqsirləndirilən şəxsin təqsirsizlik pre­zumpsiyasından yararlanması dəlil əldə etmənin, necə deyərlər, əsas “konturlarını” cızır.

Dəlil əldə etmənin hədləri həqiqətin üzə çıxarılmasında mü­hüm əhəmiyyətə malikdir. Məsələn, işgəncəyə məruz qalmış şəxs bundan qurtulmaq üçün təqsiri etiraf edirsə, obyektiv həqiqət üzə çıxmamış (törətmədiyi cinayəti qəbul etməsinə, əlbir törətdiyi şəxsin üzə çıxmamasına görə və s.) olur. Və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının apa­rıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə sübut əldə edilmişdirsə, obyektiv həqiqətin üzə çıxması mümkün de­yil. Yaxud cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilmə­məsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsin­dən istifadə etməklə dəlil toplanmışdırsa, obyektiv həqiqət təhrif olunacaqdır. Yaxın qohumları əleyhinə ifadə verməkdə sərbəst­lik hüququna riayət etmək isə şəxsin yalan ifadə verməsinin qarşısını alır ki, bu, həqiqətin üzə çıxarılmasına böyük təsir edir. Obyektiv həqiqətin üzə çıxarılmasına əngəl törədən belə faktla­rın sayını artırmaq da olar.

2. Hüquqazidd dəlillərin qiymətləndirilməsi

AR CPM-in 144-cü maddəsinə görə “cinayət təqibi üzrə top­lanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yox­lama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olun­muş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir”.

 Məcəllənin 145-ci maddəsinə əsasən isə “Hər bir sübut mən­subiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət ve­rilməlidir” (birinci hissə); “Təhqiqatçı, müstəntiq, prokuror, ha­kim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər” (ikinci hissə); “İttiha­mın sübut olunmasında yaranan şübhələri digər sübutlarla ara­dan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsir­ləndirilən şəxsin xeyrinə təfsir edilir” (üçüncü hissə).

AR CPM-in 125-ci maddəsinə görə “Cinayət-prosessual qa­nunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticə­sində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsa­sında yol verilir. Bu halda həmin sübut digər proses iştirakçıları­na deyil, yalnız müvafiq şübhəli və ya təqsirləndirilən şəxsə sübut kimi aid olur. Bu materialların sübut kimi qəbul edilməsi onun düzgünlüyünün mübahisə olunmasına mane olmur” (be­şinci hissə); “Müvafiq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı hal üzrə verilmiş şikayət və çıxarılmış prosessual qərar yalnız şikayətin verilməsi və ya prosessual qərarın çıxarılması faktını təsdiq edir və sübut kimi qəbul oluna bilməz” (altıncı hissə); “Cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənəd­lərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-müm­künlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin müm­künlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət pro­sesi tərəflərinin vəsatəti ilə müəyyən edir” (yeddinci hissə); “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür” (səkkizinci hissə).

Dəlillərin qiymətləndirilməsi zamanı onların hüquqa uyğun olmayan yolla əldə edilməsi nəticəsinə gəlinərsə, bu hüquqazidd halın hansı hüququ pozması müəyyən olunmalıdır. Çünki təqsir­ləndirilən şəxsin hüquqları ilə bağlı olmayan prosessual qaydala­rın pozuntusu hüquqazidd dəlillərin qiymətləndirilməsinin pred­metinə daxil olmaya bilər və bu cür hüquqazidd dəlillərdən isti­fadə olunması mümkündür. Məsələn, məlumatın, sənədin və ya əşyanın sübuti qüvvəsinə əhəmiyyətsiz, çox da mühüm olmayan təsir göstərən pozuntu olarsa, bu onların sübut kimi qəbul edil­məsinə maneə ola bilməz. Bir nümunə: istintaq hərəkətinin proto­kolunda müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi əvəzinə yalnız müstəntiqin adı, soyadı və atasının adı göstərilmişdirsə, AR CPM-də müəyyən olunmuş normanın (AR CPM-in 230.1.2, 234.1.2, 241.1.2-ci maddələri və s.) pozulması hallarında proto­kolun sübut kimi qəbul edilməməsi (tanınmaması) məqsədə­uyğun deyildir[4].

Hər kiçik və ya texniki xarakterli pozuntuya görə dəlilin isti­fadəsinə qadağa qoyulması təqsirin sübut olunmasında çətinliklə əldə edilən dəlillərə istinad olunmasına və obyektiv həqiqətin ortaya çıxmasına maneə yaradılmasına, son nəticədə isə cinayəti törətmiş şəxslərin cəzasız qalmasına gətirib çıxara bilər.

Fikrimizcə, təqsirləndirilən şəxsin təməl insan hüquq və azadlıqlarını qoruyan bir prosessual qaydanın pozuntusu müəy­yən olunarsa, bunun nəticəsində əldə edilən dəlilin istifadə olu­nub-olunmayacağı müzakirə edilməlidir.

Nəzəriyyə və təcrübədə təqsirləndirilən şəxsin hüquqlarını qoruyan normaların pozuntusu nəticəsində əldə edilən dəlillərin hansılarının istifadə oluna bilən, hansılarının isə istifadə oluna bilinməyən olmasına dair konkret kriteriyalar mövcud deyildir. Bu məsələ ilə bağlı nəzəriyyədə müxtəlif fikirlər, təcrübədə isə fərqli tətbiq etmə meyarları vardır.

Qanunverici müəyyən kateqoriya hüquqazidd dəlillər üçün birbaşa qiymətləndirmə qadağası müəyyən edə bilər. Buna misal olaraq AR CPM-in 125-ci maddəsində sadalanan sübut kimi qəbul edilməsinə yol verilməyən halları göstərə bilərik. Belə hallarda artıq dəlilin hüquqazidd yollarla əldə edildiyini sübut etmək həmin dəlilin qiymətləndirilməməsi üçün yetərli olacaqdır. Bu yanaşmaya görə hüquqazidlik məfhumu bütün hüquqi qay­daları əhatə edir. Buna görə də hüquqauyğunluğun dərəcəsi ol­maz. Obrazlı desək, “ağac zəhərlidirsə, meyvəsi də zəhərli­dir”[5]. Bu görüşə əsasən önəmli olan məsələ dəlil əldə edilərkən hər hansı bir formada hüquqazidd davranmağı üzə çıxarmaqdır. Belə olan təqdirdə toplanan istənilən dəlil hüquqazidd hesab edilməlidir. Sözügedən mövqeyi dəstəkləyən müəlliflərin fikrin­cə, dəlil toplanılarkən hər bir halda hüquqauyğun davranılması əsas şərtdir. Məsələn, bütün dövlətlərdə olduğu kimi AR cinayət-prosessual qanunvericiliyinə görə də zorakılıq, hədə-qorxu, aldat­ma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə dindirmə nəticəsində dəlil əldə edilərsə, bu sübutlardan istifadə oluna bilməz. Bunun kimi hallar nəzəriyyədə “mütləq qiymətləndirmə qadağası” adlandırılır[6].

Bəzi müəlliflərin fikrincə, “mütləq qiymətləndirmə qadağası” aşağıdakı hallar xaricində məhdudlaşdırılmalı, yalnız bu hallara yol verməklə əldə edilən dəlillər qəbuledilən sayılmamalıdır:

- zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi;

- özü və yaxın qohumlarını ifşa etməyə məcbur edilməsi;

- susma hüququnun pozulması;

- şəxsin müdafiəçi ilə təmin olunma hüququnun olmasının izah edilməməsi;

- şəxsi toxunulmazlıq hüququnun pozulması.

Qanunvericilikdə qiymətləndirməsinin edilib-edilməyəcəyi­nin açıq şəkildə müəyyən olunmadığı hüquqazidd dəlillərin  mövcudluğu zamanı bəzən pozulmuş normanın qoruduğu dəyər­lər ilə obyektiv həqiqəti aşkar etmək vəzifəsi arasında toqquşma baş verir. Məhkəmənin konkret hadisəyə görə qiymətləndirmə etməsi və bu qiymətləndirmə nəticəsində əldə olunan dəlillə bağlı yaranan qadağaya da nisbi qiymətləndirmə qadağası deyilir.

Müqayisə üçün qeyd edək ki, anqlo-sakson hüquq sistemində “mütləq qiymətləndirmə qadağası” əsas götürülür. Lakin roman-german hüquq sisteminə görə hakim mövqe belədir ki, hüqu­qazidd dəlillərin bir qismi qiymətləndirilə bilməz, amma bəziləri konkret işin xüsusiyyətlərinə görə dəyərləndirilə bilər. Bu sis­temdə təqsirləndirilən şəxsin hüquqlarını qoruma altına almayan qaydalara zidd üsullarla əldə edilən və ya şəxsin hüquqlarını o qədər də pozmayan dəlillərdən istifadə oluna bilər.

İndi isə, Avropa Məhkəməsinin qərarları müstəvisində hüquqazidd dəlillərdən istifadə olunması qadağası ilə bağlı bəzi düşüncələrimizi aşağıdakı başlıqlar altında dilə gətirək:

1. Ümumi baxış

Təqsirsizlik prezumpsiyası “təqsirin qanuni yolla sübut olun­ması”nı ehtiva edir. Əslində Avropa Konvensiyasının 6.2-ci maddəsində təsbit olunan “təqsiri qanun əsasında sübut edilənədək” ifadəsi dövlətlərin milli qanunvericiliyinə işarə edən göndərici xarak­terli müddəadır. Belə ki, təqsirin sübut olunması ölkənin maddi və prosessual qanunvericiliyinə uyğun olmalıdır. Hüquqa uyğun olmayan dəlillərlə təqsirin sübutu qanuni hesab edilmir.

“Təqsirin qanun əsasında sübut edilməsi” şərti cəza ədalət sistemindəki ən ciddi məsələlərdən biri olan dövlət orqanlarının sübutları saxtalaşdırması və onlardan istifadə etməsi təhlükəsinə qarşı bir qarant rolunu oynayır. Bu cür hadisələrə keçmiş Sovetlər Birliyində və kommunist dövlətlərində rast gəlinmişdir. Belə ha­disələrin hər bir ölkədə baş verməsi mümkündür. Buna təqsirlən­dirmək məqsədilə şəxsin cibinə, avtomobilinə və evinə gizli şəkil­də narkotik vasitənin yerləşdirilməsi və şəxs əleyhinə yalan şahid­liklər edilməsi yolu ilə onun barəsində cinayət işinin başlanmasını misal göstərə bilərik.

Hüquqa uyğun dəlillərlə sübutun mümkünlüyü şərti sadəcə istintaq və məhkəmə orqanlarına qarşı deyil, eyni zamanda səlahiyyətli şəxslərdən başqa digər insanların uydurduqları dəlil­lərə qarşı da müdafiə olunmağı nəzərdə tutur.

Konvensiyanın 6.2-ci maddəsində əks olunan “təqsiri qanun əsasında sübut edilənədək” şərti son dərəcə mühüm bir qadağanı ehtiva edir: qanuni olmayan dəlillərdən şəxsin təqsirinin sübut edilməsi zamanı istifadə olunmasının yolverilməzliyi.

Buradan çıxan nəticə odur ki, Konvensiyanın mətnindəki “qanun əsasında sübut edilənədək” şərti dəlillərin hüquqauyğun şəkildə əldə edilməsi kimi başa düşülməlidir.

Məsələyə bu prizmadan yanaşsaq, o zaman dəlil əldə etmə və dəlil kimi istifadə olunma qadağaları təqsirsizlik prezumpsiyası anlayışı daxilində, başqa sözlə, Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsi müstəvisində araşdırılmalıdır. Halbuki Avropa Məh­kəməsi sübutetmə yükü və dəlillərin qiymətləndirilməsi məsə­ləsini “fair trial” prinsipinə görə Konvensiyanın 6-cı maddəsinin birinci hissəsinin elementi kimi qəbul edir[7].

