07.12.2016 “Şərq qapısı”
Azərbaycanın müasir tarixi ulu öndər Heydər Əliyevin adı, onun xilaskarlıq və quruculuq missiyası ilə sıx bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri Azərbaycanı daim müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən, yeni, demokratik və qüdrətli Azərbaycan dövlətini yaratmaq üçün böyük quruculuq missiyasını həyata keçirən, indiki və gələcək nəsillərə yadigar olaraq Azərbaycanın gələcək inkişafının strateji konsepsiyasını işləyib hazırlayan Heydər Əliyevin dühası və siyasi irsi dövlətimizin müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr vermişdir.
Məlum olduğu kimi, XX əsrin sonlarında Azərbaycan Respublikası müstəqil dövlət olaraq demokratik, hüquqi dövlət quruculuğu yolunu seçdiyini bəyan etsə də, mürəkkəb ictimai-siyasi vəziyyətdə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışı ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bilmiş, ölkənin tarixi ənənələri ilə müasirliyin uğurlu vəhdəti əsasında demokratik dəyərlərə söykənən yeni inkişaf strategiyasının əsası qoyulmuşdur.
Dahi rəhbərin hakimiyyətə qayıdışından sonra 1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, hüquqi islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılmasına yol açmış, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilmişdir. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanın memarı olmaqla gerçəkləşdirmişdir. 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”, – deyən ümummilli lider bununla Konstitusiyanın başlıca hədəflərini müəyyən etmişdir.
Ümummilli liderin müəllifi olduğu yeni Konstitusiya dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açmış, Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan olmuşdur. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini yaratmışdır. Bununla da, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapmışdır.
Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə gənc, müstəqil respublikamızın dövlət suverenliyinin, iqtisadi qüdrətinin möhkəmləndirilməsi, ölkədə vətəndaş cəmiyyətinin qurulması və inkişaf etdirilməsi məqsədilə geniş islahatlar həyata keçirilməyə başlanılmışdır. Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başlamış və bu məqsədlə 1996-cı ildə Hüquqi İslahat Komissiyasını yaratmışdır. Qeyd olunmalıdır ki, müasir hüquqi islahatlara böyük əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürmüş və bu mütərəqqi prosesə şəxsən nəzarət etmişdir. Təsadüfi deyil ki, qısa zamanda beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə cavab verən “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında” və sair qanunlar, Mülki, Mülki prosessual, Cinayət, Cinayət-prosessual, Vergi, Ailə, Əmək və sair məcəllələr hazırlanaraq qəbul edilmişdir. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli liderimiz ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirirdi. Bu baxımdan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin yaradılması prosesinə başlanılmışdır. Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
1998-ci il iyulun 14-dən fəaliyyətə başlayan Konstitusiya Məhkəməsi ölkədə Konstitusiya nəzarətini həyata keçirməklə insan hüquq və azadlıqlarına dair Konstitusiya müddəalarının düzgün başa düşülməsini, həmin konstitusion normaların tətbiqinə mane olan normativ-hüquqi aktların qüvvədən düşməsini və beləliklə, insan hüquq və azadlıqlarının realizə edilməsi üçün şəraitin yaradılmasını təmin etmişdir.
Həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimə icraatı zamanı demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur.
İdarəçilikdə humanizm prinsiplərini daim rəhbər tutan görkəmli dövlət xadimi Heydər Əliyev demokratik və sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından olan qanunun aliliyinin təmin edilməsinə də xüsusi önəm vermiş, bu kontekstdə hakimiyyət bölgüsünü xarakterizə edən islahatların həyata keçirilməsi istiqamətində konkret addımlar atmış, verdiyi fərmanlar və imzaladığı digər hüquqi sənədlərlə mülki cəmiyyətin formalaşmasında mühüm nailiyyətlər əldə olunmasını təmin etmiş, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanla insаn hüquqlаrının təminаtı istiqаmətində həyаtа keçirilən tədbirlərin mаhiyyəti və kоnsepsiyаsı dəqiq müəyyən edilmiş, bu sənədlə insаn hüquqlаrı məsələsi ümumdövlət səviyyəsinə qаldırılmışdır. Bundan başqa, insan hüquqlarının müdafiəsi işində ulu öndərin 1998-ci il iyunun 18-də imzaladığı Sərəncamla təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” da mühüm rol oynamışdır.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində atılmış mühüm addımlardan biri də ölüm cəzasının ləğvi olmuşdur. Belə ki, 1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulmuş, 1995-ci ildə əfvetmə institutu bərpa edilməklə əfv komissiyası yaradılmış, 10 fevral 1998-ci il tarixdə ölüm cəzası tam ləğv edilmişdir. “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”, – deyən ulu öndər Azərbaycan Respublikasının humanist siyasət aparan bir dövlət olduğunu sübut etmişdir.
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar ciddi konsepsiyaya söykənirdi və onun əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanırdı. 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi, ilk dəfə olaraq Ombudsman təsisatının yaradılması, həmçinin “Bələdiyyələrə seçkilər hаqqındа”, “Bələdiyyələrin stаtusu hаqqındа” qаnunlаrın qəbulu və 1999-cu ilin dekаbr аyındа Аzərbаycаn Respublikаsındа ilk bələdiyyə seçkilərinin keçirilməsi ulu öndərin hüquqi dövlət quruculuğunun inkişafında həyata keçirdiyi uğurlu islahatların bariz göstəricisidir.
Xarici siyasət məsələlərinə xüsusi diqqət yetirən xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın 1996-cı ildən Avropa məkanına inteqrasiya prosesi sürətlənmiş, nəticədə, Avropa Şurası Parlament Assambleyasının qərarı ilə respublikamıza 1996-cı il iyunun 28-dən həmin təşkilatda “xüsusi qonaq statusu” ilə təmsil olunmaq imkanı yaradılmış, 2001-ci il yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə dövlətimiz Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunmuşdur. 2001-ci il dekabrın 25-də Azərbaycan Respublikasının Milli Məclisi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etmişdir.
Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam etdirilir. Məhkəmə-hüquq islahatlarının məntiqi davamı kimi ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 19 yanvar 2006-cı il tarixli Fərmanı, eləcə də 6 fevral 2009-cu il tarixli “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” qəbul edilmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə aparılan, vətəndaşların hüquq və azadlıqlarının ədalət mühakiməsi yolu ilə qorunması prinsiplərinin inkişafına xidmət göstərən məhkəmə-hüquq islahatları Azərbaycanın bütün regionlarını əhatə etməkdədir.
Naxçıvan Muxtar Respublikasında bütün məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında yuxarıda qeyd edilən qanunvericilik aktları ilə yanaşı, “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanının müstəsna rolu vardır. Fərmanın qəbulundan sоnra ötən illər ərzində Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muхtar rеspublikada hüquq institutlarının inkişafı, hüquq-mühafizə оrqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblər nəzərə alınmaqla təşkil olunması, eləcə də оnların maddi-tехniki bazasının daha da möhkəmləndirilməsi sahəsində mühüm işlər görülmüş, dövlət orqanlarının, o cümlədən məhkəmə orqanlarının müasir texniki avadanlıqlarla təchiz olunması, habelə onların fəaliyyətində yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində bir sıra zəruri addımlar atılmışdır.
Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu keçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.
Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi olaraq həkk olunmuşdur.
Yusifəli Qurbanov
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi