^

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər üzrə 15 iyul 2012-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər üzrə 15 iyul 2012ci il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair

 

 NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN

 

RƏYASƏT HEYƏTİNİN

 

Q Ə R A R I

 

      20 iyul 2012-ci il                                                                                                                                      Naxçıvan şəhəri

 

    Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Ramiz Rəhim oğlu Süleymanovun sədrliyi ilə, Rəyasət Heyətinin üzvləri Yusifəli Süleyman oğlu Qur-banov və Qabil Neymət oğlu Məmmədovdan ibarət tərkibdə, Azər Yusif oğlu Nuriyevin katibliyi,

    Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun, sədr müavini Qədimov Əli Tofiq oğlunun, katibi Eyvazov Elnur Həsənəli oğlunun, üzvlər Kazımov Anar Altay oğlunun, Həsənov Tural Dünyanur oğlu və Bayramova Vahidə Vahid qızının,

    Mütəxəssislər Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Məmmədov Telman Vəli oğlunun, Qurbanov Cavanşir Məmməd oğlunun və Bağırov Hüseyn Fərəməz oğlunun iştirakı ilə

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Rəyasət Heyətinin iclasında konstitusiya icraatı qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 15 iyul 2012-ci il tarixdə keçirilmiş əlavə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsi haqqında işə baxaraq hakim Yusifəli Süleyman oğlu Qurbanovun məruzəsini, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Qasımov Məhərrəm Əli oğlunun çıxışını və mütəxəssislərin arayışını dinləyib müzakirə edərək

 

                                                                    M Ü Ə Y Y Ə N   E T D İ :

 

    Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə, «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 8.1-ci maddəsinə və «20 saylı Yarımca seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilərin təyin edilməsi haqqında» Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin «17» may 2012-ci il tarixli Sərəncamına əsasən 15 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. 

    «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 17 iyul 2012-ci il tarixdə 20 saylı Yarımca seçki dairəsinin və 9 məntəqə seçki komissiyasının 15 iyul 2012-ci il tarixdə tərtib edilmiş seçkilərin nəticələri haqqında protokolları, həmçinin seçkinin ümumi yekunlarının müəyyənləşdirilməsinə dair Mərkəzi Seçki Komissiyasının 17 iyul 2012-ci il tarixli SQ-3/2012 nömrəli qərarı və protokolu təqdim edilmişdir.

    Təqdim edilmiş seçkilərin ümumi yekunları haqqında sənədlərdə 15 iyul 2012-ci il tarixdə 20 saylı Yarımca seçki dairəsi üzrə 9 seçki məntəqəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilmiş əlavə seçkilərin nəticələri öz əksini tapmışdır.

Seçkilərin ümumi yekunları haqqında təqdim edilmiş sənədlərdən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər üzrə 20 saylı Yarımca seçki dairəsi üzrə passiv seçki hüququ olan 3 nəfər Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən deputatlığa namizəd kimi qeydə alınmışdır.

    Səsvermə günü Naxçıvan Muxtar Respublikası üzrə 20 saylı Yarımca seçki dairəsinin 9 seçki məntəqəsində səsvermə keçirilmişdir. 

    Seçki sənədləri yoxlanılarkən müəyyən edilmişdir ki, Naxçıvan Muxtar Respub-likası üzrə Ali Məclisə əlavə seçkilərin keçirilməsi üçün yaradılmış 20 saylı Yarımca seçki dairəsini əhatə edən 9 seçki məntəqəsi üzrə aktiv seçki hüququ olan 6437 seçici ümumi seçici siyahılarına daxil edilmiş, onlardan 4094 nəfəri, yəni 63.6 faizi səsvermədə iştirak etmişdir. Səsvermədə iştirak etmiş seçicilərin 4094 nəfəri bilavasitə seçki məntəqələrində səs vermişlər. Seçki qutularında aşkar edilən bülletenlərdən 4051 seçki bülleteni, yəni 98.9 faizi etibarlı hesab edilmiş, 43 bülleten, yəni 1.1 faizi isə etibarsız hesab edilmişdir.

    Məntəqələr üzrə seçki günü 2343 ədəd istifadə edilməmiş seçki bülletenləri mən-təqə seçki komissiyaları tərəfindən ləğv edilmişdir. Göstərilənlər «Naxçıvan Muxtar Res-publikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 88-89-cu maddələrinin tələblərinə uyğundur.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilərin yekunlarına dair təqdim olunmuş sənədlərin təhlilindən görünür ki, Muxtar Respublikanın ərazisində yaradılmış 9 seçki məntəqəsində 15 iyul 2012-ci il tarixdə seçkilərin keçirilməsi zamanı aşkarlığı təmin etmək məqsədi ilə «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununun 37-41-ci maddələrinin tələblərinə uyğun olaraq namizədin vəkil etdiyi 1 nəfər şəxs, 2 nəfər səlahiyyətli nümayəndə və 18 nəfər müşahidəçi seçkilərin gedişini və səslərin hesablanmasını izləmişlər.

    Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin Ali Məhkəmə tərəfindən tələb edilmiş sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 20 saylı Yarımca seçki dairəsi üzrə keçirilmiş əlavə seçkilərin nəticələri barədə protokolları, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının 16 iyul 2012-ci il tarixli protokolu və onlara əlavə edilmiş sənədlər «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununa uyğundur.

    Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilərin yekunları təsdiq edilməlidir.

    Beləliklə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti göstərilənlərə əsaslanıb Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsini, «Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 93.1-ci və 93.4-cü maddələrini rəhbər tutaraq 

 

                                                                                Q Ə R A R A       A L I R:

 

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 15 iyul 2012-ci il tarixdə keçirilmiş 20 saylı Yarımca seçki dairəsi üzrə əlavə seçkilərin nəticələri təsdiq edilsin.

2. Qərar elan olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Şərq qapısı» qəzetində dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir edilə bilməz.

 

 

 

                                                          Sədrlik edən:           Ramiz Süleymanov