Ümumilikdə isə Konvensiyanın 6-cı maddəsində hüquqazidd olaraq toplanmış dəlillərdən şəxsin təqsirləndirilməsində istifadə olunması qadağası ilə bağlı xüsusi bir müddəa yoxdur.

Məhkəmə “qanun əsasında sübut” məsələsini Konvensiyanı ratifikasiya etmiş dövlətlərin milli qanunvericiliyinin öhdəsinə buraxır və o, sadəcə bundan sui-istifadə edilib-edilmədiyini yox­layır.

“Schenk İsveçrəyə qarşı” iş üzrə 24 iyun 1988-ci il tarixli qərarda[8] qeyd edilir ki, milli hüquqda ədalət mühakiməsi həyata keçirilərkən hüquqa uyğun olmayan şəkildə toplanan dəlillərdən istifadə olunmasına yol verən müddəalar özü-özlüyündə məhkə­mə araşdırması hüququna zidd hesab edilmir.

Ümumiyyətlə, Avropa Məhkəməsi hüquqazidd şəkildə topla­nan dəlillərə hökm verilərkən istinad olunmaması prinsipini qəbul etməkdə birmənalı mövqe nümayiş etdirmir[9]. Bunun səbəbləri sırasında birincisi, sözügedən məsələyə dair “ortaq bir Avropa yanaşma tərzi”nin olmamasını; ikincisi isə Konvensi­yada dəlillərə, xüsusilə də dəlillərin qəbuledilən olmasına dair xüsusi qaydaların olmamasını göstərmək olar[10]. Lakin hesab edirik ki, Məhkəmə qanunazidd şəkildə əldə edilmiş dəlillər haqqında ən azı təqsirləndirilən şəxsin konstitusion hüquqlarını pozması mövqeyindən çıxış edərək bunun yolverilməz olmasını müəyyən edə bilərdi. Yuxarıda da qeyd olunduğu kimi sözügedən məsələ Avropa Məhkəməsi tərəfindən ölkədaxili hüquqla həll olunan məsələ sayılır.

Ədalət mühakiməsinə bütöv kimi baxıldıqda şəxsin təqsirinin sübut olunması zamanı hüquqazidd dəlillərdən istifadə olunması ədalətli məhkəmə araşdırması hüququna xələl gətirməyə bilir. Belə ki, Avropa Məhkəməsi dəlilin əldə edilmə forması və məh­kəməyə qədərki mərhələdə oynadığı rolu sonradan bütövlüklə ədalət mühakiməsini hüquqazidd hala salıb-salmaması baxımın­dan araşdırmaqdadır. Bütövlüklə ədalət mühakiməsinin obyek­tivliyini şübhə altına almırsa (yəni şəxsin təqsiri hüquqazidd ola­raq toplanmış bir dəlillə deyil, hüquqauyğun olaraq əldə edilən bir sıra digər dəlillərlə də sübut olunursa), konkret bir dəlilə münasibətdə onun hüquqazidd olaraq əldə edilməsi işin mahiy­yətinə xələl gətirmir. Fikrimizə aydınlıq gətirək. Məsələn, əgər şəxsi həyatın gizliliyini pozaraq əldə edilməsi iddia edilən bir dəlil vardırsa və məhkum etmə halı sadəcə bu dəlilə əsaslan­mırsa, yəni məhkumluq həmin dəlillə yanaşı, qanuni yolla əldə edilmiş digər dəllillərə də söykənirsə və ərizəçi tərəfindən hüqu­qa zidd dəlilin etibarlılığına etiraz olunursa, sözügedən məsələ bütövlüklə ədalət mühakiməsinə kölgə salmadığına görə hüquq pozuntusu hesab edilmir.

Hüquqazidd dəlillərdən istifadə olunmağın qiymətləndirilmə­si məsələsindən söhbət açmışkən işgəncə qadağası ilə bağlı bir məsələni də diqqətə çatdırmaq yerinə düşərdi. Belə ki, işgəncə qadağası əksər beynəlxalq məhkəmə kimi Avropa Məhkəməsi tərəfindən də jus cogens (üstün hüquq) norması kimi qəbul edilir. Bu qadağaya dair heç bir istisna hal müəyyən edilə bilməz[11].

