“Şərq qapısı” qəzeti 05.08.2023
Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi də məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci mərhələsindən sonra məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş vermişdir. Azərbaycan məhkəmə sistemi ciddi nailiyyətlər əldə etmişdir.
Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri məhkəmə sistemi sayılır. Hər bir demokratik dövlətdə insan hüquq və azadlıqlarının müdafiəsində təməl rolunu məhz məhkəmələr oynayır. Azad və şəffaf məhkəmə sistemi hər bir dövlətdə demokratik islahatların, hüquqi dövlət quruculuğunun ölçü meyarı sayılır.
Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini bərpa etsə də, SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Bütün bu xüsusatlar cəmiyyətin gələcək inkişafı üçün hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş Sovetlər Birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.
Məhkəmə-hüquq islahatlarının aparılması nəticəsində milli qanunvericiliyimizin təkmilləşdirilməsi məqsədilə dünyanın inkişaf etmiş demokratik ölkələrinin müsbət təcrübəsindən istifadə edərək yeni normativ-hüquqi bazanın yaradılması üzrə ilkin hazırlıq mərhələsi 1995-2003-cü illərə təsadüf etdi.
1995-ci ilin iyul ayında Heydər Əliyevin sədrliyi ilə müstəqilliyə xidmət edəcək, insan hüquq və azadlıqlarının qorunmasını təmin edəcək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi.
“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”, – deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.
Beləliklə, Ulu Öndərin rəhbərliyi altında hazırlanmış 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyətlərin bölünməsi prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının əsasını qoydu. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir.
Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi islahatların aparılmasına zəmin yaratdı. Konstitusiyada demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini tapdı. Bu inkişafın əsas komponentlərindən biri də qərəzsiz, ədalətli, aşkar və səmərəli ədalət mühakiməsinin həyata keçirilməsi məqsədilə məhkəmə-hüquq islahatlarının aparılması oldu. Hüquqi islahatların həyata keçirilməsi məqsədilə respublika Prezidentinin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə hüquqi islahatlar komissiyası yaradıldı, hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 1 dekabr 1998-ci il tarixli Fərmanla dövlət başçısı yanında Məhkəmə-Hüquq Şurası təsis edildi.
Məhkəmə hüquq sistemi islahatının konsepsiyası aşağıdakı əsas məqsəd və vəzifələri müəyyən etmişdir. Hüquqi dövlət çərçivəsində məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinin təmin edilməsi, vətəndaşların məhkəməyə ədalətli araşdırma üçün müraciət etmək hüququnun təmin edilməsi, peşəkar hüquqi yardım almaq imkanı, məhkəmə qərarlarından şikayət vermək hüququnun həyata keçirilməsi və sair.
Bu dövrdə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, islahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və sair məcəllələr qəbul edilmişdir.
Azərbaycanın tarixində ilk olaraq 1998-ci ilin iyul ayında konstitusiya nəzarəti orqanı Konstitusiya Məhkəməsi yaradılmışdır.
“Məhkəmələr və hakimlər haqqında” Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi, hakimlərin siyasətsizləşdirilməsi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddi və sosial təminatlarının nəzərdə tutulması tədbirləri vasitəsilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsiplərini müəyyən etmişdir.
Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır.
Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi tədbirləri çərçivəsində vakant hakim vəzifəsinə namizədlərin seçilməsi prosesini həyata keçirən yeni qurum – Hakimlərin Seçki Komitəsi yaradılmış, ilk dəfə olaraq hakim vəzifəsinə namizədlər üçün ilkin uzun müddətli tədris kursları təşkil edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə aparılan, vətəndaşların hüquq və azadlıqlarının ədalət mühakiməsi yolu ilə qorunması prinsiplərinin inkişafına xidmət göstərən məhkəmə-hüquq islahatları Azərbaycanın bütün regionlarını əhatə etməkdədir.
Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında yerləşən məhkəmələrin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuşdur.
Qanunvericiliyə sonrakı dəyişikliklərlə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi ləğv edilərək onun əvəzinə Bakı, Gəncə, Lənkəran və Şəki Ağır Cinayətlər Məhkəməsi və habelə Yerli İqtisad məhkəmələrinin bazasında İnzibati İqtisadi məhkəmələr yaradılmışdır. Azərbaycan Prezidentinin 2019-cu il 19 iyul tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılmışdır.
2019-cu il 3 aprel tarixdə imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərman bu sahədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə, məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaq olmuşdur. Məhkəmə sisteminin gələcək inkişafının strateji prioritetlərini müəyyən edən bu Fərman həm də müstəsna əhəmiyyətə malik “yol xəritəsi” olmaqla proqram xarakteri daşıyır.
Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə “Elektron Məhkəmə” İnformasiya sisteminin yaradılması qərara alınmış, 1 iyun 2020-ci il tarixli Fərmanla “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilmiş, bununla əlaqədar qanunvericilik bazasına müvafiq dəyişikliklər edilmişdir. Bununla da məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə insanlar məhkəməyə gəlmədən, elektron formada müraciət etmək imkanı əldə etmişlər.
Digər mühüm islahat isə “Mediasiya haqqında” Qanunun qəbul edilməsi, bununla da mülki xarakterli mübahisələrin məhkəmədənkənar həlli mexanizmlərinin yaradılmasıdır. Mübahisələrin məhkəməyəqədər həllinə zəmin yaradan mediator institutunun formalaşdırılması məhkəmə sisteminin iş yükünün azaldılması, məhkəmələrə əlçatanlığın artırılması və bu kimi digər müsbət keyfiyyətlərlə yanaşı, konfliktlər zamanı hüquqların müdafiəsində vasitə seçiminə, yəni dövlət müdafiə vasitələrindən və ya daha adekvat həll yolundan istifadə üçün verilən əlavə təminatdır.
Bütün bu islahatlar ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, bundan sonra da ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə təmin olunmasına, demokratik təsisatların daha da möhkəmlənməsinə səbəb olacaqdır.