Konvensiyanın 3-cü maddəsində işgəncə ilə əldə edilmiş dəlillər və alınmış ifadələrin hökm verilərkən qiymətləndirilib-qiymətləndirilməməsi məsələsini tənzimləyən müddəa yoxdur.

İşgəncəni, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cə­zaya məruz qalmağı qadağan edən Konvensiyanın 3-cü maddə­sini pozaraq toplanmış dəlillərə istinad olunması özü-özlüyündə Konvensiyanın 6-cı maddəsini də pozmuş olur.

İndi isə aşağıdakı kateqoriyalı hüquqların pozulması müstəvi­sində dəlillərin hüquqazidd olaraq qəbul edilməsi və onlardan istifadə olunmasının hüquqi nəticələrinə nəzər salaq.

2. Pozulmuş hüquqların növünə görə hüquqazidd dəlillər barədə

A. Şəxsi həyatın toxunulmazlığının pozulması nəticəsində əldə edilən dəlillərə dair.

Avropa Məhkəməsi şəxsi həyatın toxunulmazlığını təmin etmək üçün ona qeyri-qanuni müdaxilə etmə yolu ilə əldə edilən dəlillərdən ədalət mühakiməsi zamanı istifadə olunmasını po­zuntu halı hesab edir.

Bu isə özlüyündə iki önəmli məsələyə təsir edir. Belə ki, hüquqazidd dəlildən istifadə olunmaması, “necə olsa dəlil istifa­də olunmayacaq” düşüncəsi ilə bir tərəfdən şəxsi həyatın toxu­nulmazlığına müdaxilə meylini minimuma endirir, digər tərəf­dən Konvensiyanın 6.2-ci maddəsindəki “qanun əsasında sübut” toplanılmasının təmin edilməsinə və son nəticədə ədalətli araşdır­maya və fərdlərin təqsirsizlik prezumpsiyasından yararlanmasına gətirib çıxarır.

Avropa Məhkəməsi “Schenk İsveçrəyə qarşı” iş üzrə 24 iyun 1988-ci il tarixli, eləcə də “Salabiaku Fransaya qarşı” iş üzrə 26 sentyabr 1988-ci il tarixli qərarlarında şəxsi həyatın toxunulmazlı­ğının pozulması nəticəsində əldə edilən dəlillərdən istifadə olu­nub-olunmayacağı sualına konkret bir cavab verməməklə yanaşı, Konvensiyanın 6-cı maddəsinin ədalətli məhkəmə araşdırmasına təminat verdiyini, lakin Konvensiyada qoruma altına alınan hü­quq və azadlıqların tapdalanmaması şərti ilə bir dəlilin hüquqi ba­xımdan keçərliliyi məsələsinə dair müddəanın olmadığını vurğu­lamışdır. Bunun milli qanunvericilik müstəvisində dövlətdaxili or­qanların səlahiyyətinə aid bir məsələ olduğunu qeyd edən Məhkə­mə ədalətli məhkəmə araşdırması hüququnun birbaşa pozuntusu ol­madığı müddət ərzində hüquqazidd olaraq əldə edilən bir dəlilin mühakimə zamanı hüquqi dəyərinə, yəni təqsirin sübutunda keçər­liliyi məsələsinə mücərrəd və prinsip kimi qəbul ediləcək ümumi bir qayda müəyyən etməyin mümkün olmadığını ifadə etmişdir.

“Schenk İsveçrəyə qarşı” işdə səlahiyyətli hakimin icazəsi olmadan gizli şəkildə hüquqazidd olaraq yazılan adam öldürməyə cəhd hadisəsi ilə bağlı bir telefon danışığı mübahisə predmeti olmuşdur. Milli məhkəmə başqa telefon danışıqlarını da diqqətə alaraq Schenkə 10 il azadlıqdan məhrumetmə cəzası təyin et­mişdi. Avropa Məhkəməsinə müraciətində ərizəçi Konvensiyanın 6.1-ci maddəsinin pozulduğunu iddia etmişdir. Məhkəməyə görə ərizəçi telefon danışıqlarının yazılması barədə məlumatlandırıl­mışdı və bunun həqiqiliyinə etiraz etmə imkanı var idi. Bundan başqa, milli məhkəmə təqsirin sübutu zamanı sadəcə səs yazma­sına istinad etməmiş, şahid ifadələrini də qiymətləndirərək qərar vermişdir. Buna görə də Məhkəmə sözügedən işdə pozuntu halı aşkar etməmişdir.

Avropa Məhkəməsinin “Khan Birləşmiş Krallığa qarşı” iş üzrə 12 may 2000-ci il tarixli qərarından[12] görünür ki, ərizəçi Khan eroin qaçaqmalçılığında iştirak etməyə görə məhkum edil­mişdir. Məhkumluğunun səbəbi isə onun narkotik vasitənin qa­çaqmalçılığında iştirakından bəhs edən bir audio yazı olmuşdur. İşdə tək dəlil kimi həmin audio yazıdan istifadə edilmişdir. Ca­vablandırılması tələb olunan sual ingilis hüququnda audio yazının yazılması ilə bağlı konkret bir müddəaya yer verilməməsinə bax­mayaraq, bu dəlilin istintaq zamanı istifadə edilib-edilməməsi ol­muşdur. “Schenk İsveçrəyə qarşı” və “Teixeria de Castro Portu­qaliyaya qarşı” işlərə də istinad olunaraq bildirilmişdir ki, hüqu­qazidd yollara baş vuraraq toplanmış dəlillərin təqsirin sübutunda qəbul edilib-edilməyəcəyi məsələsinin müəyyən olunması Avropa Məhkəməsinin səlahiyyəti daxilində deyil. Məhkəməyə görə ca­vablandırılması zəruri olan sual dəlil əldə etmə üsulunu da ehtiva edən məhkəmə araşdırmasının bir bütün olaraq ədalətli olub-ol­mamasıdır. Bu, eyni zamanda Konvensiyada nəzərdə tutulan baş­qa bir hüquq pozuntusunun araşdırılması zərurəti ilə də bağlıdır. Təsadüfi deyil ki, sözügedən işdə Məhkəmə Konvensiyanın  şəxsi həyata və ailə həyatına hörmət hüququnu nəzərdə tutan 8-ci maddəsinin pozulduğuna, lakin 6-cı maddənin pozulmadığına qərar vermişdir. Məhkəməyə görə həmin işdə ərizəçiyə dəlil kimi istifadə olunan audio yazının həqiqiliyinə və həmin səs yazısının istifadə olunmasına qarşı müdafiə olunmaq imkanı verilmiş, ancaq ərizəçi sadəcə audio yazıdan istifadə olunmama­sında israrlı olmuşdur. Məhkəmə vurğulamışdır ki, gizli audio yazıdan istifadə Konvensiyanın 6.1-ci maddəsindəki ədalətli məhkəmə araşdırması hüququ ilə ziddiyyət yaratmır.

Qeyd edək ki, həmin qərarda həmçinin Birləşmiş Krallığın şikayətləri araşdırma sisteminin səlahiyyətdən sui-istifadə edil­məsinə qarşı qoruma mexanizmi nəzərdə tutmadığına görə Kon­vensiyanın 13-cü maddəsinin də (səmərəli hüquqi müdafiə vasi­tələri hüququ) pozulması qənaətinə gəlinmişdir.

B. İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qoyma nəticəsində əldə edilən dəlillərə dair.

Yuxarıda bəhs etdiyimiz kimi Konvensiyada işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qoymaqla əldə edil­miş dəlillərdən istifadə olunub-olunmayacağı məsələsini tənzim­ləyən müddəa yoxdur.

Bununla birlikdə, Avropa Məhkəməsi bu yolla əldə olunan dəlillərdən istifadə olunmasını qəbul etmir və bunu Konvensi­yanın 6-cı maddəsinin pozulması kimi qiymətləndirir.

Məhkəmə həmçinin dəlilin bu yolla əldə edilib-edilmədiyini müəyyən etmək üçün dövlətdaxili hüquqda yetərli və obyektiv bir istintaqın aparılmış olmasını əhəmiyyətli hesab edir.

Avropa Məhkəməsinin sözügedən məsələ ilə bağlı mövqeyi  aşağıdakı kimidir: Birincisi, dəlillər işgəncə və pis rəftara məruz qoymaqla qadağan olunmuş dindirmə metodlarını tətbiq edərək əldə edilmişdirsə, bununla bağlı qiymətləndirmə Konvensiyanın 6.2-ci maddəsi əsasında araşdırılır. İkincisi, əgər dəlillər qadağan olunmuş dindirmə metodlarından başqa hüquqa uyğun olmayan şəkildə, eləcə də dəlil qadağalarına zidd olaraq əldə edilmişdir­sə, o zaman Məhkəmə bəzi meyarları diqqətə alaraq Konvensi­yanın 6.1-ci maddəsində əks olunan ədalətli məhkəmə araşdır­ması hüququnun pozulub-pozulmadığını araşdırır.

 

İstifadə olunmuş normativ-hüquqi aktların, hüquqi ədəbiyyatın və

internet resurslarının siyahısı:

 

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommentariyası. Bakı, Digesta, 2007.

2. B.Öztürk. “Tasarıda ve CMUK`da Delil Yasakları”. Ceza Hukuku Reformu Sempozyumu, Umut Vakfı Yayınları, İstanbul, 2001.

3. F.Yenisey. “İsbat Hukuku ve “Fair Trial” ilkesi”. in: Ceza Mühakimesinde “Fair Trial” ilkesi. İstanbul Barosu Yayınları, İstanbul, 1999.

4. F-C.Schroeder. “Ceza Muhakimesinde “Fair trial” İlkesi”, İstanbul Barosu Yayınları, İstanbul, 1999, (1-116), s. 40; V.Ö.Özbek. “Adil Yargılanma Hakkı-Özel Hayatın Gizliliği İlkesi Arama ve Delil Elde Etme”. Nergiz Yayınları, İstanbul, 2004.

5. H.H.Kühne., S.Nash. “Devletin Hazırlık Soruşturması Faaliyyeti ve Adil Yargılanma (AİHM Kararı Değerlendirmesi)”. Çev. Yener Ünver, İstanbul, 2004.

6. İ.Malkoç. Özet Açıklamalı ve Notlu Türk Ceza Kanunu Ceza Mühakimeleri Üsulü Kanunu ve Başlıca Ceza ve Usul Yasaları. Türkan Kitabevi, Ankara, 2001.

7. O.Doğru. İnsan Hakları Avrupa Sözleşmesi Hukukunda İşkence ve Kötü Muamele Yasağı. Legal Yayıncılık, İstanbul, 2006, s. 2.

8. Y.Şahinkaya. İnsan Hakları Avrupa Mahkemesi Kararlarında ve Türk Hukukunda Suçsuzluk Karinesi. Ankara, Seçkin, 2008.

9.http://hudoc.echr.coe.int/sites/eng/Pages/search.aspx#{“fulltext”:[“Schenk”],”documentcollectionid2”:[“GRANDCHAMBER”,”CHAMBER”],”itemid”:[“001-57572”]}

10.http://hudoc.echr.coe.int/sites/eng/Pages/search.aspx#{“fulltext”:[“Khan”],”documentcollectionid2”:[“GRANDCHAMBER”,”CHAMBER”],”itemid”:[“001-58841”]}


 



[1] Bu hallara aşağıdakıları aid etmək olar: a) istintaq və ya digər prosessual hərəkətlərin buna səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilməsi; b) sözügedən hərəkətlərin qanuni əsasları olmadan həyata keçirilməsi; c) yalnız məhkəmə qərarı əsasında həyata keçirilməli olan istintaq hərəkətlərinin belə qərar olmadan həyata keçirilməsi; d) istintaq hərəkətinin keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan həmin hərəkətin həyata keçirilməsi (məsələn, axtarışın bir hal şahidinin iştirakı ilə keçirilməsi və s.); e) təxirəsalınmaz hallar istisna olmaqla, təqsirləndirilən şəxsin gecə vaxtı dindirilməsi (AR CPM-in 233.2-ci maddəsi), əks cinsdən olan şəxsin soyundurulması zərurəti yarandığı halda müstəntiqin şəxsi müayi­nə istintaq hərəkətinin aparılmasında iştirakına (AR CPM-in 238.5-ci mad­dəsi) yol verilməməsi və s.

[2] Məlumatların, sənədlərin və əşyaların müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alınması dedikdə, tətbiqi qadağan edilən, məhdudlaşdırı­lan, yaxud tətbiqi şəxsiyyətin həyatı və sağlamlığı üçün real təhlükə yaradan və s. əlamətlərlə xarakterizə olunan üsullardan istifadə etməklə sübut mate­riallarının əldə edilməsi başa düşülməlidir. Müasir elmi baxışlara zidd üsullar daha çox müxtəlif ekspertizaların, habelə istintaq eksperimentinin və s. istin­taq hərəkətlərinin həyata keçirilməsi zamanı tətbiq edilə bilər. Belə üsulların tətbiqi nəticəsində əldə edilən materiallar sübut qismində qəbul edilə bilməz. Bax: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommenta­riyası. Bakı, Digesta, 2007, s. 351.

[3] İ.Malkoç. Özet Açıklamalı ve Notlu Türk Ceza Kanunu Ceza Mühakime­leri Üsulü Kanunu ve Başlıca Ceza ve Usul Yasaları. Türkan Kitabevi, Ankara, 2001.

[4] Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin Kommenta­ri­yası. Bakı, Digesta, 2007, s. 350.

[5] Y.Şahinkaya. İnsan Hakları Avrupa Mahkemesi Kararlarında ve Türk Hukukunda Suçsuzluk Karinesi. Ankara, Seçkin, 2008, s. 173.

[6] F.Yenisey. “İsbat Hukuku ve “Fair Trial” ilkesi”. in: Ceza Mühakimesin­de “Fair Trial” ilkesi. İstanbul Barosu Yayınları, İstanbul, 1999, s. 195; B.Öztürk. “Tasarıda ve CMUK`da Delil Yasakları”. Ceza Hukuku Reformu Sempozyumu, Umut Vakfı Yayınları, İstanbul, 2001, s. 225.

[7] F-C.Schroeder. “Ceza Muhakimesinde “Fair trial” İlkesi”, İstanbul Baro­su Yayınları, İstanbul, 1999, (1-116), s. 40; V.Ö.Özbek. “Adil Yargılanma Hakkı-Özel Hayatın Gizliliği İlkesi Arama ve Delil Elde Etme”. Nergiz Yayınları, İstanbul, 2004, s. 205.

[8]http://hudoc.echr.coe.int/sites/eng/Pages/search.aspx#{"fulltext":["Schenk"],"documentcollectionid2":["GRANDCHAMBER","CHAMBER"],"itemid":["001-57572"]}

[9] H.H.Kühne., S.Nash. “Devletin Hazırlık Soruşturması Faaliyyeti ve Adil Yargılanma (AİHM Kararı Değerlendirmesi)”. Çev. Yener Ünver, İstanbul, 2004, s. 83.

[10] Y.Şahinkaya. Göstərilən əsər, s. 92.

[11] O.Doğru. İnsan Hakları Avrupa Sözleşmesi Hukukunda İşkence ve Kötü Muamele Yasağı. Legal Yayıncılık, İstanbul, 2006, s. 2.

[12]http://hudoc.echr.coe.int/sites/eng/Pages/search.aspx#{"fulltext":["Khan"],"documentcollectionid2":["GRANDCHAMBER","CHAMBER"],"itemid":["001-58841"]}